Mübariz Əhmədoğlu: Rusiya geosiyasi aktivliyinə və spektrinə görə ABŞ-ı üstələyib
ABŞ Rusiyanı ekzistensial təhlükə hesab edir.
1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib:
“ABŞ Rusiyanı ekzistensial təhlükə hesab edir. ABŞ-ın birləşmiş ştablar komitəsinin sədri Cozef Danford senata hazırladığı məruzədə bu fikri bildirdi. Onun fikrincə, ABŞ geniş hərbi imkanlara, yerdə, havada və suyun altında nüvə üçlüyünə malikdir. Kosmos və kibermühitdə imkanlarını da inkişaf etdirir. Şimali Koreya, İran və İŞİD ABŞ üçün regional və qlobal təhlükə mənbəyidir və özlərinin pis niyyətlərini daim nümayiş etdirirlər. Amma bunlardan heç birisi bizim millət üçün ekzistensial təhlükə deyil. Rusiya və Çin ayrı kateqoriyadır. ABŞ müdafiə nazirliyi Rusiya ilə müharibə üçün vəsait hazırlayır”.
“Rusiya qonşularının və Şərqi Avropa ölkələrinin suverenliyinə təhlükə olaraq qalmaqda davam edir və beynəlxalq sərhədləri dəyişməyə cəhdlər göstərir”. Bunu isə ABŞ-ın vitse-prezidenti C.Pens deyib:
“ABŞ BMT-nin islahatlarına dair həsr olunmuş konfransa V.Putini dəvət etmədi.
D.Trampın RF-i KXDR və İranla bir eyni sanksiya siyahısına daxil etməsi və sonradan KXDR-ə qarşı sanksiyada RF-dən kömək istəməsi mənasızdır.
ABŞ Dövlət Departamenti RF-in diplomatik nümayəndəliklərində axtarışın beynəlxalq hüquq normalarına uyğun keçirildiyini bildirdi. ABŞ Rusiyanın xeyli diplomatik mülkünü əlindən aldı. RF bunu xuliqanlıq və reyder hücumu kimi qiymətləndirdi”.
Politoloq ümumiyyətlə, Rusiyanın geosiyasi aktivliyinə və spektrinə görə ABŞ-ı üstələdiyini vurğulayıb.
ABŞ son dövrdə formalaşmış coğrafiya və gündəlikdən çıxa bilmədiyini deyən M.Əhmədoğlunun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikasının nüvə-raket proqramı ABŞ üçün kifayət qədər ciddi təhlükə olsa da ABŞ bu məsələdə ritorik üç tezisdən kənara çıxa bilməyib:
“KXDR-in ABŞ-a qalib gəlməsi ağıla gələn deyil. Amma KXDR ABŞ-ın ərazisinə raket zərbəsi endirmək imkanındadır. ABŞ KXDR-i yer üzündən silə bilər, amma bu da ABŞ üçün ciddi nöqsandır. İranla da bağlı ABŞ-ın fikirləri bəlli arealdan kənara çıxmır. ABŞ İranın nüvə öhdəliklərini yerinə yetirmədiyini iddia edir. D.Tramp nüvə müqaviləsinin ABŞ üçün rüsvayçılıq adlandırdı. Aİ və AEBA isə İranın “Altılıqla” imzaladığı nüvə öhdəliklərini yerinə yetirdiyini dəfələrlə bildiriblər. “Altılıqla” İran arasında nüvə sazişini izləyənlər bilirlər ki, “Altılıqla” İran arasında nüvə danışıqları ilə yanaşı onun çətiri altında ABŞ-la İran arasında gizli danışıqlar da gedirdi. Hətta o danışıqlara görə Kerri Vyanada nəzərdə tutulduğundan artıq qaldı. Əslində İsrail-Fələstin qarşıdurması kəskinləşmişdi. Geniş müharibə hər an başlaya bilərdi. O zamankı ABŞ dövlət katibi C.Kerri münaqişə regionuna səfər etməli idi. Amma C.Zəriflə danışıqlar birinci raundda başa çatmadı, Əlavə iki raunda görə Kerri Vyanada qalmalı oldu. İsrailə ABŞ-ın ağır çəkili diplomatı C.Feltman BMT-nin xüsusi nümayəndəsi adı ilə İrana iki dəfə gizli səfər etdi. O zaman bəlli idi ki,”Altılıqla” nüvə müqaviləsi ilə yanaşı həm də İranla ABŞ arasında digər gizli razılaşma da əldə olunub. Məhz bundan sonra “Altılıq” İranla müqavilə imzaladı”.
ABŞ-la İran arasında gizli razılaşmanın siyasi və iqtisadi komponentlərinin əsas hədəfinin Rusiya olduğunu deyən politoloq bildirib ki, ona görə İran “Altılıqla” müqavilə imzalanan kimi Rusiyadan sərnişin təyyarəsi alınması danışıqlarını dayandırdı:
““Boinq” və “Aerobus”la müqavilə imzaladı. Siyasi razılaşma İranın Rusiyaya qarşı təzyiqlərini artırmaqdan ibarət idi. İndi İran Rusiyaya qarşı heç bir siyasi təzyiq kampaniyası reallaşdırmır. ABŞ “İran öhdəliklərə əməl etmir” dedikdə, görünür bunu nəzərdə tutur. Nəticədə İran Suriyada üstünlüyü ələ alıb. Cənubi Qafqazda iştirakını artırır. Ermənistan və Gürcüstan timsalında İranın yumşaq təzyiqinin artığını görmək olur. İrandakı ermənilər açıq şəkildə bildirirlər ki, Rusiyanın Ermənistandakı monopol mövqeyi İranın maraqlarına ziddir. Amma İran son vaxtlar Rusiya istiqamətindəki siyasətinə vacib nüans əlavə etdi. “Teleqram” sosial şəbəkəsinin rəhbəri, rusiyalı L.Durova qarşı cinayət işi açdı. Guya “Teleqram” İŞİD terrorçularına şərait yaradır. Eyni ilə bu qaydada dünyaca məşhur sosial şəbəkələri, hətta interneti ittiham etmək olar. Amma İran yalnız Rusiyanın sosial şəbəkəsini ittiham edir. Bu İranın Rusiyaya qarşı iş aparmağa hazır olduğunun mesajıdır”.
Suriyada İŞİD-i məğlubiyyətə uğradan ölkənin Rusiya olduğunu deyən M.Əhmədoğlu rəsmi Moskvanın bunu hərbi-kosmik qüvvələri vasitəsilə etdiyini bildirib:
“İndi hərbi-kosmik qüvvələrin iştirakına ciddi ehtiyac yoxdur. Terrorçuların təmizlənməsi prosesində əsas ağırlıq yerüstü və ya quru qoşunların üzərindədir. Yerüstü qoşunlarda üstünlük Rusiyada deyil, İrandadır. Bu isə Rusiyanın çəkdiyi bütün əziyyətin itirilməsi anlamına gələ bilər. Plana uyğun şəkildə İran son dövrlərdə “Hizbullah”ı da Suriya ərazisində aktivləşdirib.
Rusiya Suriyada başladığı Yaxın Şərq uğrunda mübarizəni keyfiyyətcə yeni mərhələyə çıxarır. Bu siyasət Rusiyaya Yaxın Şərqdə yeni imic yaradıb. Rusiya ilə düşmən olan Yaxın Şərq dövlətləri də indi Rusiya ilə işləməyə məcburdur. Səudiyyə Ərəbistanın Rusiya ilə əlaqələrə məcbur olması bunun ən bariz nümunəsidir. Qətər, Bəhreyn və Misirin Rusiya ilə əməkdaşlığa marağı getdikcə artır. Liviyadaxili prosesin sabitləşməsində Rusiyanın imkanlarından istifadə etmək istəyir. Liviyanın siyasətçiləri, xüsusilə Liviya silahlı qüvvələrinin rəhbəri, feldmarşal X. Xaftarın Moskvaya səfərləri hədsiz çoxalıb.
Livanın baş naziri Səid Həririnin Rusiyaya gələrək V.Putindən hərbi-texniki əməkdaşlıq mövzusunda yardım istəməsi Rusiyanın Yaxın Şərq siyasətinin maksimuma yaxınlaşdığının və tamamilə yeni keyfiyyət mərhələsində olduğunun göstəricisidir. Livan həm Suriyanın, həm də İsrailin qonşusudur”.
M.Əhmədoğlu Myanmada baş verən hadisələrə də toxunub. Bildirib ki, Hindistan və Çin Myanma hadisələrinə münasibət bildirərək Myanma hökumətinin apardığı siyasəti açıq şəkildə dəstəklədilər:
“RF Myanmada qarşıdurma tərəflərini dialoqa çağırdı. R.Kadırovun və digər müsəlmanların hiper aktivliyi Rusiyada ani müsəlmanlara dəstək mövqeyi yaratdı. Az keçmiş RF mövqeyini dəyişdi. Səudiyyə Ərəbistanı Myanma hökumətini əhalini diskriminasiyadan qorumağa çağırdı. Myanmanın siyasi lideri, dövlət müşaviri və xarici işlər naziri, Nobel mükafatı laureatı Aun San Çji Myanmanın Rakxayn ştatında insan hüquqlarının pozulmasını pislədi”.
Myanma hadisələrinin tarixi kökünün olduğunu deyən politoloq bildirib ki, Myanma müstəmləkəçilikdən azad olduqdan sonra müsəlman əhalisinə qarşı normal davranış qura bilmədi:
“Son dövrlərdə bu məsələ Əfqanıstanın Bamian əyalətində budda məbədinə qarşı radikal dini qruplaşma olan taliblərin etdiyi hücumdan başladığı barədə məlumatlar yayılır. Əgər belədirsə, taliblərin günahı ciddidir. Amma Myanmada müsəlmanlar uzun müddət qeyri-ordinar problem şəratində yaşamasaydı, özlərini dünyanın beşiyi hesab edən Hindistan və Çin bu qeyri ordinarlığa münasibət bildirsəydi, bəlkə də vəziyyət başqa cür inkişaf edərdi. BMT–nin Myanma qırğınlarına münasibəti irili-xırdalı bütün dövlətlər üçün əsas olmalıdır”.
Gülbəddin Hikmətyarın başçılıq etdiyi Əfqanıstanın İslam partiyasının bəyanat yayaraq taliblərin törətdiyi bu hadisəni bir daha yada saldığını deyən M.Əhmədoğlu qeyd edib ki, İslam dininin öncül dövlətləri bu məsələdən öz maraqları üçün kifayət qədər sui-istifadə edirlər:
“Çeçenistan, Türkiyə və İran olmasından asılı olmayaraq hansısa bir müsəlman qrupu taliblərlə ciddi iş aparmaq məqsədi ilə Əfqanıstana göndərilməlidir. İslam dini buddizmi müdafiə etməyə qətiyyən icazə vermir. Amma İslam dini müsəlmanlara fəlakət gətirən istənilən qrupa qarşı vuruşmağı vacib hesab edir. Taliblərin buddanın məbədinin dağıtmasına müsəlmanın fəaliyyətinə problem yaradan hadisə kimi yanaşmaq olar. Biz müsəlmanlar özümüzü sonuncu dinin təmsilçiləri hesab edərək, özümüzü hamıdan ağıllı bilirik. Ağıllıyıqsa, ilk addımı da biz atmalıyıq. Əks-təqdirdə Myanmada başlayanlar Çin və Hindistanda da davam edə bilər. Hindistanda bunun əlamətləri başlayıb: Kəşmirdə hökumət müsəlmanlara məhərrəmlik mərasimlərini keçirməyə imkan vermədi”.
Babək Cahandarov