Bakıda MDB üzv dövlətlərinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının VII Regional ekspert müşavirəsi keçirilir – FOTO
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin dəstəyi və MDB iştirakçı dövlətlərin Terror Əleyhinə Mərkəzinin (MDB TƏM) təşkilatçılığı ilə oktyabrın 5-də Bakıda MDB üzv dövlətlərinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanları bölmələrinin VII Regional ekspert müşavirəsi və Terror Əleyhinə Mərkəzin elmi-məşvərət şurasının (EMŞ) geniş plenar iclası işə başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbirdə Birlik ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının, həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Sərhəd Xidməti, Maliyyə Bazarlarına Nəzarət Palatasının monitorinq xidmətinin nümayəndə heyətləri, MDB-nin nizamnamə orqanları və sahələrarası əməkdaşlıq strukturlarının (İcraiyyə Komitəsinin, Sərhəd Xidməti Rəisləri Şurasının Koordinasiya Xidmətinin, MDB üzv dövlətlərinin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlərlə mübarizənin koordinasiyası üzrə Büronun, Baş Prokurorların Koordinasiya Şurasının, Maliyyə Kəşfiyyatı Bölmələri Rəhbərləri Şurasının, Penitensiar Xidmət Rəhbərləri Şurasının), eyni zamanda, ictimai və elmi dairələrin nüfuzlu təmsilçiləri iştirak edirlər.
Ekspert müşavirəsində və EMŞ-nin iclasında iştirak etmək üçün ilk dəfə BMT Təhlükəsizlik Şurasının İŞİD, “Əl-Qaida” və Taliban üzrə Monitorinq qrupunun nümayəndələri dəvət olunublar.
Keçirilən məsləhətləşmələrin məqsədi MDB dövlətlərinin müvafiq orqanlarının əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi və MDB-də terrorizmə və ekstremizmə qarşı səmərəli texnologiyaların formalaşdırılması məsələlərini müzakirə etməkdir.
Elmi-məşvərət şurasının və VII Regional ekspert müşavirəsinin birgə plenar iclasında MDB üzv dövlətlərinin vətəndaşları sırasından tərəfdaşların cəlb edilməsi məqsədilə beynəlxalq terror təşkilatlarının tətbiq etdiyi distant təsir texnologiyaları, beynəlxalq terror təşkilatlarının Birlik məkanında distant rejimdə cəlbetmə fəaliyyətinin regional xüsusiyyətləri, cəlbetmə baxımından daha zəif vətəndaş kateqoriyasının sosial-psixoloji səciyyəsi, beynəlxalq terror təşkilatlarının distant təsirinə qarşı əks tədbirlərin təşkili zamanı MDB üzv dövlətlərinin müvafiq orqanlarının əməkdaşlığının əsas istiqamətləri, forma və metodları, vətəndaşların beynəlxalq terror təşkilatlarının fəaliyyətinə cəlb edilməsinə qarşı Birlik ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının əks-təbliğat işi müzakirə olunur.
Ekspertlərin rəyinə görə, MDB ölkələri üçün terror təhlükəsi əvvəlki kimi yüksək olaraq qalır. Bunlardan ən narahatedici məqam beynəlxalq terror təşkilatlarının emissarları tərəfindən Birlik ölkələri vətəndaşlarının aktiv cəlbetmə fəaliyyətidir. Bu gün internet məkanından MDB dövlətləri vətəndaşlarının həm terrorçuluqda iştirakına çağırış, həm də etiraz fəaliyyətinə cəlb edilməsi üçün istifadə olunur və onların radikallaşması və müxtəlif xarakterli tapşırıqların yerinə yetirilməsi işində istifadə edilir. Belə ki, hazırkı araşdırmalara görə, 2014-cü ildən 2017-ci ilədək internet şəbəkəsində ekstremist məzmunlu materialların sayı altı dəfədən çox artıb.
MDB-nin Antiterror Mərkəzinin apardığı təhlillər göstərir ki, Birlik ölkələrində girişi qadağa qoyulan internet resurslarının 90 faizdən çoxu MDB hüdudlarından kənarda idarə olunur. Sosial şəbəkələrdən və müxtəlif mobil platformalardan beynəlxalq terror təşkilatları tərəfindən münaqişələrin qızışdırılması və təhrikçilik üçün istifadə edilir. Bundan başqa, idarə edilən etirazçılar qrupu küçələrə çıxarılır, qeyri-qanuni hərəkətlərə, hüquq mühafizə orqanları ilə toqquşmalara təhrik edilir.
Ekspertlər qeyd edirlər ki, yeniyetmələr və gənclər arasında yeni növ cəlbetmə və şifrələnmiş mobil əlavələr və mesencerlərlə idarə olunan sosial şəbəkələr vasitəsilə radikal qrupların yaradılması prosesi gedir. Mütəxəssislərin qiymətləndirməsinə görə, hazırda distant cəlbetmə fəaliyyəti texnologiyalarından istifadə fərdiləşdirilmiş terrorizmin inkişafına şərait yaradan əsas amildir.
S.Xankişiyeva