Əli Həsənov: Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının mühüm elementidir
Milli dövlətçiliyin yaranmasında və inkişafında dil mühüm tarixi rol oynayır. Çünki dil xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir.
Ona görə də dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir.
1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənov “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransda deyib.
Əli Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.
“Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Əvvəla, ona görə ki, Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın əsas ünsiyyət vasitəsi və onların mənəvi doğmalığının əsasıdır. Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar.
İkincisi, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik olan müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial fenomendir. Başqa sözlə, dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni, azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir”.
Babək Cahandarov