Lukaşenko: Bizim Azərbaycana qarşı heç bir iddiamız yoxdur
Belarus və Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı davam etdirirlər.
1news.az Belta.ru-ya istinadənxəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə deyib.
Prezident bildirib ki, iki ölkənin əməkdaşlığının hansı xarakter daşıması barədə kiməsə hesabat verməli deyil:“Lakin onu vurğulamaq istəyirəm ki, münasibətlərimiz heç bir beynəlxalq müqaviləni, BMT TŞ-nin hər hansı bir qətnaməsini pozmur. Biz suveren, müstəqil ölkələrik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik dövlətlərimizin istəyinə uyğun əməkdaşlıq sahələrini müəyyən etmək hüququna malikik.
Minskin ümumiyyətlə, Azərbaycanla bağlı heç bir iddiası yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq. Mən çox yaxşı xatırlayıram ki, Belarus xalqının çətin günlərində Azərbaycan Prezidenti öz çiynini irəli verib. Biz hamımız bunları yaxşı xatırlayırıq və əgər Azərbaycan üçün nəsə edə biləriksə, biz bunu etməyə hazırıq”.
Lukaşenko əlavə edib ki, Azərbaycanın özünü sakit, təhlükəsiz və etibarlı hiss etməsi üçün müdafiə tədbirləri gücləndirilməlidir: “Biz bu baxımdan sizinlə işləyirik və bu istiqamətdə işləməkdə davam edəcəyik”.
Belarusun dövlət başçısı Azərbaycan Prezidenti ilə dostluq münasibətlərinə toxunub və tez bir zamanda görüşə ümid etdiyini bildirib.
P.Sultanova