Elman Abdullayev etimadnaməsini Ruanda prezidentinə təqdim edib
Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev etimadnaməsini Ruanda Respublikasının prezidenti Pol Kaqameyə təqdim edib.
1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Ruanda prezidenti ilə keçirilmiş görüş zamanı səfir E. Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Pol Kaqameyə çatdırıb.
Diplomat Ruanda ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu və Azərbaycanın bu ölkə ilə münasibətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.
Ruanda prezidenti Pol Kaqame öz növbəsində Prezident İlham Əliyevə salamlarının və ehtiramının çatdırılmasını xahiş edərək, Ruandanın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib. Prezident P.Kaqame Azərbaycanın sürətli inkişafının ona yüksək təəssürat bəxş etdiyini vurğulayıb.
Ruanda prezidenti səfir Elman Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.
P.Sultanova