Fransa KİV-i: “Ermənistandan fərqli olaraq Azərbaycan güclü dövlətdir”
Siyasi elmlər üzrə tədqiqatçı fransalı Sebastian Busua (Sébastien Boussois) “Dağlıq Qarabağın işğalı: Azərbaycan hələ də münaqişənin sülh yolu ilə həllini axtarır” başlıqlı məqalə ilə çıxış edib.
1news.az xəbər verir ki, müəllif məqalədə dünyanın heç bir dövlətinin Dağlıq Qarabağın müstəqilliyini tanımadığını yazıb. Qeyd edib ki, Azərbaycan regional inteqrasiya və regionun güclü dövlətləri ilə stabil münasibətlər qurmaq, öz diplomatiyasını qonşu dövlətlərlə uzlaşdırmaqla münaqişənin sülh yolu ilə həllinə çalışır.
Erməni diasporasının təbliğatının uzun müddətdir davam etdiyini vurğulayan müəllif hazırda vəziyyətin Azərbaycanın xeyrinə getdikcə dəyişdiyini qeyd edib. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının məlum qətnamələrinin tələblərini xatırladan tədqiqatçı, erməni silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğunu bildirib. O, münaqişə nəticəsində Azərbaycana 800 milyard manatdan artıq ziyan dəydiyini də yada salıb.
S.Busua Fransa prezidentləri Nikola Sarkozi və Fransua Ollandın Azərbaycana səfərləri və səsləndirdikləri bəyanatları xatırladıb, Bakıdakı Fransız liseyinin açılışında Ollandın səsləndirdiyi kimi iki ölkə arasında tarixi bağların olduğuna diqqəti çəkib.
O, Qarabağın tarixinə ətraflı nəzər salaraq, regionun tarixən Azərbaycana məxsusluğunu göstərir, Ermənistan qoşunları tərəfindən 26 fevral 1992-ci ildə Xocalıda qətliam törədildiyini, 600-dən artıq günahsız insanın öldürüldüyünü qeyd edir. “Atəşkəsdən sonra Ermənistan hələ də o torpaqlardadır, Azərbaycanın işğal altındakı əraziləri isə dağıdılıb, on minlərlə insan öldürülüb, 789 min azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb”.
Müəllif Ermənistanın Dağlıq Qarabağ və ətraf əraziləri işğal edə bilməsinin səbəbləri kimi qonşu dövlətlərin bu məsələdə marağı və dəstəyini qabardır, 90-cı illərin əvvəlləri ilə bu gunu müqayisə edir:
“Bu gün vəziyyət tam fərqlidir, Azərbaycan qüdrətli və varlı ölkəyə çevrilib. Diasporadan başqa heç nəyi olmayan Ermənistandan fərqli olaraq, Azərbaycan güclü dövlətdir, enerji təhlükəsizliyini təmin edib və torpaqlarını hər vasitə ilə azad etməyə hazırdır”.
Məqalə ilə ətraflı bu linkdə tanış olmaq mümkündür:
P.Sultanova