Dövlət Komitəsi: Azərbaycanda 966 milli standart var | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Komitəsi: Azərbaycanda 966 milli standart var

21:26 - 13 / 10 / 2017
Dövlət Komitəsi: Azərbaycanda 966 milli standart var

Azərbaycan Standartlaşdırma İnstitutu yerli istehsal məhsullarının keyfiyyət və  təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizdə qüvvədə olan standartları mütəmadi olaraq təkmilləşdirərək beynəlxalq, Avropa və qabaqcıl ölkələrin norma və standartlarına  uyğunlaşdırır.

Bu barədə 1news.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat veriblər.

Məlumata görə, hazırda Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Texniki Normativ Hüquqi Aktların Dövlət Fondunda 20 mindən çox dövlətlərarası və 966 milli standart mövcuddur. Milli standartların 40%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib. Azərbaycan Respublikasının milli standartları uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemləri, neft və kimya sənayesi, aqrar və qida sənayesi, tikinti materialları, xidmət sənayesi və digər sahələri əhatə edir.

Milli standartlaşdırma sisteminin işində özəl sektorun daha da aktiv iştirakının təmin edilməsi və ölkədə istehsal olunan məhsulların, göstərilən xidmətlərin  rəqabət qabiliyyətinin artırılması məqsədilə Azərbaycanda artıq 13 texniki komitə fəaliyyət göstərir. Bunlar yeyinti və kənd təsərrüfatı məhsulları, informasiya-kommunikasiya texnologiyaları, turizm və yerdəyişmə vasitələrinin xidmətləri, qida məhsulları, metrologiya, akkreditasiya sahəsində standartlaşdırma, ekologiya, tikinti materialları, məmulatları və konstruksiyaları, mebel sənayesi məhsulları, sənaye məhsulları, neft-qaz hasilatı texnologiyası və neft emalı, alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi və yol nəqliyyatının standartlaşdırılması sahələrini əhatə edir. Texniki komitələrin işində dövlət, qeyri-dövlət təşkilatları və özəl şirkətlərin nümayəndələri yaxından iştirak edirlər.

Qeyd edək ki, hazırda Azərbaycan Standartlaşdırma İnstitutu yanında standartlaşdırma və texniki tənzimləmə üzrə Texniki Şuranın yaradılmasına başlanılıb. Standartlaşdırma və texniki tənzimləmə üzrə Texniki Şura Azərbaycan Standartlaşdırma İnstitutu yanında fəaliyyət göstərən, milli standartlaşdırma və texniki tənzimləmə sahəsində fəaliyyətin əsas prioritetlərini müəyyən edən, onların həyata keçirilməsini təşkil və koordinasiya edən məşvərətçi orqandır. Şuranın əsas məqsədi – milli standartlaşdırma sisteminin beynəlxalq və regional standartlaşdırmanın əsaslandığı prinsiplər və yanaşmalar əsasında inkişaf etdirilməsidir.

1news.az

Paylaş:
777

Son xəbərlər

Bütün xəbərlər