Mübariz Əhmədoğlu: Əsil rüsvayçılıq vəd verməkdə “əlaçı” olan Sərkisyanın vədin icrasından iki almasıdır
Prezidentlərin görüş ehtimalı artdıqca Ermənistan prezidenti Serj Sərkisyanın davranışında yeniliklər müşahidə olunur. Məqsəd bəllidir- prezidentlərin görüşünə mümkün qədər imkan verməmək.
1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib.
O deyib ki, Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan Baqramyan 26 adından yaydığı məlumat da buna xidmət edir:
“Yayılan məlumat Vyana və Sankt-Peterburq razılaşmalarını yenidən aktuallaşdırmaq və bununla da Sərkisyanın həmsədrlərin Nyu-York görüşü və regiona son səfərlərindən sonrakı bəyanatlarına etirazını bildirmək mahiyyəti daşıyır. Həmsədrlər bu iki bəyanatda prezidentlərin Vyana və Sankt –Peterburq razılaşmalarına istinad etməmişdilər.
Amma bəyanatın məzmununda bəzi məsələlər var ki, hökmən münasibət bildirilməlidir. İstiqlaliyyət 19 (Azərbaycan Prezident Administrasiyasının ünvanı) münasibət bildirməsi onun özünə aid məsələdir.
Azərbaycanın ekspertləri həmin açıqlamanı kifayət qədər diqqətdə saxlayıblar”.
Politoloq əlavə edib ki, istər Ermənistan-Azərbaycan dövlət sərhədində, istər qoşunların təmas xəttində təxribatların müəllifi həmişə Ermənistan olub. Bu qaydada Ermənistan qoşunların təmas xətti mövzusunu aktuallıqda saxlamaq istəyir; “Qoşunların təmas xətti” anlayışına hansısa bir rəsmi hüquqi mahiyyət qazandırmağa fasiləsiz cəhdlər edir.
Onun sözlərinə görə, dövlət sərhədindəki təxribatlarda məqsəd RF və KTMT-ni Azərbaycanla müharibəyə sürükləməkdir. Son illərdə Ermənistan başladığı təxribatlara çox kəskin cavab alır:
“Sərkisyanın Vyana və Sankt-Peterburq razılaşmalarına yanaşması da kifayət qədər subyektiv və ya qeyri-adidir. Azərbaycan monitorinq cihazlarının yerləşdirilməsinin, Kaspşikin missiyasının genişləndirilməsinin əleyhinə deyil, Bütün Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca istənilən vaxtda istənilən qədər monitorinq cihazları yerləşdirilə bilər. Cihazları işğal altındakı sərhəd regionlarında yerləşdirməklə aparılan monitorinq geosiyasi parametrlərə görə indi daha aktualdır. Prezidentliyi dövründə S.Sərkisyan bir dəfə də olsun dövlət sərhədində monitorinq cihazlarının yerləşdirilməsinə münasibət bildirməyib.
Sərkisyan əgər doğrudan da həm qoşunların təmas xəttində monitorinq qurğularını yerləşdirməsini, həm də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində ciddi hərəkətə nail olmaq istəyirsə, o zaman monitorinq cihazları indiki deyil, yeni təmas xəttində yerləşdirilməlidir.
Rayonların böyük bir qismi qaytarılır. Kəlbəcər və Laçının yarısı daxil olmaqla aralıq mərhələ kimi yeni təmas xətti yaranır, cihazlar yerləşdirilir. Dinc tənzimləmə başlayır.
Sərkisyanın anlamındakı “Vyana və Sankt Peterburq razılaşmaları” status-kvo-ya xidmət edir. ATƏT-in Minsk Qrupu və Azərbaycanın anlamında isə bu razılaşmalar status kvo-nu dəyişir. Ermənistanın prezidentinin elementar savadı olsaydı, bunu başa düşərdi. Etik qaydalara əməl etsəydi, heç vaxt bu məsələni qabartmazdı”.
M.Əhmədoğlu vurğulayıb ki, Azərbaycan və Ermənistanın “rüsvayçılıq” ifadəsinə müxtəlif cür yanaşması bu açıqlamada səslənən ən düzgün fikirdir:
“Amma ünvanı dəyişmək şərti ilə. Bu vaxtadək verdiyi vədləri yerinə yetirməyən yalnız Ermənistan tərəfi olub. Bir neçə fakta biz müraciətlə sıralamamıza davam edə bilərik:
Sərkisyan 2008-ci ildə prezident seçilən kimi kimi may ayında BBS-yə müsahibəsində Azərbaycanın Dağlıq Qarabağa investisiya qoymasına, Azərbaycanın Dağlıq Qarabağ erməniləri ilə iş aparmasına şərait yaradacağına vəd verdi. Baqramyan 26-da kimsə bu vədin yerinə yetirildiyini bilirmi?
2011-ci ildə Kazan görüşü zamanı S.Sərkisyan Azərbaycan Prezidentinin irəli sürdüyü 10 şərti geri çəkməyənədək danışıqlar stolu arxasında oturmayacağını vəd etdi.
Baqramyan 26-da kimsə, bu vədin yerinə yetirildiyini bilirmi?
Sərkisyan 2016-cı ildə məşhur “Bloomberq” informasiya agentliyinə müsahibə verərkən 5 rayonu qaytarmağa hazır olduğunu bildirdi. Sonradan “RİA-Novosti”yə müsahibəsində isə qaytarmaq istədiyi rayonların 7 olduğunu bildirdi. Baqramyan 26-da kimsə bu vədin yerinə yetirildiyini bilirmi?
Ermənistan prezidenti Sərkisyan vaxtilə Ağdamın kimə məxsusluğunu bildirmişdi. Baqramyan 26-da kimsə deyə bilərmi indi S.Sərkisyanın fikrincə, Ağdam kimə məxsusdur?!
2016 cı il “Sasna srer” hadisələrindən sonra Ermənistan prezidenti jurnalistlərin bu hadisələr zamanı döyülməsinə görə üzr istədi və bir daha jurnalistlərin döyülməyəcəyinə vəd verdi.
Baqramyan 26-da dəqiq bilirlər ki, o hadisələrdən sonra neçə jurnalist döyülüb, neçə redaksiya bağlanıb, neçə informasiya agentliyi müxtəlif səbəblərdən fəaliyyətini dayandırıb.
Avropalıların rüşvətlə alınmasına dair ittiham Ermənistanın ümumilikdə Avropa sivilizasiyasına qarşı təhqiridir. Ermənilər Avropada azərbaycanlılardan qat-qat əvvəl yaşayıblar, əvvəl təmas qurublar. Əgər avropalılar satılıb-alınırsa deməli ilk növbədə ermənilər bu avropalıları satın alıblar və özləri də bunu etiraf edirlər; Avropalılara erməni konyakı və digər erməni məhsulları da veriblər, müəyyən səfərlərin təşkilini də maliyyələşdiriblər. Ermənilərin Azərbaycanı şərləməsi, Azərbaycanın timsalında rəqəmləri “iriləşmdirməsi” Avropa məkanında Azərbaycana uduzmaları və məğlubiyyətlərinə öz ictimaiyyətləri qarşısında haqq qazandırmaq cəhdləri ilə bağlıdır.
Vəd verməyi Sərkisyan çox yaxşı bacarır. 9 il prezidentliyi dövründə o çoxlu vədlər verib. Amma bu vədlərdən neçəsinin reallaşdığını hətta Baqramyan 26-da da bilmirlər. S.Sərkisyan özünün rüsvayçılığını digər tərəfin üstünə atmağı istəyir.
Sərkisyan əgər doğrudan da Azərbaycan Prezidenti ilə dialoqun tam tərəfdarıdırsa, mərd Qafqaz kişisidirsə, Azərbaycan-Ermənistan sərhədinin istənilən hissəsində Azərbaycan Prezidenti ilə görüş təşəbbüsü irəli sürə bilər. Digər dövlətlərin, həmsədrlərin iştirakı olmadan oturub dialoq aparıb, məsələnin həll yolunu tapa bilərlər. MərdanəlikSərkisyana və onun mənsub olduğu topluma yad elementdir.
1news.az