Zahid Oruc: Rusiyanın Ermənistana silah satması bölgədə təhlükəsizliyə ciddi zərbə vurur | 1news.az | Xəbərlər
Siyasət

Zahid Oruc: Rusiyanın Ermənistana silah satması bölgədə təhlükəsizliyə ciddi zərbə vurur

17:10 - 16 / 10 / 2017
Zahid Oruc: Rusiyanın Ermənistana silah satması bölgədə təhlükəsizliyə ciddi zərbə vurur

Rusiya işğalçı Ermənistanı silahlandırmaqda davam edir. Bu isə regionda onsuz da yüksək olan gərginliyi bir qədər də artıra bilər. Söhbət 200 milyon dollarlıq müasir silahların alınmasından gedir.

Nəzərinizə çatdıraq ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb.

Ermənistan hökuməti bu il oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.

Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Həmin vəsaitə Ermənistanın “Smerç” reaktiv sistemləri, “İqla - S” zenit raket kompleksləri, “Avtobaza - M” radiotexniki kəşviyyat kompleksləri, TOC – 1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacağı gözlənilir.

Göründüyü kimi, Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır.

ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya öz öhdəliklərini pozur, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıq göstərir.

Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə zidd olmaqla yanaşı rəsmi Moskvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç də bitərəf olmadığını və daha çox Ermənistanın maraqlarına uyğun hərəkət etdiyi aydın görünür.

Son zamanlar bir sıra digər məsələlərdə də Rusiyanın (ÜAK-ın fəaliyyətinin dayandırılması, XİN-in bəyanatları və s. ) nümayiş etdirdiyi mövqe anlaşılmazdır və Azərbaycanla olan münasibətlərin ruhuna ziddir.

Rusiyanın Ermənistanı silahlandırması işğalçılıq siyasətinin həvəsləndirilməsinə xidmət edir və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozur. Şimal qonşumuzun bu addımı eyni zamanda regionda təhlükəsizliyi təhdid etməklə gərginliyin daha da artmasını stimullaşdırır.

Tarixi xatırlatma üçün bildirək ki, ermənilər Cənubi Qafqaza 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra məhz çar Rusiyası tərəfindən köçürülüblər. Məqsəd isə türk və müsəlman dövlətlər olan Osmanlı İmperiyası ilə Azərbaycan arasında bufer zona yaratmaq və bununla da onların yaxınlaşmasının qarşısını almaq olub.

Hər kəs yaxşı dərk edir ki, indi tamam başqa dövrdür. Kosmos, texnologiya əsri adlandırılan indiki dövrdə dövlətləri, xalqları ayırmaq üçün onların arasında bufer zona yaratmaq mənasızdır.

Digər tərəfdən məlumdur ki, bu gün Rusiya Türkiyə ilə münasibətlərini getdikcə inkişaf etdirir. Azərbaycanla  isə strateji müttəfiqlik əlaqələrinə malikdir. Ermənistandan fərqli olaraq ölkəmizdə uzun müddətdir ki, rus icması fəaliyyət göstərir və bu icmanın hər bir üzvü özünü ölkəmizin tamhüquqlu vətəndaşı kimi hiss edir.

Ermənistan isə getdikcə nəinki rəsmi Moskva üçün əhəmiyyət kəsb edən, əksinə ona daha çox başağrısı olan bir dövlətə çevrilməkdədir. Sarkisyan rejiminin son dövrlərdə Rusiyaya qarşı yönəlmiş fəaliyyəti, eləcə də Ermənistan ictimaiyyəti arasında Rusiyaya qarşı narazılığın artması və bunun açıq-aşkar büruzə verilməsi dediklərimizə əyani sübutdur. Belə olan halda Rusiya rəhbərliyinin Ermənistanı himayə etməsi və ona hərtərəfli yardım göstərməsi anlaşılan deyil.

Azərbaycan dövləti və ictimaiyyəti Rusiyadan daha ölçülüb-biçilmiş siyasət yürüdülməsini, işğalçı Ermənistana yardımlarını dayandırmasını və ATƏT MQ həmsədri kimi öz missiyasını və üzərinə düşən öhdəliklərini yerinə yetirməsini gözləyir.

Məsələyə münasibət bildirən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc hesab edir ki, indiki Rusiya rəhbərliyinin siyasəti keçən əsrin 90-cı illərdəki siyasətdən elə də ciddi fərqlənmir:

“Keçən əsrin 90-cı illərindən regionda Rusiyanın o zamankı siyasi rəhbərliyinin qərarı ilə Ermənistana verilən böyük texnika, hərbi texnologiyalar və silah-sursatın çox ağır nəticələrini öz həyatımızda yaşamışıq. Bizə elə gəlirdi ki, SSRİ rəhbərliyinin yerinə demokratiya libası altında yeni qüvvələr hakimiyyətə gəlsə bizə qarşı münasibət dəyişəcək. Lakin belə olmadı. İndi də sanki Rusiyanın bizə qarşı siyasətində bir varislik ənənəsini, dəyişilməz mövqeyi görməkdəyik.

Burada yeganə meydana çıxan fərqli bir müstəvi ondan ibarətdir ki, Azərbaycan indiki reallıqda Rusiya ilə bütün iqtisadi-siyasi münasibətlərin sferasında yaxın əlaqələrə malikdir. Belə olan təqdirdə Rusiyanın Ermənistana hərtəfərli dəstək verməsi bir qədər anlaşılmazdır”.

Ermənistanın özündə də Rusiyanın siyasətindən narazı olan insanların sayının kifayət qədər çox olduğunu deyən millət vəkili dediklərinə misal olaraq oktyabrın 4-də rus-erməni hərbi birləşməsi ilə bağlı qanun layihəsinin Ermənistan parlamentində ratifikasiya edilməsi məsələsini göstərib:

“Çox sərt şəkildə buna qarşı çıxan qüvvələr bəyan etdilər ki, bu aşkar şəkildə bizim sonuncu qalamız olan ordumuzun üzərində də suveren haqlarımızın əlimizdən alınması deməkdir. Yəni, Ermənistanın nəqliyyat, gömrük sahələrini, əsas istehsal mərkəzləri olan böyük zavodları ələ alandan sonra Rusiya generaliteti silahlı qüvvələr üzərində də səlahiyyətləri ələ götürürlər. Belə olan təqdirdə bu açıq-aşkar dövlətçiliyin və müstəqilliyin də itirilməsi anlamına gəlir.

Ermənistanın külli miqdarda vəsait xərcləyərək Rusiyadan silah alması ilə erməni xalqının boğazından kəsib onları səngərdə çürüdən, həyatlarını məhv edən bir avantüraya vəsaitlər qoyulur. Aşkar şəkildə bu həm də Azərbaycanla silahlanma yarışına girməkdir. Bu həm də bir ölkəni özünün normal siyasi-iqtisadi yolundan çıxarıb sanki SSRİ ilə ABŞ arasındakı rəqabətin bir başqa regional miqyasda təkrarlanması kim bir mənzərə yaradır. Bu baxımdam regionun silahlandırılması heş şübhəsiz ki, yaxşı nəticələr verməyəcək”.

Azərbaycan xalqının bir daha öz ərazisində rus əsgəri ilə üz-üzə gəlməyi arzulamadığını deyən Z.Oruc bildirib ki, Yaxın Şərqdə böyük terror şəbəkələrinə qarşı dirəniş göstərən və haqlı olaraq xilaskarlıq missiyası həyata keçirən Rusiya ordusu həmin xilaskarlıq missiyasını hər yerdə yerinə yetirməyə borcludur:

“ATƏT-in adi silahlarlar üzrə xüsusi komissiyası var. Azərbaycan tələb edə bilər ki, onlar gəlib Qarabağda monitorinq aparsınlar, orada olan silahların hansı ölkənin istehsalı olduğunu müəyyənlişdirsinlər. Bu halda görəcəyik ki, Qarabağ əsasən Rusiyanın hərbi sənaye kompleksi tərəfindən silahlandırılır ki, bu da bölgədə təhlükəsizliyə ciddi zərbə vurmaqla yanaşı, bu ölkənin sülhpərvər missiyasına xələl gətirir”.

Babək Cahandarov

Paylaş:
1057

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər