Mübariz Əhmədoğlu: Ermənistan Türkiyə ilə barışığı Azərbaycan torpaqlarının işğal atında qalmasının möhkəmləndirilməsinə yönəldir
Ermənistanın Türkiyəyə münasibəti XX əsrin birinci yarısını xatırladır.
1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Ermənistanın və dünya erməniliyinin ictimai şüurunda Türkiyəyə münasibətdə ciddi dəyişikliklər başladığını deyən politoloq bildirib ki, Ermənistan-Türkiyə münasibətlərində Qərb dövlətlərinin rəsmi Yerevan və dünya erməniliyinin aparıcı fiqurları ilə iş apardığı göz qabağındadır:
“Ermənistanın özünün daxilində bu mövzuda kifayət qədər ciddi və bəzən də mahiyyəti başa düşülməz proseslər baş verir. Ermənilər bir qrup Türkiyə vətəndaşının Dağlıq Qarabağa səfərini təşkil edir. Bunu hər iki tərəfə neqativ fonda yozmaq olar; Bu necə ermənidir ki, türkü Dağlıq Qarabağa buraxır və yaxud bu necə türkdür ki, ermənin sözü ilə Dağlıq Qarabağa gedib. Amma bu ritorik suallardan daha çox məsələnin mahiyyəti maraqlıdır”.
Qafqaz regionunda erməni-azərbaycanlı qarşıdurmasının kökünün Osmanlı imperiyasının 1870-ci illərinə gedib çıxdığını xatırladan M.Əhmədoğlunin sözlərinə görə, digər iri güclər tərəfindən ələ alınan ermənilər Osmanlı imperiyasına qarşı müxtəlif iradlar bildirdi, iradlar iddiaya, iddialar siyasi proseslərə və nəhayət qarşıdurmaya çevrildi. Nəticədə böyük toqquşmalar əmələ gəldi. Osmanlıdan inciyən ermənilər Qafqazlara doğru gəldikdə özləri ilə bərabər türklərə olan düşmənçiliklərini də gətirdilər. Bu düşmənçilik daha çox Azərbaycanla münasibətdə özünü göstərdi:
“Ermənilər və türklər indi barışırlar və bu təkcə vətəndaş cəmiyyəti arasındakı məsələ deyil. Ermənistan prezidenti S.Sərkisyanın BMT Baş Assambleyasında məşhur romantik, filoloji tezislərindən sonra kifayət qədər ciddi proseslər baş verib. Türkiyə Böyük Millət Məclisinin deputatı K. Paylan Ermənistanda oldu, onu milli qəhrəman kimi qarşıladılar. Bəlli oldu ki, K.Paylan kifayət qədər ciddi əqidə daşıyıcısı olan ermənidir və Türkiyə vətəndaşı, Türkiyədə fəaliyyət göstərən kürdyönümlü partiyanın üzvü olması onun Ermənistan-Türkiyə ilə bağlı əqidəsini daha da cilalayıb.
K.Paylanın Ermənistan-Türkiyə münasibətlərinə baxışı Qrant Dinkin baxışına yaxındır. K.Paylanın fikrincə, Türkiyənin daxilindəki bütün icmalar, o cümlədən kürd və ermənilər Türkiyə cəmiyyətində dinc, sabit inkişafa xidmət edən şəraitdə yaşamalıdırlar. K.Paylan Ermənistana gəlməkdə məqsədinin Ermənistan rəhbərliyi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsinin müzakirə etmək olduğunu açıqladı. O,bu mövqeyini Ermənistan prezidenti S.Sərkisyanla görüşəndə də bildirdib. K.Paylanın yekun rəyinə görə Ermənistan rəhbərliyi Türkiyə ilə münasibətləri pisləşdirmək istiqamətində addım atmayacaq. Kifayət qədər cəsarətli bir mövqedir”.
Politoloq bildirib ki, K.Paylan Türkiyəyə qayıtdıqdan sonra Xalqların Demokratikliyi Partiyası onun Ermənistana səfəri barədə məlumat yaydı və Ermənistan-Türkiyə dialoqunun başlanmasının zəruriliyi vurğulandı. O paradoksal vəziyyətin yarandığını qeyd edib:
“Erməni-azərbaycanlı qarşıdurmasının müəllifi Osmanlı imperiyasından gələn ermənilərdir. Düşmənçilik ideyasını daşıyıb gətiriblər və indi hal-hazırda ermənilər yenidən Osmanlının varisi olan Türkiyə ilə barışırlar. Həm də Ermənistan Türkiyə ilə barışığı Azərbaycan torpaqlarının işğal atında qalmasının möhkəmləndirilməsinə yönəldir. Ermənistanın, ermənilərin belə davranışı kifayət qədər anlaşılmazdır. Ermənistanın hərəkətlərini izləyən qüvvələr, siyasilər başa düşəcəklər ki, Ermənistanın öz tarixi ilə bağlı dediyi bütün fikirlər uydurma imiş. Əgər doğrudan da Osmanlı imperiyasında ermənilərin dediyi qədər erməni qırılıbsa və bu iki xalq arasındakı ədavət dərindirsə, indi niyə görə ermənilər Osmanlı türkləri ilə barışır, amma Azərbaycanın torpağını geri qaytarmaq istəmir”.
Vəziyyətin XX əsrin əvvəllərində olduğuna bənzədiyini deyən M.Əhmədoğlu Ermənistan cəmiyyətinin o zaman da iki qrupa bölündüyünü söyləyib:
“Böyük bir qrup günahı özlərində görürdülər. Başa düşürdülər ki, Osmanlı imperiyası yerində sakitcə dayanan erməniyə ədavət açmayıb. Ermənilərin başına gələn bütün problemlər ermənilərin digər iri dövlətlərin əlində oyuncağa çevrilməsindən sonra baş verib. Belə fikir ayrılığı sonradan geosiyasi qütbləşmənin kəskinləşməsi fonunda dəyişdi və XX əsrin 50-ci illərindən ibarət Ermənistan qatı antiTürkiyə siyasəti apardı. Çünki sovet Ermənistanı o vaxtadək Stalinin əmri ilə onsuz da antiTürkiyə əhval-ruhiyyəyə köklənmişdi.
Amma XX əsrin 50-ci ilindən sonra ABŞ-da da müəyyən qüvvələr ermənilərin təsiri altına düşdü və Türkiyənin qısa müddətdə artan nüfuzu ABŞ-da müəyyən qüvvələrdə narahatlıq yaratdı. XX əsrin 70-ci illərindən artıq Ermənistan hər iki güc mərkəzləri tərəfindən ancaq antiTürkiyə mesajlar alırdı. İndi isə vəziyyətin XX əsrin əvvəlinə qayıtması və eləcə də yenidən iki güc arasındakı geosiyasi münasibətlərin gərginləşməsi ermənilər üçün yaxşı bir şey vəd vermir”.
Babək Cahandarov