Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 26 il keçir
Bu gün oktyabrın 18-i Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan Dövlət Müstəqilliyi Günüdür.
1news.az-ın məlumatına görə, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində SSRİ respublikalarında da mərkəzdənqaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul edilib.
Bir qədər sonra - oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, bir həftə sonra, oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edilib.
Həmin vaxt 6 fəsil, 32 maddədən ibarət olan aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilib.
Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb. Daha sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və digər dövlətlər ölkəmizi müstəqil dövlət kimi qəbul ediblər. 2 mart 1992 ci-ildə isə Azərbaycan BMT-yə üzv qəbul olunub.
1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub.
Amma 2006-cı ilin dekabrında Milli Məclidə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. O zamandan rəsmi bayram statusunu itirən həmin tarixlər iş günü sayılır.
Qeyd edək ki, müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsindəgeniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasiçəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
Məhz ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.
Ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Ölkədə aparılan islahatların və uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan regionun aparıcı dövlətinə çevrilib.
Babək Cahandarov