Penitensiar Xidmət qaçan məhkumlar haqqında məlumat yayıb
Ədliyyə Nazirliyi Penitensiar Xidmət (PX) məhkumların qaçması haqqında məlumat yayıb.
1news.az xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E.Məmmədov və Ə. Ağami barəsində müvafiq məlumatlar təqdim edilib.
Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanmış, istintaq aparılır.
Axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb. Məhkumlar Bakıdan qatarla Şirvana aparılırmış. Onlar qatar Biləcəri stansiyasında dayananda qaçmağa nail olublar.
Qaçan məhbuslar - E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.
Mövzu ilə əlaqədar:
Bakıdan Şirvana aparılan məhkumlar qaçıb - ADLAR
1news.az