FİFA ilin ən yaxşılarını mükafatlandırdı – SİYAHI
Ali futbol qurumu olan FİFA tərəfindən ilin ən yaxşılarının mükafatlandırma mərasimi keçirilib.
1news.az-ın məlumatına görə, İngiltərənin paytaxtı Londonda, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olub.
Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. “Ferents Puşkaş” mükafatı Fransa millisinin və “Arsenal”ın hücumçusu Olivye Jiruya təqdim olunub.
Ardınca isə ilin ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Ötən mövsüm “Real”la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olan Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.
Budəfəki tədbirdə ilk dəfə olaraq ən yaxşı qapıçılar da seçilib. İtaliya millisinin və “Yuventus”un “çərçivə qoruyucusu” Canluici Buffon əsas rəqibləri Keylor Navas (“Real Madrid”, İspaniya) və Manuel Noyeri (“Bavariya”, Almaniya) qabaqlayıb.
Ötən ilin ən yaxşı azarkeşi adına Almaniyanın “Borussiya” (Dortmund) və Danimarkanın “Kopehagen” komandalarının fanatlarını qabaqlayan Şotlandiyanın “Seltik” klubunun tərəfdarları layiq görülüblər.
Kişi futbolunda olduğu kimi qadın futbolunda da ən yaxşı baş məşqçi seçilib. Nominasiyanın qalibi adına Hollandiya qadın millisinin çalışdırıcısı Sarina Viqman layiq görülüb. O, danimarkalı Nils Nilsen (Danimarka yığması) və fransalı Jerar Preşeri (“Lion”) qabaqlayıb.
Nominasiyalardan biri də ötən ilin ən yaxşı qadın futbolçusunun kimliyi olub. Ötən ilin ən yaxşı qadın futbolçusu adına hollandiyalı Like Martens sahib çıxıb. “Barselona”nın üzvü Deyna Kastelyanos (“Santa-Klarita”, ABŞ) və Karli Lloydu (“Mançester Siti”, İngiltərə) qabaqlayaraq mükafatı qazanıb.
İlin “fair-play” mükafatı Toqo millisinin və Çexiyanın “Zbryovko Brno” komandasının oyunçusu Fransis Koneyə təqdim edilib. O, matçlardan birində rəqib oyunçunu ölümdən xilas etdiyi üçün bu mükafata layiq görülüb.
İlin ən yaxşı kişi futbolçusu adına isə portuqaliyalı Kriştianu Ronaldo layiq görülüb. O argentinalı Lionel Messi (“Barselona”, İspaniya) və braziliyalı Neymarı (PSJ, Fransa) qabaqlayıb.
Qeyd edək Ronaldo ötən mövsüm “Real”la birlikdə Çempionlar Liqasını, İspaniya La Liqasının və klublar arasında dünya çempionatının qalibi olub. O, həmçinin ÇL-nin bombardiri adına da yiyələnib.
Onu da bildirək ki, 2017-ci ilin ən yaxşı onbirliyində (“Dream Team”) Buffon, Alves, Bonucci, Ramos, Marselo, Modriç, Kroos, İniesta, Neymar, Messi və Ronaldu yer alıblar.
Babək Cahandarov