Nazir: Üçtərəfli görüş sülh və sabitliyin qorunması baxımından əhəmiyyətlidir
İran, Azərbaycan və Rusiya prezidentlərinin bu gün Tehranda keçiriləcək üçtərəfli görüşü regional əməkdaşlıq, ölkələrin iqtisadi inkişafı, həmçinin sülh və sabitliyin qorunması baxımından əhəmiyyətlidir.
1news.az “Sahartv”yə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi üçtərəfli görüşü şərh edərkən bildirib.
XİN rəhbəri deyib: “İran, Rusiya və Azərbaycan prezidentləri Tehranda siyasi, iqtisadi, mədəni və ictimai məsələlərlə bağlı danışıqlar aparacaq, son regional və beynəlxalq məsələləri müzakirə edəcəklər”.
Dövlət başçıları həmçinin, Şimal-Cənub dəmiryolu marşrutu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, İran, Azərbaycan və Rusiya prezidentləri arasındakı ilk üçtərəfli görüş 2016-cı ilin avqustunda Bakıda baş tutub.
P.Sultanova