Elçin Əhmədov: Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional təhlükəsizliyin mühüm platformasına çevrilir
Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır.
1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
E.Əhmədov qeyd edib ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı qüvvəsidir. Xüsusilə, son vaxtlarda Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Rusiya kimi formatlar Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli şəkildə fəaliyyət göstərir.
2016-cı il avqustun 8-də Bakıda Azərbaycan, İran, Rusiya, prezidentlərinin üçtərəfli Zirvə görüşü tarixi hadisə olmaqla yanaşı, siyasi-iqtisadi və regional təhlükəsizlik baxımından çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə reallaşan üçtərəfli görüşü yeni regional əməkdaşlıq formatının bariz nümunəsi kimi qiymətləndirmək olar. Bununla yanaşı, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycan, İran, Rusiya prezidentlərinin üçtərəfli görüşündə ümumi uzunluğu 7200 kilometr olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi aparılan danışıqların əsas müzakirə mövzularından biri olub. Bu layihə Hindistandan, İrandan, Körfəz ölkələrindən Azərbaycan, Rusiya ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal imkanlar yaradılmasına yönəldilib.
Azərbaycan bu layihənin reallaşmasında xüsusilə maraqlıdır. Strateji baxımdan mühüm geosiyasi mövqedə, Şimaldan Cənuba və Qərbdən Şərqə iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən ölkəmiz əsrlərboyu özünəməxsus körpü rolunu oynayıb. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
Qeyd etmək lazımdır ki, 2000-ci il sentyabrın 12-13-də Rusiyanın təşəb¬bü¬sü ilə Sankt-Peterburqda nəqliyyat məsələlərinə dair II Beynəlxalq Avrasiya Konfransı keçirilib və burada 37 ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Bu konfransda Şərqi Avropanı Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirəcək və Rusiya, Hindistan və İran tərəfindən irəli sürülən “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasına dair sənəd imzalanıb. 2005-ci il sentyabrın 20-də Azərbaycan da öz geosiyasi və geoiqtisadi ma¬raq¬larından çıxış edərək bu layihəyə qoşulmağa razılıq verib. 2016-cı il aprelin 20-də isə Azərbaycanla İran sərhədində, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində, dəmir yolu körpüsünün tikintisinə start verilib. Bəhs olunan nəqliyyat kommunikasiya dəhlizi layihəsi Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçərək Ümid burnunu dolanmaqla İranın Bəndər-Abbas li¬manına çatdırılmasını, buradan da dəmir yolu vasitəsilə Azər¬baycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur.
2017-ci il noyabrın 1-də Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşü zamanı, ilk növbədə, regional təhlükəsizlik məsələləri müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsi və səylərin gücləndirilməsi vurğulanıb.
Bununla yanaşı, müzakirə edilən digər məsələ kimi üçtərəfli və ikitərəfli formatda iştirakçı ölkələr arasında iqtisadi-ticari sahədə əməkdaşlığın nəticələri nəzərdən keçirilib, bu istiqamətdə çox müsbət dinamikanın olduğu qeyd edilib və qarşıdan gələn dövr üçün potensial imkanlar nəzərdən keçirilib. Əsas diqqət enerji, gömrük, bankçılıq, yeni texnologiyalar, müştərək investisiyaların yatırılması, kənd təsərrüfatı və digər məsələlərə yönəldilib.
Üç ölkə arasında enerji, neft-qaz hasilatı və ixracı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq tədbirlər müzakirə edilən məsələlərin əsas mövzusu olub. Azərbaycan, İran və Rusiyanın enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilib. Qarşıdan gələn dövrdə neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və digər məsələlər nəzərdən keçirilib. “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyətindən danışan Həsən Ruhani bu yolun Azərbaycan və Rusiyadan keçməklə Avropaya qədər uzanacağını diqqətə çatdırdı. Ölkələrimizin yaxşı neft-qaz ehtiyatlarına və nadir beynəlxalq vəziyyətə malik olduğunu diqqətə çatdıran İran dövlətinin başçısı keçirilən görüşlərdə bir çox iqtisadi sahələrlə yanaşı, ekoloji, xüsusilə Xəzər dənizinə aid məsələlərin diqqət mərkəzində olduğunu, Xəzərin hüquqi statusu ətrafında fikir mübadiləsinin aparıldığını vurğuladı. Hər üç ölkənin terrorizm, narkotik maddələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə əməkdaşlığının vacibliyini qeyd etdi. Enerji sahəsində əməkdaşlıq üçün çox yaxşı imkanların mövcudluğunu bildirən İran Prezidenti hər üç ölkənin neft və qaz ehtiyatlarına, regionda çox imtiyazlı bir mövqeyə malik olduğunu bildirərək texnoloji sahədə, neft-qaz istehsalı və ixracı sahələrində əməkdaşlığımız və bu sahələrə müştərək investisiyaların yatırılmasının çox əhəmiyyətli olduğunu dedi.
Azərbaycan Prezidenti İlham Əliyev birinci üçtərəfli Zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda keçirildiyini, bu üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyət daşıdığını, eləcə də gözəl gələcəyinin olduğunu bildirərək dedi: “...Bizim uğurlu əməkdaşlığımız regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan dünyada yeganə ölkədir ki, onun Rusiya və İranla quru sərhədi var və bu coğrafi yerləşmə bizə bütün sahələrdə uğurlu əməkdaşlıq etməyə imkan verir”. Keçən il əldə edilmiş razılaşmaların artıq həyatda öz əksini tapdığını deyən Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin 60 faizdən çox, İranla isə 30 faizdən çox artdığını diqqətə çatdırdı. Eyni zamanda, Prezident İlham Əliyev keçən il İran-Azərbaycan ticarət dövriyyəsinin 70 faiz artdığını qeyd edərək bildirdi ki, bu, ilk növbədə, üç ölkə arasında çox səmimi dostluq münasibətlərinin mövcudluğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyev keçən Zirvə görüşündən ötən dövrdə Azərbaycanın öz dəmir yolu infrastrukturunu təkmilləşdirdiyini və İran sərhədinə qədər qalan hissənin inşa edildiyini, həmçinin Astaraçay üzərində körpünün də tikildiyini bildirərək birinci qatarın Azərbaycan-İran sərhədini bu ilin mart ayında keçdiyini, eləcə də hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsinin tam istismara hazır olduğunu diqqətə çatdırdı. Dövlət başçısı Astara-Rəşt dəmir yolunun çəkilməsinin maliyyələşdirilməsi ilə bağlı razılaşma əldə edildiyini, ölkələrimizin dünya enerji təhlükəsizliyinə töhfə verdiyini bildirdi.
Bununla yanaşı, Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşü zamanı Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr, bu marşrutların yaratdığı geniş imkanlar, regionun iqtisadi inkişafında oynayacağı rol və digər bu kimi məsələlər müzakirə olunub. Rusiya Prezidenti Vladimir Putin “Şimal-Cənub” nəqliyyat dəhlizinin artıq test rejimində işlədiyini qeyd edərək bu marşrutun öz səmərəliliyini artıq nümayiş etdirdiyini vurğulayaraq səmimi şəraitdə keçən üçtərəfli Zirvə görüşünün ölkələrimizə və xalqlarımıza fayda gətirəcəyinə əminliyini ifadə etdi.
Eyni zamanda, transmilli nəqliyyat layihələrinin müzakirəsi zamanı yeni fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin perspektivi də nəzərdən keçirildi, onun yüksək potensialı və perspektivi vurğulandı, Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla hər bir iştirakçı dövlətin maraqları çərçivəsində Şərqlə Qərbi birləşdirən bütün marşrutlardan istifadə olunması imkanları bəyənildi.
Beləliklə, Azərbaycan-İran-Rusiya regional əməkdaşlıq formatı inkişaf etdirilir. Bu üçtərəfli qarşılıqlı fəaliyyətin özəyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi nəzərə alınmaqla Rusiyanın və Azərbaycanın tranzit potensialından tam səmərəli istifadə edilməsi üçün yeni perspektivlər açılır.
Ümumiyyətlə, təhlil belə söyləməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev son günlərdə region dövlətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərdə bütün sahələr daxil olmaqla qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edir və dövlət başçısının təşəbbüskarı olduğu bütün bu görüşlər çərçivəsində əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün olduqca nikbin nəticələr vəd edir. Bu da geosiyasi və coğrafi baxımdan mühüm əhəmiyyətə malik Azərbaycanın regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir.
1news.az