Prezident: “Neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq” - FOTO - YENİLƏNİB
Noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-Hörmətli neftçilər.
Xanımlar və cənablar.
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Azərbaycanda 2 milyardıncı ton neft hasil edilibdir. Bu münasibətlə Azərbaycan neftçilərini və bütün Azərbaycan xalqını təbrik edirəm.
Bu, tarixi bir hadisədir. Azərbaycan neftçiləri bütün dövrlərdə Azərbaycan xalqına xidmət etmişlər. Müstəqillik dövründə onların zəhməti hesabına Azərbaycan böyük iqtisadi potensial yarada bilmişdir. Neftçi Azərbaycanda çox şərəfli və hörmətli peşədir, həmişə belə olub, bu gün də belədir. Mən Azərbaycan neftçilərinin Azərbaycanın ümumi inkişafında rolunu çox yüksək qiymətləndirirəm.
Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır və bu da tarixi hadisədir. Azərbaycan neftçiləri sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında əsas rol oynamışlar, Rusiya Federasiyasında yeni neft yataqlarının kəşfində onların rolu çox böyükdür. Təsadüfi deyil ki, “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılan yerlər var ki, bu yerlər Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neftçilərimiz xarici ölkələrdə də işləyirdi, oraya ezam olunmuşdular. Əlbəttə ki, bu, Azərbaycanda neft sənayesində çalışan insanların peşəkarlığını, fədakarlığını göstərir.
Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Bu gün isə qaz ölkəsi kimi tanınır. Müstəqillik dövründə bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Sovet dövründə də Azərbaycan neftçiləri Sovet İttifaqının ümumi inkişafına çox böyük töhfələr vermişlər. O vaxt Azərbaycan müttəfiq respublikalar arasında ikinci respublika idi ki, donor kimi tanınırdı. Yəni, biz ümumittifaq büdcəsinə daha çox vəsait ayırırdıq, nəinki alırdıq. Əlbəttə ki, Azərbaycan neftçilərinin bu sahədə payı çox böyük idi.
1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilmişdir. 1970-1980-ci illərdə Heydər Əliyev Azərbaycan Respublikasının ümumi inkişafına çox böyük töhfə vermişdir, o cümlədən neft sənayesinin inkişafı üçün çox böyük addımlar atılmışdır. O vaxt neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi, neftayırma zavodunun rekonstruksiyası və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirmişdir. O illərdə yaradılmış potensial, xüsusilə dərin özüllər zavodunun fəaliyyəti bu gün də bizim neft potensialımızı gücləndirir. Əgər vaxtilə bu zavod Azərbaycanda yox, başqa bir yerdə tikilsəydi, o zaman bizim müstəqillik dövründə xarici tərəfdaşlarla işlərimiz ləng gedə bilərdi. Dərin özüllər zavodu bugünkü bizim neft strategiyamızın həyata keçirilməsində xüsusi rol oynayır.
Heydər Əliyev Azərbaycandan gedəndən sonra bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də tənəzzül yavaş-yavaş özünü büruzə verməyə başlamışdı və 1990-cı illərin ərəfəsində artıq neft hasilatı ilə bağlı problemlər yaradılmışdı. Müstəqilliyimizin ilk illərində bu problemlər daha da dərinləşdi. Müstəqilliyimizin ilk illəri bizim üçün çox ağır keçirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəni idarə edənlər öz məsuliyyətini dərk edə bilmədilər, səriştəsiz, bir çox hallarda savadsız kadrlar qabağa çəkildi, ölkə xaosa büründü, anarxiya hökm sürürdü, Bakıda və digər şəhərlərdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu və bütün bu xoşagəlməz hadisələr nəticədə vətəndaş müharibəsinə gətirib çıxardı. Yenə də Heydər Əliyev öz tarixi missiyasını icra etdi. Azərbaycanı bu böyük bəlalardan qurtardı, Azərbaycana sabitlik gətirdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər inkişaf yolu ilə gedir.
Ancaq Azərbaycan iqtisadiyyatına, Azərbaycan sənayesinə, o cümlədən neft sənayesinə vurulmuş zərbələr də çox ağır idi. Bugünkü mərasimdə Azərbaycanın tanınmış neftçiləri, veteranlar, o illəri yaxşı xatırlayan insanlar əyləşiblər. Onlar çox yaxşı bilirlər ki, Azərbaycan neft sənayesinin 1990-cı illərin əvvəlində vəziyyəti necə idi. Bu vəziyyətdən biz çıxış yolu axtarmalı, tapmalı idik və Heydər Əliyev neft strategiyası yeganə çıxış yolu idi. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması bu sahədə dönüş yaratdı. “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. O vaxt Azərbaycan gənc müstəqil dövlət idi və bayaq qeyd etdiyim kimi, çox ağır çağırışlarla üz-üzə qalmışdı, iqtisadiyyat demək olar ki, tamamilə dağıdılmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi, inflyasiya min faizlərlə ölçülürdü, kütləvi işsizlik hökm sürürdü, yoxsulluq dərəcəsi artırdı. Belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi və Heydər Əliyev neft strategiyası bax, bu çağırışlara cavab verdi. Xarici tərəfdaşlarla 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” bizim üçün bir çıxış yolu idi, bizə bir güc verdi, nəfəs verdi, investisiya gətirdi. Azərbaycan dünyada özünü tanıtdıra bilmişdir. Azərbaycana, ilk növbədə, ölkəmizin neft-qaz sektoruna böyük şirkətlər tərəfindən maraq artmışdır və bu maraq praktiki işlərə gətirib çıxarmışdır.
Mən o illəri yaxşı xatırlayıram. Dövlət Neft Şirkətinin bir qrup rəhbər işçisi 1994-cü ildə danışıqlar aparmaq üçün Amerikanın Hyuston şəhərinə ezam edilmişdi. Orada bir aydan çox danışıqlar aparıldı. Xoşbəxt müəllim o danışıqların çox fəal iştirakçısıdır. Bu danışıqlar nəticəsində sentyabr ayında kontrakt imzalandı. Bu kontrakt o vaxt üçün ən məqbul və əlverişli şərtlərlə imzalanmışdı. Biz bunu elə o vaxt - 1994-cü ildə deyirdik. O vaxt bizdə kontraktın şərtlərini təhlil edə biləcək mütəxəssislər demək olar ki, yox idi. Ancaq biz deyirdik və bilirdik ki, Azərbaycanın maraqları maksimum dərəcədə təmin edildi və bugünkü reallıq onu göstərir.
Bu gün bu kontrakt qüvvədədir. Kontrakt nəticəsində Azərbaycana milyardlarla dollar sərmayə qoyulubdur. Kontraktın icrası nəticəsində minlərlə, on minlərlə Azərbaycan mütəxəssisi təlim alıb, təhsil alıb və bu gün konsorsiumun işçilərinin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Kontrakt nəticəsində Azərbaycanda böyük infrastruktur layihələri, böyük tikinti işləri icra edilib və ölkə iqtisadiyyatı milyardlarla, on milyardlarla dollar gəlir gətiribdir.
1994-cü il Azərbaycanın neft sənayesində dönüş nöqtəsi idi, “Əsrin kontraktı”nın tarixi əhəmiyyəti artıq həyatda özünü sübut etdi və eyni zamanda, bu, bir yol açdı. Göstərdi ki, gənc müstəqil dövlət olan Azərbaycan xarici tərəfdaşlarla düzgün iş qura, öz milli maraqlarını müdafiə edə bilər. Beləliklə, bizə olan maraq artdı, maraq artdıqca ölkəmizə sərmayə qoyuluşu da artmağa başladı. Bir çox kontraktlar imzalanmışdır, mən onların arasında “Şahdəniz” kontraktını xüsusilə qeyd etməliyəm. 1996-cı ildə imzalanmış bu kontrakt indi Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
Neftçilər yaxşı bilirlər ki, o vaxt prinsipcə qaz yataqlarına dünyada o qədər də böyük maraq göstərilmirdi. Çünki bu, aşağıgəlirli sahə hesab olunurdu və o vaxt enerji təhlükəsizliyi haqqında, ümumiyyətlə, söhbət aparılmırdı. “Şahdəniz” yatağının müxtəlif parametrləri təhlil edilərkən bir sıra mütəxəssislər bəzən belə qənaətə gəlirdilər ki, bu, iqtisadi cəhətdən o qədər də çox cəlbedici layihə deyil. Ancaq həyat onu göstərdi ki, bu, iqtisadi cəhətdən çox cəlbedici layihədir və bu layihə ölkəmizin iqtisadi, siyasi potensialının güclənməsində çox müsbət rol oyanmışdır.
Bu gün Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır. Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır. 1990-cı illərdə neft sənayesi ilə bağlı bir çox tarixi hadisələr baş verdi. Mən xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü ki, bu gün bizim qaz ixracımızın əsas infrastruktur layihəsidir və bu kəmər əsasında bu gün Cənubi Qafqaz, Cənub Qaz Dəhlizi layihələri icra edilir. 1990-cı illərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin biri təmir olundu, digəri yenidən tikildi. Yəni, o vaxt neft infrastrukturunun əsası qoyuldu və 2000-ci illərdə də bu proses davam etdirildi.
Hazırda Bakıda ən müasir qazma qurğuları, platformalar inşa edilir. “Şahdəniz-2” üçün bütün tikinti işləri Azərbaycanda icra edilmişdir. Azərbaycanın minlərlə, bəlkə də on minlərlə vətəndaşı bu işlərə cəlb edilmişdir. Dünyanın ən böyük neft-qaz terminalı – Səngəçal terminalı da bizim böyük sərvətimizdir. Neft əməliyyatlarının aparılması üçün bizim gəmiqayırma zavodumuzda istənilən növ gəmilər istehsal olunur. Onlardan biri, - bu nəhəng gəmiyə “Xankəndi” adını vermişik, - bu yaxınlarda istifadəyə verildi.
Bir sözlə, bu gün “Əsrin kontraktı”nın nəticələri sadəcə olaraq Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir.
Azərbaycanın timsalında, eyni zamanda, göstərilir ki, dövlət və xarici sərmayədarlar birlikdə necə iş qurmalıdırlar? Bu iş hansı prinsiplər əsasında qurulmalıdır? Burada da Azərbaycan bir nümunədir. Çünki biz tərəfdaşlarımızla, xüsusilə əsas strateji investor olan BP şirkəti ilə çox sağlam zəmində, qarşılıqlı dəstək, qarşılıqlı inam, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq qurmuşuq. Həm investorlar, Azərbaycana milyard dollarlarla vəsait qoyan konsorsiumlar, həm də Azərbaycan dövləti böyük gəlir əldə edir. Burada hər iki tərəf fayda götürür və uğurlu əməkdaşlığın təməlində məhz bu, dayanır.
Mən bu gün BP şirkətinin Azərbaycandakı fəaliyyətini xüsusilə qeyd etmək istərdim. İyirmi üç ildir ki, BP bizim tərəfdaşımızdır və aparıcı layihələrimizdə bizimlə bərabər çox fəal rol oynayır. Demək istəyirəm ki, bütövlükdə çıxarılmış 2 milyard ton neftin təxminən 700 milyon tonu müstəqillik dövründə, onun 460 milyon tonu isə konsorsium tərəfindən hasil edilib. Ona görə, qoy, bizim ictimaiyyət bir daha bilsin ki, xarici tərəfdaşlar, xüsusilə BP şirkəti Azərbaycanın inkişafında, Azərbaycanın iqtisadi potensialının güclənməsində nə qədər böyük rol oynamışdır. Bir daha demək istəyirəm ki, bunun da təməlində dövlətlə xarici tərəfdaşlar arasındakı əməkdaşlıq dayanır.
BP-SOCAR əməkdaşlığı bu gün bir çox ölkələr üçün nümunədir. “Əsrin kontraktı”, “Şahdəniz” yatağı üzrə imzalanmış və icra edilən kontrakt, eyni zamanda, Dövlət Neft Şirkətini böyük beynəlxalq şirkətə çevirib. Yəni, bir neçə il bundan əvvəl mənim tərəfimdən qarşıya məqsəd qoyulmuşdur ki, SOCAR böyük beynəlxalq neft şirkətinə çevrilməlidir. Biz bu məqsədlə SOCAR-ın fəaliyyətini genişləndirdik, bir çox müəssisələr SOCAR-a verildi. Bu gün həm ölkə daxilində, həm xaricdə Azərbaycan Dövlət Neft Şirkətinin çox böyük fəaliyyəti var. Bizim xaricə qoyduğumuz investisiyalar milyard dollarla ölçülür. Təkcə Türkiyədəki layihələrə 20 milyard dollara yaxın sərmayə qoyulması nəzərdə tutulub ki, onun təxminən yarısı artıq yatırılıb. Digər ölkələrdə, Avropa ölkələrində, yaxın qonşuluqda SOCAR-ın çox böyük işləri, sərmayəsi var. Azərbaycan dövləti SOCAR-ın fəaliyyətini dəstəkləyir. Bu, bizim iqtisadi gücümüzü artırır, bizə gələcəkdə yeni mənbələrdən böyük həcmdə valyuta axını da təmin ediləcəkdir. Mən hazırda ölkə daxilində icra edilən iki layihəni - SOCAR polimer və karbamid zavodlarının tikintisini qeyd etmək istərdim. Bu iki layihənin ölkəmizin qeyri-neft sektorunun inkişafında çox böyük əhəmiyyəti var. Hər iki layihə qrafik üzrə icra edilir və əminəm ki, gələn il istifadəyə veriləcək.
Beləliklə, Heydər Əliyev neft strategiyası bu gün yeni istiqamətlərlə zənginləşdirilmişdir. Bu strategiya bu gün Azərbaycanın ümumi inkişafına çox böyük dəstək verir. Hazırda biz yeni layihələr üzərində işləyirik. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi uğurla icra edilir. Bu da dünya miqyasında nəhəng layihədir. Sərmayə qoyuluşu 40 milyard dollara bərabərdir və bütün işlər qrafik üzrə gedir. “Şahdəniz-2” və Cənubi Qafqaz kəməri demək olar ki, 100 faiz, TANAP 80 faizdən çox icra edilibdir. Beləliklə, biz “Cənub Qaz Dəhlizi” layihəsini də uğurla icra edirik, əminəm ki, tam icra edəcəyik.
Bu il “Əsrin kontraktı”nın uzadılması ilə bağlı yeni saziş imzalanmışdır. Bu da tarixi hadisədir. 2050-ci ilə qədər daha yaxşı şərtlərlə kontrakt imzalanıb. Bu kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar sadəcə olaraq bonus şəklində veriləcəkdir. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırılıbdır. SOCAR, eyni zamanda, operator funksiyasını daşıyacaq və mənfəət neftinin 75 faizi 2050-ci ilə qədər, yəni, kontraktın bütün müddəti ərzində Azərbaycana qalacaq.
Bu, bir daha onu göstərir ki, bizim çox böyük və zəngin təbii resurslarımız var. Yaxşı yadımdadır ki, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərini inşa edərkən o vaxt işimizə maneçilik törətmək istəyən qüvvələr var idi. Bizə qarşı kampaniyalar, şər-böhtan kampaniyası aparılırdı. Ortaya süni bir ekoloji mövzu qoyulmuşdu ki, guya burada ekologiya pozulacaq. Halbuki, baxın, bu gün Bakının vaxtilə çirklənmiş yerlərində biz parklar saldıq, cənnət yaratdıq. Elə Bibiheybət yatağının - ən qədim neft yatağının əvvəlki görüntüləri necə idi, indiki görüntüləri necədir. Əvvəlki görüntülər bir fəlakət mənzərəsi idi. Bu gün isə bu, Bakının ən gözəl parklarından biridir. Yəni, biz ekoloji vəziyyətin yaxşılaşdırılmasına da çox böyük vəsait qoyuruq. Amma o vaxt bunu bəhanə gətirərək istədilər işimizi əngəlləsinlər.
İkinci bir mövzu neft ehtiyatları ilə bağlı idi. Deyirdilər ki, Azərbaycanda neft yoxdur, Bakı-Tbilisi-Ceyhan kəmərini tikmək lazım deyil, bu, heç vaxt özünü doğrultmayacaq. Bax, biz artıq 1997-ci ildən başlayaraq konsorsiumla birlikdə 20 il ərzində nefti hasil edirik. Qeyd etdiyim kimi, konsorsium ancaq “Azəri-Çıraq-Günəşli”dən 460 milyon ton neft hasil edib. Lakin bundan da çox təsdiqlənmiş ehtiyat var. Kontraktın 2050-ci ilə qədər uzadılması onu göstərir ki, bizim kifayət qədər neftimiz var, qoy, heç kim narahat olmasın. Eyni mövzunu qazla bağlamaq istəyirdilər, yenə də bədxahlar, bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda qaz yoxdur. Ancaq bu gün “Şahdəniz-2” layihəsi reallıqdır. Qeyd etməliyəm ki, bizim təsdiq edilmiş, dəqiqləşdirilmiş neft ehtiyatlarımız 1,5 milyard tondur, proqnoz isə 2 milyard tondur. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir, proqnoz təqribən 3-4 trilyon kubmetrə bərabərdir. “Azəri-Çıraq” yatağının işlənilməsi onu göstərir ki, biz həmişə çox konservativ rəqəmlər ortaya qoyuruq. Mən yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 511 milyon tona bərabər səviyyədə hesablanmışdı. Hətta mən o vaxt Dövlət Neft Şirkətində gənc bir işçi kimi təəccüb edirdim ki, bunu necə dəqiqliklə hesablaya bilərlər – 511. Niyə 510 yox, 512 yox, 511? Əlbəttə ki, bu, bir şərti rəqəm idi. Ancaq bugünkü hesablamalar onu göstərir ki, yataqların ehtiyatı minimum ən azı iki dəfədən çoxdur. Çünki o 511 şərti rəqəminin 462-si artıq çıxarılıb. 2050-ci ilə qədər də, görün, nə qədər neft olacaq?
Ona görə əminəm ki, bizim proqnozlarımız həyatda öz təsdiqini tapacaq. Çünki mövcud ehtiyatların qiymətləndirilməsini biz çox konservativ şəkildə aparırıq. “Azəri-Çıraq-Günəşli” yatağı minimum 2050-ci ilə qədər işləyəcək. “Şahdəniz” yatağı əminəm ki, minimum 100 il bundan sonra fəaliyyət göstərəcək. Hazırda biz Abşeron yatağından yaxın gələcəkdə qaz hasilatını gözləyirik. “Ümid”, “Babək” yataqlarının çox böyük perspektivləri var. Gələn ildən Dövlət Neft Şirkəti bu yataqlarda da çox fəal iş aparacaqdır. Müəyyən işlər aparılır. Daha da böyük həcmdə işlər aparılacaqdır.
Bizim maliyyə vəziyyətimiz çox sabitdir, çox müsbətdir. Heç bir problemimiz yoxdur. Bu məsələdə də bədhaqlar bizi gözdən salmağa çalışırlar ki, guya Azərbaycanın maliyyə vəziyyəti yaxşı deyil. Bizim maliyyə vəziyyətimiz bir çox ölkələr üçün nümunə ola bilər. Biz ancaq bu ilin doqquz ayında valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. İlin sonunadək hələ nə qədər artacaqdır. Bizim xarici borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edir. Bu, bir çox ölkələr üçün arzuolunan, möcüzə kimi səslənən bir rəqəmdir. Bizim iqtisadi uğurlarımızı aparıcı iqtisadi Forum olan Davos qiymətləndirir. Dünya miqyasında 35-ci yerdəyik. Bizim heç bir maliyyə problemimiz, çətinliyimiz yoxdur. Neft sənayesinə gələn il də böyük vəsait ayrılacaq. Əlbəttə, Dövlət Neft Şirkəti özü də pul qazanır. Ancaq dövlət həmişə bu şirkəti dəstəkləyir və dəstəkləməlidir. Çünki bu, bizim strateji aktivimizdir, strateji sərvətimizdir.
Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edib. Biz vaxtilə xaricdən qaz alırdıq, indi xaricə satırıq. Elektrik enerjisi alırdıq, indi onu satırıq. İndi nefti satırıq, neft məhsullarını satırıq. Biz böyük həcmdə qaz satacağıq və ölkəmizə daha çox pul gələcək. Biz bu vəsaitdən də çox səmərəli və şəffaf şəkildə istifadə edirik. Bildiyiniz kimi, neftdən əldə olunan bütün gəlirlər Dövlət Neft Fondunda şəffaf şəkildə saxlanılır. Bu da beynəlxalq auditdən keçən, dünyanın ən şəffaf neft fondlarından biridir. Biz o vəsaiti ölkə üçün vacib olan layihələrə ayırırıq. Həm ehtiyatı artırırıq, həm ən vacib sosial və infrastruktur layihələrinə bu vəsaitdən istifadə edirik. Əlbəttə ki, Azərbaycan Milli Məclisi bu xərcləri təsdiq edəndən sonra. Onların arasında köçkünlərin problemlərinin həllidir, - 100-ə yaxın şəhərcik salınıb, - məktəblərdir, infrastruktur layihələridir, əlbəttə ki, neft sənayesinin inkişafı ilə bağlı olan layihələrdir, xüsusilə nəhəng qazma qurğusunun tikintisi də Dövlət Neft Fondunun xətti ilə maliyyələşdirilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu məhz o mənbədən maliyyələşdirilmişdir.
Biz bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd etdik. Bu, böyük tarixi nailiyyətdir. Bu dəmir yolunun istifadəyə verilməsi Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətdir. Biz bunu bu gün də bilirik, bunu gələcəkdə də hər kəs daha çox görəcək və hiss edəcək. Bunun da maliyyə mənbəyi haradan gəlib? Dövlət Neft Fondundan. Dövlət Neft Fonduna haradan gəlib? Neftçilərin zəhməti hesabına. Əgər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum tikilməsə idi, o dəhliz açılmasa idi, vəsaitimiz olmasa idi biz bunu necə tikə bilərdik? Mən prezident vəzifəsinə seçiləndən demək olar ki, dərhal sonra bu layihə ilə məşğul olmağa başlamışam. Görürdüm ki, burada böyük çətinliklər var. İlk növbədə, maliyyə çətinliyi və texniki məsələlərin həlli. Çünki ölkələr arasında bir çox razılaşmalar əldə olunmalı idi. O vaxt biz bunu həll etdik. Bu layihə ilə bağlı siyasi əngəllər törədilməyə başlandı. Əgər maliyyə imkanlarımız olmasa idi, biz Bakı-Tbilisi-Qarsı hansı pulla tikə bilərdik? Çünki bu yolun böyük hissəsi Azərbaycan ərazisindən keçir – 504 kilometr. Gürcüstan ərazisindən 200 kilometrdən çox hissəsi keçir ki, orada da maliyyə və texniki məsələləri Azərbaycan həll edir. Yolun uzunluğu təxminən 850 kilometrə yaxındır. Yəni, ancaq səmərəli fəaliyyət nəticəsində, şəffaf Neft Fondunda saxlanılan vəsait hesabına və neftçilərin zəhməti sayəsində biz buna nail ola bilmişik.
Bu gün Azərbaycan çiçəklənən bir dövlətdir. Hara baxsan göz oxşayır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim bütün şəhərlərimiz abadlaşır. Əsrlər boyu insanları incidən bütün problemlər həll olunur. Qazlaşdırma, içməli su, elektrik, yollar – biz bunu nəyin hesabına edirik? Gəlirlər hesabına. Gəlirlərin əsas mənbəyi haradır? Azərbaycan neftçilərinin zəhməti hesabına çıxarılan neftdir. Azərbaycan vətəndaşları bunu həmişə bilməlidirlər. Biz bu gün haqlı olaraq qeyri-neft sektorundan danışırıq və bu sahədə böyük işlər görülür. Dayanıqlı inkişaf üçün qeyri-neft sektoru inkişaf etməlidir. Çünki bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir və bu sahədə çox böyük nailiyyətlər var. Mən dəfələrlə demişəm ki, prioritet istiqamət qeyri-neft sektorudur. Nə üçün? Çünki mən hesab edirəm ki, neft-qaz sektorunda əldə edilmiş bütün nəticələr proqram üzrə gedir və nəyi əldə etmək istəmişiksə, onu da əldə etmişik. Bir dənə də olsun icra edilməmiş və qrafikdən çıxmış layihə yoxdur. Ona görə təbii ki, qeyri-neft sektoru prioritetdir. Ancaq ölkə iqtisadiyyatı, ölkəmizin gələcək inkişafı üçün neft sənayesi, neft-qaz sektoru həmişə həlledici rol oynayacaq.
Biz bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Əgər biz kimdənsə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsipial mövqeyimizi indiki qədər ifadə edə bilmərik. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir. İqtisadi müstəqillik isə neftçilərin zəhməti hesabına təmin edilir. Ona görə hər kəs bilməlidir ki, hələ uzun illər bundan sonra ölkəmizin neft-qaz sektoru bizim üçün əsas dayaq olacaqdır. Ona görə Azərbaycan dövləti və neftçilər bundan sonra da bütün səylərini qoymalıdırlar ki, biz bu sektoru inkişaf etdirək.
Bir milyardıncı ton neftin hasil edilməsi münasibətilə 1971-ci ildə Heydər Əliyevin sədrliyi ilə Opera və Balet Teatrında təntənəli mərasim keçirilmişdir. Bu gün müstəqil Azərbaycanda, Ulu Öndərin adını daşıyan bu möhtəşəm Mərkəzdə biz 2 milyardıncı ton neftin hasilatını qeyd edirik. Müstəqillik ən böyük sərvətimizdir. Ancaq müstəqillik dövründə Azərbaycan böyük zirvələrə çata bildi. Ancaq müstəqillik dövründə xalq öz təbii sərvətlərinin sahibi oldu. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Mərkəzdə keçirilməsi həm təbiidir, - çünki bu, bizim əsas toplantı salonumuzdur, əsas mərkəzimizdir, - həm də rəmzi xarakter daşıyır. Çünki Heydər Əliyevin həm 1970-1980-ci illərdə, həm də 1990-cı illərdə göstərdiyi xidmətlər bu gün Azərbaycan reallıqlarını təmin edir. Biz isə öz növbəmizdə bundan sonra da Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Əziz dostlar, mən bir daha sizi bu tarixi hadisə münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan neftçilərinə eşq olsun!
x x x
SOCAR-ın prezidenti Rövnəq ABDULLAYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Bu gün Vətənimizin qədim neft tarixinə yeni və şanlı bir səhifə yazılır. İki milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi neft sənayesinin inkişafında növbəti zirvə nöqtəsi, yaddaşlarda uzun müddət yaşayacaq şərəfli bir hadisədir. Zati-alinizin bu təntənəli mərasimdə iştirakı isə onu neftçilərimiz üçün əsl bayrama çevirib.
Cənab Prezident, Sizin bu gün burada iştirak etməyiniz, neftçilərin böyük bir qrupunu Azərbaycanın fəxri adlarına layiq görməyiniz, orden və medallarla təltif etməyiniz onların fədakar əməyinə verdiyiniz yüksək qiymətin, göstərdiyiniz böyük qayğı və diqqətin daha bir təzahürüdür. Siz həmişə özünüzü neftçi hesab etdiyinizi deyirsiniz. Çoxminli neftçi kollektivimiz isə bundan qürurlanır, Sizinlə fəxr edir, Sizə arxalanır. Neftçi əməyinə həmişə böyük dəyər verdiyinizə, Azərbaycan neftçilərinin fəaliyyətini, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxladığınıza, bizə göstərdiyiniz sonsuz qayğınıza görə bütün neftçilər adından Sizə dərin minnətdarlığımızı bildirir və dönə-dönə təşəkkür edirəm. Cənab Prezident, Sizi əmin edirəm ki, Azərbaycan neftçiləri Vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi naminə bundan sonra da əzmlə çalışacaq, var qüvvələrini, zəngin bilik və təcrübələrini bu istiqamətdə səfərbər edəcəklər.
Bu şanlı nailiyyət, ilk növbədə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Zati-alinizin müdrik rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyamızın zəfər təntənəsidir. Bu gün biz xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsini dərin hörmət və sonsuz ehtiramla yad edirik. Azərbaycanın neft-qaz sənayesinin böyük inkişaf dövrü Ulu Öndərin adı ilə sıx bağlıdır. Bugünkü uğurlarımız hələ sovet dövründə Ümummilli Liderin gərgin əməyi sayəsində axtarış-kəşfiyyat, qazma, hasilat, emal, maşınqayırma, nəqliyyat və başqa sahələrdə yaradılmış zəngin infrastruktur potensialının gücünə əsaslanır. Müstəqillik illərində Ulu Öndər qədim tarixi olan neft-qaz sənayemizi yeni və misilsiz inkişaf mərhələsinə qaldırmışdır. Ulu Öndərin siyasi qətiyyətinin və uzaqgörənliyinin bariz təzahürü olan “Əsrin müqaviləsi” çərçivəsində 1997-ci ildən başlayaraq, 20 il ərzində “Azəri-Çıraq-Günəşli” yataqlarından 460 milyon ton neft hasil edilib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun daha da təkmilləşdirilmiş enerji strategiyasının uğurlu nəticələrini Azərbaycan vətəndaşları olaraq bizim hər birimiz öz həyatımızda əyani şəkildə görürük. Vətənimiz qısa müddətdə böyük inkişaf yolu keçib: ölkənin siması tamamilə dəyişərək müasirləşib, iqtisadiyyat şaxələndirilib, sənaye, xüsusilə qeyri-neft sektoru inkişaf edir, xalqımızın maddi rifah halı davamlı olaraq yaxşılaşır, neft gəlirləri insan kapitalına çevrilir.
Azərbaycanda hasil olunmuş neftin 2 milyard ton həddinə çatdırılması xalqımızın rəşadətli əməyini təcəssüm etdirir. Biz, eyni zamanda, bu uğura babalarımızın, atalarımızın, müəllimlərimizin, minlərlə neftçinin, inşaatçının, nəqliyyatçının və başqa şərəfli əmək adamlarının gərgin səyləri nəticəsində gəlib çatmışıq. Onların əmək rəşadəti yeni nəsillər üçün örnəkdir. İndi neft mədənlərində, kəşfiyyat dəstələrində, qazma buruqlarında, emal və kimya zavodlarında, tikinti meydançalarında öz ata-babalarını əvəz edən istedadlı gənclərimiz onların işini uğurla davam etdirirlər.
Yeri gəlmişkən, belə bir əlamətdar gündə xarici tərəfdaşlarla ötən müddət ərzində birgə səmərəli və qarşılıqlı faydalı fəaliyyətin müsbət nəticələrini də qeyd etməyə bilmərəm.
Mən burada alimlərimizin əməyini xüsusi vurğulamaq istəyirəm. Azərbaycan neft sənayesinin bütün inkişaf mərhələlərində alimlərimiz mühəndis-texniki işçilərlə sıx yaradıcılıq əməkdaşlığı şəraitində çalışıb və istehsalatın elm tutumunun yüksəlməsinə, mütərəqqi metod və texnologiyaların geniş tətbiqinə nail olublar. Bu əməkdaşlıq bu gün də uğurla davam edir. SOCAR-ın Elm Fondu neftçilərlə alimlərin birgə fəaliyyətinin yeni formatı olaraq Azərbaycan elminin inkişafına xidmət edir.
Neft hasilatında əldə olunan nailiyyətlər SOCAR-ın inkişafı üçün böyük imkanlar yaradıb. Cənab Prezident, Sizin tapşırığınız və dəstəyinizlə son illər müasir tipli, rəqabətqabiliyyətli bir şirkətə çevrilmək yolunda inamla addımlayırıq. Ölkə daxilində və xaricdə bir sıra iri investisiya layihələri həyata keçiririk. Gürcüstanda, İsveçrədə, Türkiyədə, Rumıniyada, Ukraynada və bir çox başqa ölkələrdə əldə etdiyimiz aktivlər beynəlxalq enerji sektorunda şirkətimizin mövqeyini gücləndirməkdədir. Müstəqil dövlətimizin və onun müdrik rəhbərinin dəstəyi ilə qarşımızda açılan yeni üfüqlərə doğru durmadan irəliləmək, yerin təkindən çıxarılan milli sərvətə əlavə dəyər qatmaq, treydinq, emal və qaz-kimya texnologiyalarını təkmilləşdirmək hesabına əlavə qazanc əldə etmək qarşımızda duran növbəti əsas vəzifələrdəndir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə olacaq SOCAR Polimer, SOCAR Karbamid layihələri, Türkiyədə STAR neft emalı zavodunun inşası məhz bu məqsədlərə xidmət edir. Artıq gələn ildən etibarən bu zavodlar istismara veriləcək və gücümüzə güc qatacaqdır. Heydər Əliyev adına neft emalı zavodunun, “Azərikimya”nın, PETKİM-in modernləşdirilməsi layihələri də eyni strategiyanın tərkib hissəsidir. Bu müəssisələr bir-birinin məhsullarından xammal kimi istifadə etməklə yeni istehsal sahələrinin yaradılmasına təkan verəcək.
Azərbaycanın neft-qaz sənayesinin əzəmətli bir dövrünə yekun vurduğumuz bu möhtəşəm mərasimdə onu da qeyd etməliyəm ki, neftçilər həmişə cəmiyyətimizin avanqard qüvvəsi olublar. Bu möhtəşəm tarixin iştirakçıları kimi biz sosial məsuliyyətimizi heç vaxt unutmuruq. Ölkəmizdə gedən böyük quruculuq və yüksəliş proseslərində yaxından iştirak edirik. Regionların sosial-iqtisadi inkişafı layihələrinin həyata keçirilməsində, Heydər Əliyev Fondunun təşəbbüslərinin reallaşmasında, respublikamızda elmin, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın davamlı inkişafında neftçilərimiz bundan sonra da əzmlə çalışacaqlar.
Möhtərəm cənab Prezident, çoxminli kollektivimiz adından Sizi bir daha əmin etmək istəyirəm ki, neftçilər xalqımızın daha işıqlı sabahı naminə əllərindən gələni edəcək, indikindən daha yaxşı çalışacaq, daha böyük uğurlara imza atacaqlar. SOCAR ilbəil inkişaf edəcək, qazanılmış peşəkar təcrübəni, əvvəlki nəsillərin zəngin mənəvi irsini, şanlı ənənələrini, Vətənə məhəbbət, dövlətə sonsuz sədaqət prinsiplərini yaşadacaq, gələcək nəsillərə çatdıracaq.
Diqqətinizə görə təşəkkür edirəm.
x x x
“28 May” Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı özülünün rəisi Qədim ƏLİYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
“Odlar Yurdu” Azərbaycanda bu gün böyük bayramdır. İki milyardıncı ton neftin hasil edilməsini böyük təntənə ilə qeyd edirik. Bu, ilk növbədə, əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş yeni neft strategiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Bu qələbə əsas Sizin qələbənizdir, Siz başda olmaqla bütün Azərbaycan xalqının qələbəsidir. Bu əlamətdar gün münasibətilə, icazə verin, ilk növbədə, möhtərəm cənab Prezident, Sizi təbrik edim.
Mən 20 ildir ki, “Günəşli” yatağının “28 May” Neft-Qaz Çıxarma İdarəsinin dərin dəniz özüllərində çalışıram. Həyatımın tən yarısı Xəzərin qoynunda keçib. Dənizin sərt üzünü də görmüşəm, xoş üzünü də. Lakin nə külək, nə qasırğa, nə tufan bizi qorxutmayıb. Əksinə, daha əzmlə çalışmışıq. Bu gün təntənəsini qeyd etdiyimiz 2 milyard ton neftin 180,5 milyard tonu məhz mənim çalışdığım “28 May” Neft-Qaz Çıxarma İdarəsinin payına düşür. Vətənimizin iqtisadi gücünün artırılması istiqamətində xidmətimizlə qürur duyuruq. Bu, biz neft işçilərinin həyat amalıdır.
Sizin Sərəncamınızla qabaqcıl neftçilər yüksək dövlət mükafatlarına layiq görülürlər, fəxri adlar, fərdi təqaüd, orden və medallar alırlar. Mən bu gün özümü bu qabaqcıl insanların sırasında görməkdən qürur duyuram. Məni “Tərəqqi” medalına layiq gördüyünüz üçün Sizə minnətdaram. Söz veririk ki, bizim qarşımızda qoyduğunuz bütün vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün daha əzmlə çalışacağıq, Azərbaycan neft sənayesinin şöhrətini daha yüksəkliklərə qaldıracağıq.
Möhtərəm Prezidentimiz, dəniz neftçiləri bu günə qədər olduğu kimi, bundan sonra da Sizin siyasətinizi dəstəkləyəcək və hamılıqla Sizin yanınızda olacaqlar.
Möhtərəm Prezidentimiz, biz dünən “Neft daşları”nda ilk neftin çıxarılmasının 68-ci il dönümünü qeyd etdik. Bu gün də bayramdır. Bu bayrama “Günəşli” neftçiləri də öz əmək nailiyyətləri ilə gəliblər. Biz dünən “Günəşli” yatağındakı 7 saylı özüldə yüksək texnologiyalarla qazılmış 29 saylı quyunu istismara təhvil verdik. Sizi əmin etmək istəyirəm ki, biz çoxüzvlü neftçi ordusu Zati-alilərinizin müdrik rəhbərliyi ilə bundan sonra da yeni-yeni uğurlara imza atacağıq. Dövlətimizə və Sizə sədaqətimizi əməli işlə göstərəcəyik. Bu, həmişə belə olacaq. Çiçəklənən Azərbaycan naminə yolunuz daim açıq olsun, əziz Prezidentimiz.
Diqqətinizə görə təşəkkür edirəm.
x x x
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri COUNZ çıxış edərək dedi:
-Zati-aliləri, möhtərəm cənab Prezident.
Möhtərəm qonaqlar, xanımlar və cənablar.
Belə bir auditoriyanın qarşısında çıxış etməkdən şərəf duyuram.
Bu gün, biz çox əlamətdar bir hadisəni qeyd edirik – Azərbaycanın neft hasilatı 2 milyard tonu keçib.
İki milyard ton!
Bəziləri üçün bu, böyük olsa da belə, bir rəqəmdir.
Bəziləri üçün bu, dövlətin tarixində şərəfli bir səhifədir.
Şəxsən mənim üçün isə bu rəqəm möhtəşəm bir uğur hekayəsidir.
İlk növbədə, bu, gerçəkləşmiş uzaqgörən siyasətin uğur hekayəsidir.
1994-cü ildə - Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi bir dövrdə ümummilli lider Heydər Əliyev ölkənin qapılarını BP də daxil olmaqla xarici investorların üzünə açdı və Azərbaycanın müasir tarixində ilk beynəlxalq neft sazişini imzaladı.
Haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılmış “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə hasilatın pay bölgüsü haqqında Sazişin imzalanması nəticəsində dənizdə və quruda yerləşən dünya səviyyəli neft infrastrukturu ərsəyə gəldi və bütün bunlar güclü iqtisadi inkişafa təkan verdi. Ən önəmlisi isə “qara qızıl”ı insan kapitalına çevirməyə imkan yaratdı.
Bu gün biz “qara qızıl”ın parlaq gələcəyini görə bilmiş mərhum Prezident Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirik.
İkincisi, bu, öz bəhrəsini vermiş qətiyyətli səylərin uğur hekayəsidir.
Mən yalnız son dövrləri nəzərdə tutmuram.
Azərbaycan dünyanın ən qədim neft sənayelərindən birinə malikdir.
Mexaniki qazma üsulunun yarandığı yer, ilk dəniz platformasının vətəni, birinci neft boru kəmərinin inşa edildiyi ölkə - bütün bunlar Azərbaycanda yaşayan minlərlə zəhmətkeş insanın əməyi sayəsində gerçəkləşmiş neft sənayemizin möhtəşəm nailiyyətlərindən sadəcə bir neçəsidir.
Bu gün biz keçmişdə işləmiş cəsarətli neftçilərimizin xatirəsini ehtiramla yad edirik. Bizim bugünkü uğurlarımız məhz həmin nəhənglərin çiynində bu qədər əzəmətli görünür.
Biz, həmçinin bu gün bu şərəfli peşəni davam etdirən fədakar neftçilərə də təşəkkürümüzü bildiririk.
Üçüncüsü, bu, möcüzələr yaradan beynəlxalq tərəfdaşlığın zəfəridir.
Bu il BP Azərbaycandakı fəaliyyətinin 25 illiyini qeyd edir. Əsrin ötmüş dörddəbir hissəsi ərzində bizim Azərbaycan hökuməti və partnyor şirkətlər ilə olan tərəfdaşlığımız, bir sözlə desək, mükəmməl olmuşdur.
Bu tərəfdaşlıq Xəzərin dərinliklərindən karbohidrogenlərin hasil olunmasına, emal edilməsinə və Avropadakı yanacaqdoldurma məntəqələrinə və qaz sobalarına nəqlinə imkan verən güclü regional infrastruktur yaradıb.
Cənab Prezident, ötən 25 il ərzində Azərbaycanın beynəlxalq neft konsorsiumları ilə imzaladığı hər bir müqaviləyə verdiyiniz qətiyyətli dəstəyə görə Sizə və hökumətinizə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Hasilatın pay bölgüsü haqqında sazişlər Azərbaycanda BP-nin və tərəfdaşlarımızın yatırdığı sərmayələrin etibarlı təminatçısıdır.
Cənab Prezident, Sizin səyləriniz və sənayeyə yaxından bələd olmağınız qarşılıqlı etimadın yaranmasında və möhkəmlənməsində əvəzsiz rol oynayıb.
Beləliklə, bu üç element – uzaqgörən siyasət, qətiyyətli səylər və tərəfdaşlıq iki milyard tonun uğur hekayəsinin əsasını təşkil edir.
Lakin yalnız keçmiş zəfərlərdən və hazırkı nailiyyətlərdən danışsaq, bu hekayə yarımçıq qalar.
Mənə görə, “iki milyard ton” nailiyyətini həqiqətən də möhtəşəm edən məhz qarşıdakı perspektivlərdir.
Sentyabrın 14-də bütün dünya parlaq gələcək vəd edən, tərəfdaşların və Azərbaycan hökumətinin yenidən tərtib olunmuş “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə Sazişin imzalanmasının şahidi oldu. Bu Saziş artıq bir çoxları tərəfindən “Yeni Əsrin Müqaviləsi” adlandırılır.
İnanıram ki, yenilənmiş Saziş yalnız Azərbaycan iqtisadiyyatına növbəti böyük sərmayə axını gətirməklə kifayətlənməyəcək, həm də ölkənin neft sənayesinin tarixində texnoloji inkişaf və insan nailiyyətləri ilə zəngin olan yeni bir səhifə açacaq.
Bu gün qeyd etdiyimiz kimi, biz yenə də bu gözəl, möhtəşəm salona yığışacağıq və uğur hekayəmizin təməlini təşkil edən üç əsas prinsip – uzaqgörən siyasət, qətiyyətli səylər və sarsılmaz tərəfdaşlıq sayəsində parlaq gələcəklə bağlı arzularımızın gerçəkləşməsinin şahidi olacağıq.
Təşəkkür edirəm.
x x x
Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə ƏSƏDOVA çıxış edərək dedi:
-Əziz Prezidentimiz.
Hörmətli mərasim iştirakçıları.
Bu möhtəşəm tarixi bir gündə sizin qarşınızda, Azərbaycan neftçiləri qarşısında mənim kimi gənc tələbə üçün çıxış etməyin nə qədər qürurverici, həyəcanlı olduğumu təsəvvür etmək qeyri-mümkündür. Ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzin tribunasından hamınızı tarixi gün münasibətilə təbrik edirəm.
Möhtərəm cənab Prezident, mən əslən Qarabağdanam, Cocuq Mərcanlı kəndindənəm. Köçkün ailəsində böyümüşəm, qaçqın məktəbində oxumuşam. Yaranan şəraitdən asılı olaraq, ailəmlə birlikdə Bakıya köçmək məcburiyyətində qalmışdıq. Lakin indi Siz bizə bizim kəndimizi qaytardınız, evimizi, məktəbimizi qaytardınız. Ən əsası Qarabağa qayıtmaq ümidimizi bir daha gücləndirdiniz. Bütün dünyaya sübut olundu ki, Sizin rəhbərliyinizlə Qarabağ işğaldan azad olunacaq. Qarabağ bizimdir, bizim olacaq.
Uşaqlıqdan ən böyük arzum neftçi olmaq, SOCAR ailəsinə qoşulmaqdır. Buna nail olmaq üçün gecə-gündüz oxumuşam, elə gecələr olub ki, yuxusuz qalmışam. Həyəcanlı anlar yaşamışam. Həyatımın ən böyük arzularında olan Bakı Ali Neft Məktəbinə qəbul olunmaq üçün bu il qəbul imtahanlarında maksimum 700 balı toplamışam, 17 yaşımda Sizin sərəncamınızla Prezident təqaüdünə layiq görülmüşəm. İndi isə hazırda Sizin yaratdığınız və mayın 1-də açılışını etdiyiniz, ən müasir laboratoriyalarla təchiz edilmiş, dünyanın nüfuzlu universitetlərindən geri qalmayan, universitet şəhərciyinə malik Bakı Ali Neft Məktəbində təhsilimi davam etdirirəm. Budur neft kapitanının insan kapitanına çevrilməsi. Qəhrəman, fədakar neftçi ata və qardaşlarımız, neftçi peşəsi dünyada azərbaycanlıların milli peşəsi kimi qəbul olunur. Babalarımız çətin dövrdə yaşayıb, işləyiblər, neft sənayesinin təməlini qoyublar. Atalarımız böyük yeniliklərə imza atıblar.
Sizi əmin edirik ki bizim nəsil, gələcək nəsil bu böyük şanlı yolu ləyaqətlə davam etdirəcək. Azərbaycanın neft sənayesinin inkişafı yolunda üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik. Bunun üçün yüksək təhsil almalı, ali məktəbimizdə bizə yaradılan bu gözəl şəraitdən, savadlı müəllimlərimizdən, yüksək səviyyədə təşkil olunan istehsalat təcrübəsindən yararlanıb bu inamı doğrultmalıyıq.
1971-ci ildə bir milyard ton neftin çıxarılması qeyd olunub. Bu gün isə biz 2 milyard ton neftin çıxarılmasını qeyd edirik. Bizim və gələcək nəslin vəzifəsi isə 3 milyard ton neftin çıxarılmasıdır. Əmin edirəm ki, biz bu vəzifənin öhdəsindən ləyaqətlə gələcəyik.
Əziz Prezidentimiz, hörmətli mərasim iştirakçıları. Təkcə bu ildə dünyada nadir qazma qurğusu olan “Heydər Əliyev” qurğusu Vətənimizdə yaradıldı. Yenə də dünyada nadir, xüsusi təyinatlı gəmi olan Xankəndi gəmisi Azərbaycanda inşa edildi, yeni əsrin kontraktı imzalandı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkildi. Bütün bu qüdrətli işləri öz gücümüzlə, öz potensialımızla, heç kimin köməyi olmadan etdik. Çünki Azərbaycanın iki böyük sərvəti var - Azərbaycan insanları, Azərbaycan nefti. Ən başlıcası isə bu sərvətləri düzgün idarə edən, Azərbaycanı xoşbəxt gələcəyə inamla aparan möhtərəm Prezidentimiz var.
Əziz neftçilər, mehriban SOCAR ailəsi, bir daha bayramımız mübarək olsun. Qəhrəman, fədakar neftçilərimiz daim var olsun.
Diqqətinizə görə təşəkkür edirəm.
x x x
Sonra SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış etdi.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olundu.
Dövlətimizin başçısı ordeni Xoşbəxt Yusifzadəyə təqdim etdi.
Sonda Azərbaycanın neft sənayesinin tarixinə həsr edilən videoçarx nümayiş olundu.
1news.az