Bakıda “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda konfrans keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda konfrans keçirilib

15:32 - 10 / 11 / 2017
Bakıda “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda konfrans keçirilib

Noyabrın 10-da Bakıda “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib.

1news.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi ilə əlaqədar təşkil olunan konfransda Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrdən nümayəndələr, QHT-lərin, KİV-lərin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli deyib ki, XXI əsri, heç şübhəsiz, “geosiyasi təlatümlər” dövrü adlandırmaq olar. Bu əsrdə proseslər astronomik sürətlə cərəyan edir. Belə ki, əgər dünya xəritəsində siyasi mənzərənin və qüvvələr nisbətinin dəyişməsi üçün orta əsrlərdə 300-400 il lazım gəlirdisə, XIX əsrdə bu müddət 100 ilə, XX əsrdə 40-50 ilə qədər azalıb. Yaşadığımız əsrin iki onilliyi isə göstərib ki, hazırda hər onilliyin öz hökmü var.

Ərəstü Həbibbəyli qeyd edib ki, yeni minilliyin ilk onilliyi formalaşmaqda olan birqütblü dünya nizamının müəyyən təzahürlərinin əks olunması ilə tarixə yazılıb. Belə ki, birqütblü dünya nizamı qərbin eyforiyaya qapılmasına, özgələrin dəyərlərinə etinasız yanaşmasına, müsəlman ölkələrinə qarşı aqressiv münasibətinə, dünyada qaynar nöqtələrin artmasına və pozulmuş ədalət prinsiplərinin qorunması adı altında müxtəlif marginal və radikal qüvvələrin siyasi səhnəyə çıxmasına səbəb olub. Beləliklə, Qərbin eyforiya havası, beynəlxalq hüququn heçə sayılması yeni minilliyin ikinci onilliyində siyasi geometriyanın tamamilə dəyişməsinə səbəb olub. Siyasi proseslərin təhlili göstərir ki, hadisələr bumeranq xarakteri daşıyır. Qərbin yeni dünya nizamı ilə bağlı təşəbbüsləri Qərbin öz gələcəyini də yeni çağırış və təhdidlər qarşısında qoyub. Hazırda Avropa İttifaqı (Aİ) siyasi, iqtisadi və mənəvi böhran yaşayır. “Brexit” Avropada mərkəzyönlü inteqrasiyanın gələcəyini şübhə altına qoyub. Kataloniya hadisələri separatizmin yaratdığı təhdidləri Avropanın özü üçün də yaşadır. Artıq Aİ-nin qüdrətli dövlətləri nisbətən kasıb ölkələrin iqtisadi yükünü daşımaq istəmirlər. Digər tərəfdən, Qərbin hərbi müdaxiləsindən sonra Yaxın və Orta Şərqdən yeni miqrant axını qarşısında Avropa özünün təbliğ etdiyi multikulturalizm siyasətindən geri çəkilmiş olub.

İkinci onillikdə yeni trendlərin işartıları görünməyə başlanıb. Qlobal miqyasda birqütblü dünya nizamı sabitliyə gətirib çıxarmayıb. Ona görə də yeni qüvvələr nisbətinin yaranması labüddür. Aİ-nin qarşılaşdığı böhran isə inteqrasiya proseslərinin mahiyyət və istiqamətində ciddi dəyişikliklərin ola biləcəyindən xəbər verir. Son illər “Avropasız Avrasiya” ideyalarının səslənməsi heç də təsadüf deyil.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, yeni dövrdə bizim regionumuz da yeni çağırışlar qarşısındadır. Məlumdur ki, qardaş Türkiyə uzun illərdir ki, Aİ-nin qapıları arxasında gözlədilir. Eyni zamanda, Azərbaycana qarşı zaman-zaman Avropanın müxtəlif qurumları tərəfindən haqsız tənqidlər səslənir, qarayaxma kampaniyası aparılır. Avropanın özündə isə islamofobiya və türkafobiya meyilləri artmaqdadır. Aİ özünü daha çox “xristian klubu” kimi görür. Ümumilikdə Qərb isə özünü “orta əsrlər zehniyyəti” ilə aparır. Bütün bunlar ortaq soykökü, dil, din və mədəni dəyərləri bölüşən türkdilli ölkələrin daha da yaxınlaşmasını, bir-birinə dəstək olmasını, iqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələr həyata keçirməsini, gələcəyi birgə düşünməsini zəruri edir. Bu mənada, 2009-cu il oktyabrın 3-də qədim Azərbaycan torpağı olan Naxçıvan şəhərində əsası qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəal əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. Sevindirici haldır ki, birgə səylərimiz öz nəticəsini artıq göstərməkdədir və birgə layihələrimiz geosiyasi əhəmiyyət kəsb edir. Bu mənada, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini xüsusi qeyd etmək lazımdır. Avrasiyanın nəqliyyat xəritəsində yeni mənzərə yaradan bu layihə regionun geosiyasi mənzərəsində də yeni konfiqurasiyanın yaranmasına səbəb olub. Təsadüfi deyil ki, bu dəmir yolu xəttinin çəkilişi bir çox xarici qüvvələri narahat edir. Dəmir yolu xəttinin açılış mərasimində Prezident İlham Əliyev öz mövqeyini bildirib: “Bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil. Ancaq biz sübut etdik ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür”.

Ərəstü Həbibbəyli qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Ermənistanda böyük qısqanclıqla qarşılanır. Ermənistanın qaragüruhu bu layihəni Azərbaycan və Türkiyənin Ermənistanı blokadaya alması, təcrid etməsi kimi təqdim etməyə çalışır. Ancaq sadə Ermənistan vətəndaşlarının təcriddə qalmasının, əziyyət çəkmələrinin əsl səbəbkarları Azərbaycan torpaqlarının işğalını davam etdirən hərbi xunta - Sarkisyan rejimidir. Bu da bir siyasi reallıqdır ki, işğal davam etdikcə erməni xalqı da əziyyət çəkməkdə davam edəcək.

Şöbə müdirinin müavini vurğulayıb ki, ölkələrımiz arasında əməkdaşlığın daha da dərinləşməsi baxımından Qazaxıstanın latın əlifbasına keçidlə bağlı verdiyi qərarın böyük əhəmiyyəti var. Türkdilli ölkələrin böyük əksəriyyətinin latın əlifbasından istifadə etdiyini nəzərə aldıqda bu qərar olduqca önəmlidir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov qeyd edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın, eləcə də təşkilata üzv olan digər ölkələrin mühüm coğrafi-strateji mövqeyi Şuraya xüsusi əhəmiyyət qazandırır. Təşkilata daxil olan ölkələr bir neçə istiqamət üzrə əməkdaşlığa xüsusi önəm verirlər. Bunlar arasında informasiya texnologiyaları, kosmik sənaye sahələrində, eləcə də terrorla birlikdə müasir dövrün bəlasına çevrilmiş kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı göstərmək olar. Şura bütün bu istiqamətlərdə layihələr həyata keçirir.

Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Ciydəm Tənkər Göksal bildirib ki, digər sahələrlə bərabər, turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək də türkdilli ölkələr üçün çox vacibdir. Bu istiqamətdə çoxlu işlər görülməlidir. Bu, həm də türk dünyasının dəyərlərinin qorunub saxlanmasına və inkişafına töhfə verəcək.

Konfrans Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın moderatorluğu ilə “Türk Şurası üçün yaranan fürsətlər və çağırışlar” mövzusunda panel iclasla işini davam etdirib.

1news.az  

 

Paylaş:
712

Son xəbərlər

Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22
Bütün xəbərlər