Beyləqanda su kanalında top mərmisi aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda su kanalında top mərmisi aşkarlanıb - FOTO

20:13 - 05 / 12 / 2017
Beyləqanda su kanalında top mərmisi aşkarlanıb - FOTO

Dekabrın 5-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqanda su kanalında partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 5-ci məhəllədə su kanalına baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 100 millimetrlik top mərmisi (OF-412) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 800 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 5-dək ümumilikdə 7 min 529 partlamamış hərbi sursat, tank əleyhinə 204 və piyada əleyhinə 34 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 5 milyon 488 min 248 kvadratmetr ərazi yoxlanılıb.

1news.az

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər