Mübariz Əhmədoğlu: Ermənistan prezidenti S.Sərkisyan Gürcüstanı hədələdi
Gürcüstana səfər edən Ermənistan prezidenti S.Sərkisyan prezident Q.Marqvelaşvili və baş nazir Q.Kvirikaşvili ilə görüşdü. S.Sərkisyan diplomatik praktikanı pozaraq Gürcüstana səfərə gəldi.
1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, dekabrın 1-də Gürcüstanın baş naziri Ermənistana səfər etməli idi. Səfərə vur-tut 5-6 saat qalmış Gürcüstan baş nazirinin səfəri təxirə salındı. Belə halda Ermənistan rəhbəri yalnız Gürcüstan rəhbərliyinin Ermənistana səfəri baş tutduqdan sonra Gürcüstana səfəri reallaşdırmalı idi. S.Sərkisyanın Gürcüstana çatdırmalı mesajı olduğu üçün “qaydanı pozdu”.
Prezident Q.Marqvelaşvili ilə birgə mətbuat konfransında səsləndirdiyi fikirlərin leytmotivi Gürcüstanı hədələmək idi. S.Sərkisyan konfransda bəyan etdi ki, Ermənistanda qərar qəbul edərkən Gürcüstanın maraqlarına zərər vurmamağa çalışırlar. Sadə misal S.Sərkisyanın bu bəyanatının kökündən səhv olduğunu sübut edir; Beləki, Ermənistan BMT BA-da Gürcüstanla əlaqəli məsələlərdə həmişə Gürcüstanın əleyhinə səs verib.Əslində S.Sərkisyan “Ermənistan Gürcüstanın maraqlarına zərər vura bilər” mesajını verdi.
Konfliktogen Ermənistanın başçısı S.Sərkisyana görünür, yeni münaqişə ocağı lazımdır. Münaqişəli vəziyyətlər Ermənistana siyasi və maliyyə resursları gətirir. Dağlıq Qarabağ münaqişəsindən əldə etdiyi siyasi və maliyyə resurslarını xərcləyib qurtarıblar.
Rusiya ilə Qərb arasında konflikt yaratmaq istiqamətində apardığı siyasət Ermənistanı geosiyasi planda aktuallıqda saxladı və müəyyən qədər maliyyə resursu qazandırdı. Amma əldə etdiyi qazanc Ermənistanı qane etmir, dövlət borcu getdikcə artır. Əhalidə sosial narazılıq güclənir.
Mübariz Əhmədoğlunun sözlərinə görə, yaranmış vəziyyətdən S.Sərkisyanın iki çıxış yolu var:
1. Dağlıq Qarabağ problemini həll etməklə regional proseslərə qoşulmaq, normal əməkdaşlıq rejimində iqtisadiyyatını qurmaq. S.Sərkisyan Dağlıq Qarabağ problemini həll etmək fikrində deyil. Səbəbləri çox ola bilər. Amma əsas səbəb Dağlıq Qarabağ problemi kimi güclü antiRusiya rıçaqı əlindən vermək istəmir; Nə vaxtsa S.Sərkisyan Dağlıq Qarabağ münaqişəsi kontekstində regionda müharibə yaradıb, Rusiya üçün çox ciddi itkilər yaradacaq. Əvəzində Qərbdən siyasi və maliyyə resursu əldə edəcək. Amma bu gün Qarabağ məsələsində Qərb S.Sərkisyanın ssenarisini qəbul etmir, Ermənistandan uzaqlaşır. S.Sərkisyanda Qərbi cəzalandırmaq hissi baş qaldırıb.
2. RF-lə Gürcüstan arasındakı gərginliyi münaqişəyə çevirmək. Gürcüstanın Qərbə artan marağının yeni hərbi proqramlarda reallaşması RF-i ciddi narahat edir. RF XİN bir neçə dəfə bu məsələyə münasibət bildirib. Paradoksal olsa da Gürcüstanın ABŞ-dan “Javelin” tank əleyhinə raketlər almasından Rusiyadan qabaq Ermənistan narahat oldu. S.Sərkisyanın Tbilisidən Moskvaya MDB dövlət başçılarının qeyri-formal sammitinə uçacağını nəzərə alsaq, onun V.Putinə deməyə sözünün çox olduğunu ehtimal etmək olar: Gürcüstana qarşı münaqişə yaratmaq xidmətini ona təklif edə bilər.
Politoloq bildirib ki, rəsmi Yerevanın antiGürcüstan addımı təkcə bu deyil. Ermənistan ATƏT xətti ilə keçirdiyi tədbirdə də Gürcüstanda terrorçuların mövcudluğunu aktuallaşdırmışdı. Eləcə də Ermənistanda Gürcüstanın daxilindəki gərginlikdən sui-istifadə etmək istəyirlər. Cavaxetiya regionunda baş verənlər bunun bariz sübutudur. Gürcüstanı da iki çıxış yolu var:
ı. Beynəlxalq hüquqda “Güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək” prinsipi mövcuddur.
Gürcüstan dostları ilə birlikdə bu prinsipi Ermənistan üçün nəzərdə tutulmuş variantının hazırlanmasına nail olmalıdır: “Ermənistan Rusiyanı qızışdırmamalı və Rusiyanın adı ilə qonşularını hədələməməlidir” öhdəliyini götürməlidir.
ıı. Rəsmi Tbilisi Türkiyə və Azərbaycanla danışıqlara getməklə Cavaxetiya regionunda ermənilərin təhlükəsini neytrallaşdırmaq və bunu digər sahə və regionla əlaqəli məsələlərdə balanslaşdıra bilər.
“Cavaxetiya erməniləri Gürcüstan üçün Azərbaycan və Türkiyə ilə problem yaratmaqla məşğuldurlar. Rəsmi Tbilisi Cavaxetiya regionunda Azərbaycan faktorunu gücləndirməklə ermənilərin Gürcüstana olan strateji təhlükəsini neytrallaşdıra bilər. Gürcüstanda Türkiyə və Azərbaycan xofunun olduğu da sirr deyil. Bu xofu yaradanlar ermənilərdir və Gürcüstanın ictimai-siyasi mühitində bu xofa inananlar var. Cavaxetiya erməniləri vasitəsi ilə Ermənistanın təhlükəsi neytrallaşdığca, antiTürkiyə və antiAzərbaycan xof da azalacaq”- deyə, politoloq qeyd edib.
1news.az