Almaniyada sosial şəbəkələrdə hüquqların qorunması ilə bağlı qanun qüvvəyə minib
Əgər siz Almaniyada küçədə gedərkən sizi təhqir etsələr, bununla əlaqədar polisə müraciət edə bilərsiniz. Küçənin rəqəmsal analoqu olan sosial şəbəkədə də eyni məntiqlə hərəkət etmək olar. Lakin Almaniyada sosial şəbəkələrdə hüquqların qorunması barədə qanunu hazırlayanlar başqa prinsipi əsas götürüblər. Onlar böhtançıların, başqalarını incidənlərin, insanlar arasında ayrı-seçkilik və nifrət təbliğ edənlərin öhdəsindən gəlmək məsələsini sosial şəbəkələrin özlərinə həvalə ediblər.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, MDB ölkələrində analoji qanun layihələrinin müəllifləri birbaşa alman təcrübəsinə istinad edirlər.
Yeni qaydalar qeydiyyata alınmış istifadəçilərinin sayı iki milyondan çox olan sosial şəbəkələrə şamil edilir. Hələlik AFR hökuməti həmin qanuna əməl etməli olan yeddi sosial şəbəkə seçib: Facebook, YouTube, Instagram, Twitter, Google+, Pinterest və Soundcloud. Peşəkar sosial şəbəkələr və messencerlər bu siyahıya daxil edilməyib.
Qanunverici bu ilin əvvəlindən həmin şirkətlərə tapşırıb ki, “açıq-aşkar hüquqazidd” xarakterli materialları 24 saat ərzində sosial şəbəkədən silsinlər. Söhbət böhtan, hədə-qorxu, etnik ayrı-seçkiliyə və zorakılığa çağırış məzmunlu materiallardan gedir. Almaniya Ədliyyə Nazirliyinin fikrincə, bu cür materialların hüquqazidd olmasını iddia etmək üçün ciddi yoxlamalar aparılmasına ehtiyac yoxdur. Buna şübhə yarandığı hallarda məsələnin araşdırılması üçün sosial şəbəkəyə yeddi günə qədər vaxt verilə bilər.
Bəzi istifadəçilərin yazdığı postdan əvvəllər də şikayət etmək olardı, lakin indi sosial şəbəkələr bunun üçün xüsusi formulyar işləyib hazırlayıblar. Şikayətçi həmin formulyarda hansı postu təhqiramiz hesab etdiyini və onun fikrincə, bu postun qanunun formulyarda sadalanan iyirmi maddəsindən hansına uyğun gəldiyini göstərməlidir. Əgər sosial şəbəkə şikayətə cavab verməsə, şikayətçi Ədliyyə Nazirliyinə müraciət edə bilər. Nazirlik bu halın yeganə olmadığını və şirkətin sistem problemi olmasını müəyyən edərsə, həmin şirkəti 50 milyon avroya qədər cərimə gözləyir.
1news.az