Mübariz Əhmədoğlu: Ermənilər Avropada Qarabağ erməni separatçılığının SSRİ-ni dağıtması ilə öyünürlər
AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvü Samvel Farmanyan Dağlıq Qarabağ separatçılıq hərəkatının 30 illiyi barədə mühazirə oxudu. Mühazirədə əsas leytmotiv SSRİ-nin dağılması üzərində idi; Qarabağ hərəkatı və SSRİ-nin bu hərəkata qarşı müqavimət göstərə bilməməsi nəticədə SSRİ-nin dağılmasına gətirib çıxartdı.
Kifayət qədər vacib etiraflardan biridir. Ermənistan prezidenti S.Sərkisyan da “Moskovskiy novosti” qəzetinə Dağlıq Qarabağın SSRİ-ni dağıdan müstəvilərdən biri olduğunu etiraf etmişdi.
S.Farmanyan həm də Avropa strukturlarının Qarabağ erməni separatçılığına hələ Sovet İttifaqı mövcud ikən dəstək verdiyi sənədləri sadaladı. Onun sadaladığı sənədlərə ABŞ konqresinin 1989-cu ilin iyul və noyabr ayında qəbul etdiyi qətnamələri və ABŞ Dövlət Departamentinin hələ 1987-ci ildən SSRİ Xarici İşlər Nazirliyi ilə apardığı yazışmaları da əlavə etmək lazımdır.
Ermənilər ABŞ-ın xüsusi xidmət orqanlarının sifarişi ilə SSRİ-nin dağılmasında vacib iştirakçı olublar. SSRİ-nin də müqavimət göstərə bilməməsinin əsas səbəbi SSRİ rəhbərliyində bir qrup adamın ermənilərin vasitəsilə Qərbə əlaltılıq etməsi olub. Yeri gəlmişkən deyək ki, bu proseslər eynilə indi də gedir. Rusiyanın yüksək çinli bəzi rəsmiləri ağa, qaraya baxmadan yalnız ermənilərin mövqeyini müdafiə edirlər və buna görə də Qərb Rusiyaya qarşı özünü daha inamlı aparır.
Qarabağ hərəkatının 30 illiyi ilə əlaqədar Ermənistan cəmiyyətində də müəyyən aktivlik var. Hərəkatın iştirakçıları mətbuatda öz fikirlərini bildirirlər. Bütün bildirilmiş fikirlərdə SSRİ-nin dağılmasının Dağlıq Qarabağ hərəkatı ilə başlanması xüsusi qeyd olunur. Dağlıq Qarabağın özündə də qürur duyurlar ki, məhz SSRİ-nin dağılması Dağlıq Qarabağdan başlandı.
S.Farmanyan və yaxud hər hansı digər erməni rəsmisi Dağlıq Qarabağ münaqişəsinin mənşəyi, başlanma səbəbləri barədə Avroparlamentdə, AŞPA-da hətta ABŞ konqresində məruzələr edə bildikləri kimi RF Dövlət Dumasında da bu mövzuda mühazirələr oxuya bilərlər.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri