Mübariz Əhmədoğlu: İran XİN Dağlıq Qarabağ tənzimlənməsində vasitəçilik niyyətlərinə aydınlıq gətirməlidir
İran-Azərbaycan münasibətlərinin iqtisadiyyat və nəqliyyata aid seqmentləri çox uğurla inkişaf edir. İran icra strukturunun istənilən təşəbbüsü Azərbaycan tərəfindən ruh yüksəkliyi ilə qarşılanır və dərhal reallaşdırılır.
Qarşılıqlı səy iki ölkə arasındakı münasibətləri əvvəlki dövrlərlə müqayisədə xeyli yüksək səviyyəyə qaldırıb. Amma İranla Azərbaycan arasındakı münasibətlərin inkişafını arzulamayanlar hədsiz çoxdur və bunların böyük əksəriyyəti İranın daxilindədir. İranın daxilindəki müəyyən strukturlar Azərbaycan və Ermənistanda kifayət qədər gücü olan qruplar yaradıblar. İrandakı müəyyən strukturlar Azərbaycanla əlaqəli Dağlıq Qarabağ tənzimləməsi mövzusundan tez-tez istifadə edirlər və bunu siyasiləşdiriblər. Guya Dağlıq Qarabağ tənzimlənməməsinin səbəbi ATƏT-in Minsk Qrupunun hər 3 üzvünün xristian dövləti olmasındadır. Azərbaycan ATƏT-in Minsk Qrupundan imtina etməli, müsəlman dövlətlərinə, o cümlədən İrana üz tutmalıdır.
Əvvəla, Azərbaycan İranın vasitəçiliyini 1992-ci ildə qəbul etdi və bu Azərbaycana hədsiz baha başa gəldi. Şuşanı itirdi. İran bundan sonra onun vasitəçiliyinin əleyhinə olan, Şuşanı işğal edən Ermənistan və onun havadarları ilə birlikdə müttəfiqlik əlaqələrini daha gücləndirdi. Müasir dövrdə də Azərbaycan İranın Dağlıq Qarabağ tənzimlənməsində vasitəçiliyinin tərəfdarıdır və hətta bunda Azərbaycanın aktivlik nümayiş etdirdiyini də ehtimal etmək olar. Ümumilikdə Azərbaycan Dağlıq Qarabağ tənzimlənməsində alternativ vasitəçiliyin tərəfdarıdır. Dağlıq Qarabağ tənzimlənməsinin ATƏT MQ-nin monopoliyasından çıxması istiqamətində xeyli səy göstərir. 2018-ci ildə ATƏT-ə sədrlik edən İtaliyanın Xİ naziri Ancelino Alfano Moskvada olarkən ATƏT MQ-nin Dağlıq Qarabağ tənzimlənməsində yeganə format olmadığını bildirdi. İtaliya dünyada xristianlığın mənşəyi olan dövlətdir. İtaliya Azərbaycanın uzun illər boyu bir nömrəli ticarət tərəfdaşıdır.
Bütün bunları nəzərə alaraq İran Xarici İşlər Nazirliyinin öz vətəndaşları arasında İranın vasitəçilik təşəbbüsünə Azərbaycanın və Ermənistanın reaksiyaları barədə izahat işi aparmalıdır. İranın dövlət quruluşu fərqlidir. İran XİN həm prezidentə, həm də ali dini rəhbərin ofisinə tabedir. İranda bəzi qurumların Dağlıq Qarabağ tənzimlənməsindəki destruktiv mövqeyi İranın prezident komandasının Azərbaycan istiqamətində apardığı işlərə kölgə sala bilər. Ona görə İran XİN-i əmr-be-mərufu nəzərə alıb yaxşının və ya pisin tərəfində olduğunu nümayiş etdirməlidir. İran XİN-nin Ermənistanla vasitəçilik missiyasını müzakirə etməsi və hər dəfə rədd cavabı alması barədə səhih məlumatımız var. İranın vasitəçilik təşəbbüsünə Ermənistanın neqativ rolunu İran XİN-nin gizlətməsini İran-Azərbaycan münasibətlərinə zərbə vurması kimi dəyərləndirilə bilər.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri