İsrail alimləri xəttinə görə insanın əhval-ruhiyyəsini müəyyən etməyi öyrəniblər
Hayfa Universitetinin məlumatına görə, İsrail alimləri insanın əhval-ruhiyyəsinin onun xəttinə təsirini müəyyən ediblər. Bu, öz növbəsində emosional dəyişikliklərin aşkar edilməsində də istifadə oluna bilər.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, professor Sara Rozenblyumun bu kəşfi onun xətlə bağlı Parkinson xəstəliyinin əlamətlərini aşkar etməyi öyrəndiyi və insanın yalan yaxud doğru danışdığını müəyyən etdiyi əvvəlki tədqiqatlarının davamıdır.
Yeni tədqiqatlar sərbəst olaraq üç qrupa bölünmüş 62 insan üzərində aparılıb. Alimlər onların hər birində müəyyən edilmiş müsbət mənfi və neytral əhval-ruhiyyə yaratmağa çalışıblar. Sonra iştirakçılardan xətdəki azacıq dəyişiklikləri belə qeydə alan kompüterləşdirilmiş sistemin köməyi ilə ivrit mətninin paraqrafını yazmağı xahiş ediblər.
Universitetin məlumatında bildirilir: “Tədqiqatlar hər üç qrup arasında xəttin müxtəlif parametrləri üzrə fərqləri üzə çıxarıb. Məsələn, mənfi əhval-ruhiyyədə olan iştirakçılar müsbət yaxud neytral əhvalı olanlarla müqayisədə hərfləri daha ensiz və yüksək sürətlə yazıblar. Tədqiqatçılar bu faktı böyük ehtimalla mənfi əhval-ruhiyyənin beyində koqnitiv gərginlik yaratdığı və bunun da öz növbəsində xəttə dəyişikliklərə səbəb olduğu ilə izah edirlər”.
Ekspertlərin dediyinə görə, hazırda insanın əhval-ruhiyyəsini müəyyən etmək üçün bir çox hallarda subyektiv metodikalardan, o cümlədən onun öz ifadələrindən yaxud kənar müşahidədən istifadə edilir. Mətbuat üçün açıqlamada deyilir: “Fizioloji testlər mürəkkəb və bahalı olmaqla yanaşı, adətən günün adi rejimini pozur. Bundan əlavə, bir sıra hallarda insanlar öz əhvalı haqqında heç nə bilməyə və ya müxtəlif səbəblərdən reallıqla qətiyyən uzlaşmayan ifadələr verə bilər. Bu səbəbdən obyektiv və sadə metodun işlənib hazırlanması istər elmi, istərsə də terapevtik məqsədlər üçün zəruridir”.
1news.az