Köməyə çağırış: təcili müalicə olunmasa azyaşlı oğlu anasız qalacaq – FOTO

Xalidə Dadaşova 1978-ci ildə anadan olub. Ailəlidir, bir oğlu var. Oğlu ailə qurandan 8 il sonra dünyaya gəlib.
Düz 17 ildir ki, “Qırmızı qurdeşənəyi” (“Krasnaya volçanka”) xəstəliyindən əziyyət çəkir. Bu xəstəlikdən böyrək, ürək çatışmazlığı yaranıb. Vəziyyəti çox ağırdır, təcili müalicə lazımdır. Bu isə ölkədən kənarda mümkündür. Maddi durumlarının çox aşağı olması isə buna imkan vermir.
Yoldaşı düşdüyü avtoqəzadan sonra ciddi xəsarət alıb və çətinliklə gəzə bilir. Evləri olmadığından kirayə mənzildə qalırlar.
Xalidə xanımın vəziyyəti gün keçdikcə pisləşdiyindən tez-tez evə təcili tibbi yardım çağırmalı olurlar. Oğlu Fərid isə demək olar ki, hər gün məktəbə gözüyaşlı gedir. Qorxur ki, evə qayıdanda bir də anasını görməyə.
Xalidə xanım isə daha çox oğluna görə nigarandır. Ona bir şey olsa oğlunun gələcək taleyi barədə düşünür:
“Qurban olum sizə. Fəridə yazığınız gəlsin. Get- gedə lap pisləşirəm. Fərid hər səhər məktəbə gözüyaşlı gedir. Nə olar, mənə kömək edin. Balam yazıqdır, mənim balam məni görüb çox əziyyət çəkir”.
Qeyd edək ki, Xalidə xanımın və ailəsinin tək ümid yerləri dövlətimiz və xeyirxah insanlardır. İmkanı olan şəxslərdən gec olmadan bu ailəyə kömək etmələrini, Xalidə xanımın müalicəsinə köməklik göstərmələrini xahiş edirik. Anasız qalmağın necə dəhşətli bir şey olduğunu təsəvvür etmək elə də çətin deyil. Allah xətrinə, gəlin, bir uşağın anasız böyüməsinə imkan verməyək.
Babək Cahandarov