Şəmkirdə hərbi sursat tapılıb - FOTO

Fevralın 19-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şəmkir rayonunun Dəllər Daşbulaq kəndində hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan 1news.az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə bir otlaq sahəsinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 98 müxtəlif növ partlamamış hərbi sursat (96 ədəd müxtəlif çaplı güllə, bir ədəd F-1 əl qumbarası və bir ədəd UZRQM partladıcısı) və bir boş avtomat darağı aşkarlanıb. Həmin sursatlar götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Sursatların ətrafında 230 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Agentlik tərəfindən yanvarın 1–dən fevralın 19-dək, ümumilikdə, 684 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 23 min 215 kvadratmetr ərazi yoxlanılıb.
1news.az