10 kiloqramdan çox tiryəki satmaq istəyən şəxs ələ keçdi – FOTO

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu istiqamətdə keçirilən əməliyyatlar nəticəsində külli miqdarda tiryək aşkarlanaraq dövriyyədən çıxarılıb.
Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Rəşad Abışov şübhəli şəxs qismində saxlanılıb.
Şöbədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 10 kiloqram 710 qram tiryək aşkarlanıb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. R.Abışov ifadəsində tiryəki satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1news.az