TAP: Albaniyada boruların 70 faizi xəndəyə endirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

TAP: Albaniyada boruların 70 faizi xəndəyə endirilib

16:15 - 01 / 03 / 2018
TAP: Albaniyada boruların 70 faizi xəndəyə endirilib

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Albaniya marşrutunda boruların 70 faizi xəndəyə endirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, Cənub-Şərqi Avropa ərazisində havanın soyuq keçməsinə baxmayaraq boru kəmərinin inşası üzrə işlər qrafikə uyğun davam edir. TAP-ın 215 kilometrlik Albaniya hissəsində 150 kilometr boru xəndəyə endirilib.

Xatırladaq ki, fevralın 6-da Avropa İnvestisiya Bankının İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Bank bildirir ki, layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da TAP üçün 1,2 milyard avroya qədər kredit ayırmağı planlaşdırır. Bu məbləğin 500 milyon avrosu EBRD tərəfindən birbaşa kreditlə, 700 milyon avrosu isə sindikatlaşdırılmış kredit formasında olacaq. Kreditin ayrılması barədə qərarın cari ilin ortalarına qədər qəbul ediləcəyi gözlənilir.

TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 67 faizi yekunlaşıb. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 92 faizində ərazi təmizlənib və qiymətləndirilib, 615 kilometr boru qaynaq olunub, boruların 67 faizi xəndəyə endirilib, torpaq örtüyünün 52 faizi əvvəlki vəziyyətinə gətirilib.

Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirən İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. TAP-ın keçdiyi 3 ölkədə işçilər 65 milyon kilometr yol qət edib və 23 milyon nəfər-saat iş görülüb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq.

TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla, ümumilikdə iki kompressor stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar “Siemens” şirkəti tərəfindən istehsal edilib. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

S.Xankişiyeva

 

Paylaş:
546

Son xəbərlər

Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41
Bütün xəbərlər