İndoneziyanın Malanq İslam Universiteti Azərbaycanın üç ali məktəbi ilə əməkdaşlıq edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İndoneziyanın Malanq İslam Universiteti Azərbaycanın üç ali məktəbi ilə əməkdaşlıq edəcək

11:13 - 09 / 03 / 2018
İndoneziyanın Malanq İslam Universiteti Azərbaycanın üç ali məktəbi ilə əməkdaşlıq edəcək

İndoneziyanın Malanq İslam Universiteti ilə ((UNISMA) Azərbaycanın Xəzər Universiteti, Bakı Mühəndislik və Azərbaycan Dillər Universiteti arasında  anlaşma memorandumları imzalanıb.

1news.az-a İndoneziyanın Bakıdakı səfirliyindən verilən məlumata görə, anlaşma memorandumları iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlib.

İmzalanmış sənədlərdə UNISMA və Azərbaycanın üç universitetinin birgə tədqiqatlar aparması, tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq, birgə akademik konfransların keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

"Buna qədər İndoneziya ilə Azərbaycan arasında təhsil sahəsində bir sıra əməkdaşlıqlar olub. UNISMA ilə üç universitet arasında imzalanan anlaşma memorandumları yalnız kəmiyyəti deyil, əməkdaşlığın keyfiyyətini də artıracaq ", - deyə İndoneziyanın Azərbaycandakı səfiri Said Husnan bəy Fənanie bildirib.

UNISMA rektoru Prof. Dr. H. Masykuri Bakri üç universitetdə keçirdiyi görüşlərdə multikulturalizm sahəsində birgə araşdırmaların aparılmasını, eyni zamanda İndoneziya dili və mədəniyyətini öyrənmək üçün yay proqramları barədə təkliflər verib.

Qeyd edək ki, 1981-ci ildə qurulan UNISMA Araşdırmalar və Texnologiya və Ali Təhsil Nazirliyi yanında, həmçinin,  İndoneziyanın Dini İşlər Nazirliyinin 10 fakültəsində müxtəlif proqramlar təqdim etdiyi yüksək səviyyəli ali təhsil müəssisəsidir. UNISMA təkcə bakalavr və magistr dərəcəsi üçün kənd təsərrüfatından sosial elmlərə qədər müxtəlif proqramlar təqdim etmir, eyni zamanda İslam Multikulturalizmi üzrə doktorluq dərəcəsi təklif edir.

UNISMA heyətinə rektor Masykuri Bakri, Akademik və əməkdaşlıq üzrə rektor müavini Prof. Dr. H. Junaidi Mistar və əməkdaşlıq bölməsinin rəhbəri İmam Vəhyudi Kərimullah daxildir.

Görüşlərə İndoneziyanın Azərbaycandakı səfirliyi tərəfindən dəstək verilib.

P.Sultanova

Paylaş:
813

Son xəbərlər

Bütün xəbərlər