Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin nəzdində biznes klubu yaradılacaq
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin nəzdində biznes klubun yaradılması ideyasına həsr olunmuş tədbir keçirilib.
1news.az-ın məlumatına görə, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev tədbirdə çıxış edərək biznes klubunun əsas məqsədinin etimad mühitinin yaradılması, əməkdaşlığın genişləndirilməsi olduğunu bildirib. Klubun yaradılmasının təşəbbüs qrupuna MDBMİ-nin Biznes və Beynəlxalq Kompetensiya Məktəbinin direktoru Anjelika Mirzoyeva, tətbiqi iqtisadiyyat və kommersiya fakültəsinin dekanı Natalya Zaqrebelnaya, Ümumdünya BMT Assosiasiyaları Federasiyasının icraçı direktoru, UNESCO kafedrasının müdiri Aleksey Borisov, MDBMİ-nin Beynəlxalq Energetika Siyasəti və Diplomatiya İnstitutunun direktor müavini İqbal Quliyev və başqaları daxildir.
Təşəbbüs qrupunun üzvləri ilə uzun müddət tanış olduğunu bildirən R.Əliyev bu şəxsi münasibətlərin klubun gələcək fəaliyyətində mühüm rol oynayacağına əminliyini ifadə edib. R.Əliyev deyib ki, təşəbbüs qrupu cari ildə “Azərbaycanın investisiya imkanları”, “Rusiya-Azərbaycan orta və kiçik biznesinin ən uğurlu keyslərinin təqdimatı”, “Biznes klubun təqdimatı” mövzularında tədbirlərin keçirilməsini təklif edir.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi yaradılması nəzərdə tutulan biznes klubun əsas konsepsiyasından da söz açıb. Qeyd olunub ki, iştirakçılar arasında birbaşa işgüzar əlaqələrin qurulması, biznesin inkişafı və yeni layihələrin yaradılması, işçi qrupunun ünsiyyəti üçün münbit platformanın təşkili, sahibkarlıq sahəsində treninqlərin keçirilməsi, iş adamları və dövlət orqanları ilə birbaşa əlaqələrin qurulması, habelə Rusiyanın digər regionlarında və xarici ölkələrin biznes klubları ilə əməkdaşlıq konsepsiyanın əsasını təşkil edir.
Görüş iştirakçıları Azərbaycanın energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm sahələrində imkanları barədə Rusiya biznes dairələrinə geniş məlumat verilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə MDBMİ-nin MBA proqramının nümayəndələri bu yaxınlarda Bakıya səfərlərinin nəticələri barədə məlumat veriblər. Qeyd olunub ki, səfər gənc sahibkarlara biznes əlaqələri qurmaq, təcrübə mübadiləsi aparmaq, gələcək əməkdaşlığın əsaslarını müəyyənləşdirmək imkanı verib.
Biznes klub öz ətrafında Rusiyanın Azərbaycan ilə işgüzar əlaqələr qurmaq niyyətində olan gənc və perspektivli sahibkarlarını birləşdirməyi planlaşdırır.
1news.az