Azərbaycanda ilk dəfə Kür çayı üzərində kanat yolu istifadəyə verilib - FOTO
Mingəçevir turizm potensialı olan şəhərlərdən biridir. Şəhərdə yeni otellər, istirahət və əyləncə mərkəzləri inşa edilir, müasir infrastruktur yaradılır.
Mingəçevirə gələn yerli və xarici turistlər Kür çayı üzərində qurulan yeni bir gəzinti-əyləncə vasitəsi olan kanatdan da istifadə edə biləcəklər.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhərdə fəaliyyət göstərən beşulduzlu “Ağsaray” otelinin sifarişi ilə Kür çayının kənarındakı Sahil parkında yeni kanat xətti inşa olunub. Yay aylarında Mingəçevirə çoxlu turistin cəlb edilməsi üçün tikilən və bu günlərdə istifadəyə verilən kanat xətti iki kabinədən ibarətdir. Bu yeni əyləncə vasitəsi ilə çayın sağ sahilindən sol sahilinə keçmək mümkündür. Elektrik motorla hərəkət etdirilən qurğu insanlara tam təhlükəsiz xidmət göstərir.
Metal troslar üzərində hərəkət edən kabinələrin hər biri 320 kiloqram çəkiyə malikdir və eyni vaxtda onun içərisində 4 nəfər rahat əyləşərək çay üzərində 10 dəqiqəlik gəzintiyə çıxa bilir. Kanatla bir nəfərin gəzintisi 2 manata başa gəlir. Gələcəkdə kabinələrin sayının artırılması nəzərdə tutulur.
Bundan əlavə, Mingəçevirə kiçik həcmli yeni müasir motorlu gəmilər də gətirilib. Turistlər bu nəqliyyat vasitələri ilə Kür çayında təhlükəsiz gəzintiyə çıxmaq imkanı əldə ediblər.
1news.az