Bakıda süpürgəçilərə xüsusi geyimlər paylanılıb

Suraxanı Rayon İcra Hakimiyyətində paytaxtda təmizlik işləri aparan şəxslər üçün hazırlanan xüsusi geyim formasının təqdimatı olub.
1news.az-ın məlumatına görə, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov və başqaları iştirak ediblər.
Vaqif Əsədov bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi əsasında hazırlanan yeni geyimlər paytaxtımızda təmizlik işləri aparan 500 nəfərə paylanılacaq:
“Bakı şəhəri ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması halları böyük narahatlıq doğurur. Buna görə də qabaqlayıcı tədbirlərin həyata keçirlməsi zəruriliyi yaranıb. Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün jilet formasında yeni geyimlər hazırlanıb. Paytaxtın bütün rayonlarına bu jiletlərdən paylanacaq.
Bu geyimlərin əsas üstünlüyü üzərində düymə ilə idarə olunan sayrışan işıqlar və xüsüsi işıq qaytarıcılarının olmasıdır. Gödəkçənin üzərində olan düymə vasitəsilə işıqlar 3 formada yanacaq – daimi yanan, yanıb-sönən və sürətli yanıb-sönən işıq forması. Həmin sayrışan işıqlar və işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub”.
Tədbirin sonunda Suraxanı rayonu ərazisində fəaliyyət göstərən 100-ə yaxın kommunal-təsərrüfat birliyi işçilərinə xüsusi jiletlər təqdim olunub.
Qeyd edək ki, ölkəmizdə bir neçə dəfə yol kənarında təmizlik işi aparan süpürgəçilərin maşınla vurularaq ölməsi faktı baş verib. Sonuncu belə hadisə keçən həftə qeydə alınıb. Belə ki, aeroport yolunda süpürgəçi Cəmilə Salahova yol süpürərkən “Kamaz”la vurularaq öldürülüb.
1news.az