Salyan-Neftçala avtomobil yolu əsaslı şəkildə təmir olunub – VİDEO
Salyan və Neftçala rayonlarını birləşdirən 45 kilometr uzunluğunda respublika əhəmiyyətli avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmir olunub.
1news.az-ın Agentliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişindaşımasını asanlaşdırmaq məqsədilə Salyan-Neftçala avtomobil yolu əsaslı təmir edilərək, müasir yol infrastrukturu yaradılıb.
Təmir-tikinti işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə çınqıl materialı tökülərək kipləşdirilib. Daha sonra yolboyu asfaltlanma işləri aparılıb.
Texnoloji ardıcıllığa uyğun olaraq, aparılan bərpa işləri zamanı yolun 7 metr enində hərəkət hissəsi nəzərə alınmaqla təqribən 300 min kvadratmetrdən çox sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa, görülən işlər çərçivəsində yol üzərində yerləşən və 66 metr uzunluğa malik avtomobil körpüsünün təmiri, məhəccərlərinin dəyişdirilməsi, həmçinin yolboyu 30 ədəd mövcud avtobus dayanacağının sökülərək yenidən tikilməsi və əlavə 4-nün inşa edilməsi işləri də görülüb.
Əsaslı bərpa işləri tamamlandıqdan sonra yolboyu avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 206 ədəd yol nişanı və 980 ədəd siqnal dirəyi quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.
Söz gedən yolun əsaslı təmiri Salyan və Neftçala rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.
1news.az