Aprel ayında 7 mina və 2596 PHS zərərsizləşdirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cari ilin aprel ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, keçən ay ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Tərtər, Ucar rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 5,938,510 m2 (593.85 ha) ərazi yoxlanılıb.
Aparılmış əməliyyatlar nəticəsində 2,596 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (TƏM) və 4 ədəd piyada əleyhinə mina (PƏM) (cəmi: 2,603 ədəd) və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 487 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət (CƏMİ: 623 nəfər), 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 523,990,199 m2 (52,399.02 ha) ərazi təmizlənib və 796,754 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
Məlumata görə, aprel ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 20 (iyirmi) və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 25 (iyirmi beş) müraciət daxil olub.
Müraciətlər əsasında 43,250 m2 ərazi təmizlənib, 1,073 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (TƏM), 1 ədəd piyada əleyhinə mina (PƏM) (CƏMİ: 1,075 ədəd) və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Babək Cahandarov