Ülvi Mehdiyev: “Gələcəkdə vətəndaşlarımız “ASAN Viza” ilə Avropaya rahat səfər edə biləcəklər” | 1news.az | Xəbərlər
Müsahibə

Ülvi Mehdiyev: “Gələcəkdə vətəndaşlarımız “ASAN Viza” ilə Avropaya rahat səfər edə biləcəklər”

12:34 - 03 / 05 / 2018
Ülvi Mehdiyev: “Gələcəkdə vətəndaşlarımız “ASAN Viza” ilə Avropaya rahat səfər edə biləcəklər”

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyevin APA-ya müsahibə verib.

Agentlik sədri müsahibəsində fəaliyyətinin əsas prinsipləri, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid, dövlət orqanlarının xidmətlərində aşkar olunan çatışmazlıqlar, “ASAN Viza” sistemi və digər məsələlərdən danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Ülvi müəllim, ilk olaraq Sizi "ASAN xidmət"in sədri vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Ülvi müəllim, fəaliyyətinizdə əsasən hansı prinsiplər üstünlük təşkil edəcək?

- Bildiyiniz kimi, mən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədr müavini vəzifəsində çalışmışam. “ASAN xidmət”in prioritetlərini, prinsiplərini Azərbaycan Prezidenti cənab İlham Əliyevmüəyyən edir. Bizim prinsiplərimizin əsasını şəffaflıq, vətəndaşlarla nəzakətli davranış və məsuliyyət təşkil edir. Biz bu prinsipləri rəhbər tutmaqla, olduğumuz yerdən davam edəcəyik və bizə verilən tapşırıqların öhdəsindən gəlmək üçün əzmlə çalışacağıq.

Bu gün “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 10 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 250-dən çox müxtəlif xidmət göstərilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, qısa müddətdə “ASAN xidmət” bütün ölkəni əhatə etməlidir. Hazırda ölkədə 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Payızda Şəki və İmişlidə “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək. Bundan sonra isə Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Cəlilabadda “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq. 2020-ci ilə kimi, hətta 2020-ci ildən də tez Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin sayını 20-yə çatdırmağı planlaşdırırıq.

Bundan başqa, 10-a yaxın dövlətlə memorandum imzalamışıq. Hansı ki, həmin ölkələr “ASAN xidmət” modelini öz ölkələrində tətbiq etmək istəyirlər. Artıq Əfqanıstanda “ASAN xidmət” adlı qurum yaradılıb.

- Bu ilin mart ayında ölkə başçısı İlham Əliyev elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmandan irəli gələn məsələlərin həlli ilə əlaqədar tərəfinizdən hansı işlər görülür?

- Fərmanda nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Artıq publik hüquqi şəxs qeydiyyatdan keçirilib. Vətəndaşlarımız növbəti illərdə fiziki olaraq aldıqları xidmətləri elektron şəkildə də əldə edə biləcəklər. Elektron hökumətin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüləcək. Aidiyyəti dövlət orqanları ilə birgə İşçi qrupları yaradılıb. Qısa müddət ərzində elektron hökumət tam gücü ilə işə düşəcək və bundan sonra vətəndaşlarımız müvafiq xidmətlərdən yararlana biləcəklər. Biz ilk növbədə çalışacağıq ki, insanların kütləvi şəkildə istifadə etdikləri xidmətlər elektronlaşdırılsın, vətəndaşlar evlərini, iş yerlərini tərk etmədən internet üzərindən dövlət qurumlarına müraciət edə bilsinlər və zəruri sənədlərini elektron qaydada ala bilsinlər.

Konkret olaraq, hansı mərhələdə hansı xidmətlərin elektronlaşdırılacağı ilə bağlı fəaliyyət planımız var. Bu, hələlik layihə formasında olduğu üçün detalları açıqlamaq istəmirəm. Vaxtı çatanda bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Ümumilikdə, elektron hökumət sahəsində çox ciddi islahatlar aparılacaq. Vətəndaşlar gündəlik həyatlarında bunu hiss edəcəklər.

- Sizin də qeyd etdiyiniz kimi, bu gün “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 10 dövlət orqanı, özəl şirkət və müəssisələr tərəfindən 250-dən çox müxtəlif xidmət göstərilməkdədir. Digər başqa dövlət orqanlarının aidiyyəti xidmətlərinin “ASAN xidmət”ə inteqrasiyası nəzərdə tutulub?

- Artıq bir sıra dövlət orqanları özləri təşəbbüs göstərirlər ki, onların bəzi xidmətləri “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilsin. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) müəyyən xidmətlərini bizim mərkəzlərdə həyata keçirməyə başlayıb. Qida Təhlükəsizliyi Agentliyi ilə də danışıqlar aparılır. Onlar da bəzi xidmətlərini “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirəcəklər.

Qeyd etdiyim kimi, dövlət orqanları bu işdə təşəbbüs göstərməyə başlayıblar. Operativliyin təmin edilməsi baxımından bu, həm dövlət orqanları, həm də vətəndaşlar üçün rahat şərait deməkdir. Lakin bununla belə, dövlət orqanlarının göstərdikləri hansı xidmətlərin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməli olduğunu Azərbaycan Prezidenti cənab İlham Əliyev imzaladığı fərmanlarla müəyyən edir.

- “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə 2016–2017-ci illər üzrə pilot layihə çərçivəsində 10 dövlət orqanı və Bakının yerli icra hakimiyyətlərinin müvafiq xidmətləri üzrə qiymətləndirmə aparılıb. Qiymətləndirmənin bütün dövlət orqanlarının xidmətlərini əhatə etməsi mümkündürmü?

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, bütün dövlət xidmətləri “ASAN xidmət” standartlarına uyğun həyata keçirilməlidir. Dövlət xidmətlərini bu standartlara uyğunlaşdırmaq üçün biz gərək hər bir xidməti qiymətləndirək. Buna görə də “ASAN xidmət indeksi” parametrləri müəyyən olundu. Xidmət üçün tələb olunan sənədlərin sayı, müddət, xidmət üçün ödəniş, xidmətin elektronlaşdırılıb- elektronlaşdırılmaması, xidmətlə bağlı şikayət mexanizminin işləmə qaydası, xidmətlə bağlı “qaynar xətt”in fəaliyyət göstərib-göstərməməsi və sair. – bütün bunlar hamısı “ASAN xidmət indeksi”nin meyarlarıdır. Hər bir xidmət tərəfimizdən hərtərəfli qiymətləndirilir. Hansı xidmətlər daha da sadələşdirilə bilər, təkrarçılıq yaradan xidmətlərin aradan qaldırılması, hansı xidmətlər elektronlaşdırılmalıdır – bütün bu məsələlər hamısı qiymətləndirmə nəticəsində ortaya çıxıb.

2018-ci ilin sonunda bütün dövlət orqanlarının 600-dən çox xidməti “ASAN xidmət indeksi” üzrə qiymətləndiriləcək. Nəticələr həm qiymətləndirmənin aparıldığı dövlət orqanlarına, həm rəhbərliyə, həm də mətbuat vasitəsilə ictimaiyyətə təqdim olunacaq. Bu il dövlət orqanlarının qiymətləndirilməsində yeni üsul tətbiq olunacaq. Adətən dövlət orqanı xidmət barədə özü məlumat verir. Onların verdiyi məlumat əsasında, “ASAN xidmət” dövlət orqanının göstərdiyi xidməti qiymətləndirir. Artıq vətəndaş da ona göstərilən xidməti qiymətləndirə biləcək. Vətəndaşların qiymətləndirmə prosesində iştirakı təmin olunacaq. Üç tərəfli bir qiymətləndirmə aparılacaq ki, bu da daha obyektiv qiymətləndirməyə gətirib çıxaracaq. Eyni zamanda, problemlərimizi daha aydın görməyə kömək edəcək. 

- “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə pilot layihə çərçivəsində aparılan qiymətləndirmə zamanı dövlət orqanlarının xidmətlərində hansı çatışmazlıqlar aşkarlanıb?

- Biz daha çox çalışırıq ki, xidmətlərin elektronlaşdırılmasına üstünlük verilsin. Qiymətləndirmə zamanı bir sıra xidmətlərin elektron qaydada göstərilmədiyi, bəzi xidmətlərlə bağlı vətəndaşların məlumatlandırılmasına ehtiyac olduğu üzə çıxdı. Çatışmazlıqlarla da bağlı hər bir quruma təkliflərimizi göndərmişik.

- “ASAN Viza” 1 sistemi vasitəsilə əcnəbilərə elektron vizalar verilir. Azərbaycan vətəndaşlarına da viza verilməsi üçün “ASAN Viza” 2 konsepsiyası hazırlanır. İlkin olaraq Azərbaycan vətəndaşları üçün hansı ölkələrə vizaların verilməsinə başlanılacaq?

- Sizin də qeyd etdiyiniz kimi, “ASAN Viza” 1 konsepsiyası əsasında əcnəbilərə elektron vizalar verilməkdədir. “ASAN Viza” 2 konsepsiyasına əsasən isə, Azərbaycan vətəndaşları viza tələb olunan ölkələri seçəcək. Sistem özü elektron qaydada viza üçün tələb olunan sənədləri aidiyyəti dövlət orqanlarından toplayıb səfirliklərə göndərəcək. Səfirlikdə sənədlərlə tanış olacaqlar. Məqbul hesab olunacağı təqdirdə vətəndaşlarımıza vizalar veriləcək.

Biz vətəndaşlarımızın xarici səfərlərə daha rahat getməsini istəyirik. “ASAN Viza” 2 konsepsiyası ilə bağlı texniki işlər həyata keçirilir. Bu işdə xarici ölkə səfirlikləri də maraqlı olmalıdırlar. Məsələ ilə bağlı müxtəlif səfirliklərlə danışıqlar aparılır. Artıq bir neçə səfirlik bu işə öz razılığını verib. Biz pilot layihə olaraq bir neçə ölkəni nəzərdə tutmuşuq. Gələcəkdə digər ölkə səfirliklərini də bu sistemə qoşmaqla vətəndaşlarımız xarici dövlətlərə asan və rahat səfər edə biləcəklər.

Biz Azərbaycan vətəndaşlarının daha çox səfər etdikləri dövlətləri sistemə cəlb etmək istəyirik. Əsasən də Avropa ölkələrini nəzərdə tuturuq.

- “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin fəaliyyətindən narazılıq halları olurmu?

- “ASAN xidmət” mərkəzlərində şikayətlərə çox həssas yanaşılır. Biz şəffaflığı təmin etmək istəyiriksə, şikayətlər həssaslıqla araşdırılmalıdır. Vətəndaşların şikayət və təkliflərini bildirmələri üçün 108-Çağrı mərkəzimiz fəaliyyət göstərir. Hər bir mərkəzdə şikayət jurnalları var. Vətəndaşlara xidmət göstəriləndən sonra onlarla rəy sorğusu keçirilir. Nöqsanlar aşkarlandığı təqdirdə, onların aradan qaldırılması üçün ciddi tədbirlər görülür. Bəzi şikayətlər var ki, obyektiv səbəblərdən biz onu aradan qaldıra bilmirik. Məsələn, infrastrukturla bağlı şikayətlər olur. Vətəndaş deyir ki, niyə mən ikinci mərtəbəyə qalxmalıyam? Bunun harası asan oldu?! (gülür).

Biz bu şikayəti heç vaxt təmin edə bilmərik. Çünki bütün xidmətlər bir mərtəbədə olmaya bilər. Sizə deyim ki, hansı mərkəzdən az şikayət daxil olursa, biz o mərkəzdə işin qaydasında getmədiyini düşünürük. Dərhal həmin mərkəzi nəzarətə götürürük. Şikayətlər bizə nöqsanlarımızı göstərir. Rəy sorğularına görə, “ASAN xidmət” mərkəzlərində 100 faizə yaxın vətəndaş məmnunluğu təmin edilib. Bu bizim dövlət orqanları ilə birgə zəhmətimizin nəticəsidir.

- “ASAN xidmət” mərkəzlərində qeydiyyat məhdudiyyəti olmadan göstərilən xidmətlərin siyahısının genişləndirilməsi də nəzərdə tutulub?

- Bizim əsas məqsədimiz odur ki, xidmətlər vətəndaşlarımız üçün daha rahat, daha əlçatan olsun. Artıq ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi ilə bağlı qeydiyyat məhdudiyyəti aradan qaldırılıb. 2019-cu il yanvarın 1-dən vətəndaşlara yeni nəsil, biometrik şəxsiyyət vəsiqələri veriləcək. Biometrik şəxsiyyət vəsiqələrinə keçiddən sonra qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlar istənilən “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələri ala biləcəklər. Eyni zamanda, bir çox qurumlar qeydiyyat məhdudiyyətini aradan götürüb. Bəzi hallarda sırf texniki və hüquqi məsələlər ortaya çıxır ki, onu həll etmədən məhdudiyyətləri aradan qaldırmaq olmur. Bununla bağlı, qanunvericiliyə dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlanıb.

- “ASAN xidmət”də göstərilən xidmətlərdən yararlanmaq istəyən axtarışda olan şəxslərin mərkəzlərdə saxlanılaraq hüquq – mühafizə orqanlarına təhvil verilməsi halları olub?

- Bu cür hallarla bağlı biz aidiyyəti qurumlarla birgə konkret prosedur müəyyən etmişik. Hər “ASAN xidmət” mərkəzinə gündəlik 2000–2500 şəxs daxil olur. Onlardan bəzən gün ərzində 3 və ya 4 nəfər axtarışda olan şəxs saxlanılaraq hüquq –mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Hətta xidmətlərimizdən yararlanmaq istəyən İnterpol xətti ilə axtarışda olan şəxslər də mərkəzlərimizdə aidiyyəti orqanlar tərəfindən saxlanılıblar.

1news.az

Paylaş:
1229

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər