Bakıda ilk dəfə Dünya Limanları Konfransı keçirilir
Bakıda Dünya Limanlar Konfransı (IAPH Baku 2018) öz işinə başlayıb.
1news.az xəbər verir ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ev sahibliyi etdiyi Dünya Limanları Konfransına rekord sayda nümayəndə heyəti qatılıb. Belə ki, dünyanın aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Filippin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla dünyanın 65 ölkəsindən beynəlxalq limanların, biznes icmasının, gəmiçilik və logistika üzrə iri şirkətlərin 400-dən çox nümayəndəsi Dünya Limanları Konfransında iştirak edir.
Konfransa “DP World”un sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim, İndoneziyanın ən böyük liman korporasiyası “IPC”in prezidenti Elvin Masassaya, Triyest limanının prezidenti Zeno-d`Aqostino, Avstraliyanın “New South Wales” (sabiq Sidney Port Korporasiyası) baş direktoru Qrant Qilfilan, Nigeriya Limanlar Administrasiyasının icraçı direktoru Xadiza Bala Usmanın və sair yüksək rütbəli qonaqlar da qatılıb.
Qeyd edək ki Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) 2016-cı ildə Panamada keçirilən illik konfrans zamanı Direktorlar Şurası yekdilliklə 2018-ci il üçün Dünya Limanları Konfransının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul etmişdir. Mənzil qərargahı Tokio şəhərində olan IAPH 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. Qurumun illik konfransları 2013-cü ildə Los Angeles, 2014-cü ildə Sidney, 2015-ci ildə Hamburq, 2016-cı ildə Panama və 2017-ci ildə Bali kimi böyük liman şəhərlərində keçirilib.
1news.az