Azərbaycan və Çinin turizm assosiasiyaları arasında memorandum imzalanıb - FOTO
Azərbaycan Turizm Assosiasiyası (AzTA) Çinin Şanxay şəhərində keçirilən “Travel Trade Show - İTB 2018” sərgisində iştirak edir.
AzTA-dan 1news.az-a bildirilib ki, assosiasiyanın təşkilatçılığı ilə sərgidə 8 yerli turizm şirkəti təmsil olunur. Şirkətlər müxtəlif reklam vasitələri ilə ölkəmizin turizm potensialını təbliğ edir və potensial tərəfdaşlarla biznes əlaqələrinin qurulması haqqında danışıqlar aparırlar.
Sərgidə Azərbaycanın turizm imkanlarına həsr olunmuş stend iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi çərçivəsində Azərbaycan və Çinin turizm assosiasiyaları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandum birgə layihələrin həyata keçirilməsi, beynəlxalq sərgilərdə iştirak, eləcə də qarşılıqlı turist axınını təmin etmək sahələrində əməkdaşlığı nəzərdə tutur.
1news.az