Azercell Azərbaycanın ən yaxşı startapını seçəcək
1 milyon ABŞ dolları qazanmaq üçün əla fürsət!
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə ölkəmizdə 6-cı dəfə Seedstars World müsabiqəsinin yerli seçimləri baş tutacaq.
8 iyun 2018-ci il tarixdə ADA Universitetində Azərbaycanın 10 ən yaxşı startapı ölkəni Seedstars sammitində təmsil etmək və 1 milyon ABŞ dolları qazanmaq uğrunda mübarizə aparacaq. Qaydalara əsasən 2 ildən daha az müddətdə fəaliyyət göstərən, bu müddətdə real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar müsabiqədə iştirak edə bilərlər. Meyarlara uyğun olan startaplar yarışa qatılmaq üçün https://www.seedstarsworld.com/event/seedstars-baku-2018
linki vasitəsilə may ayının sonuna qədər qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, tədbirin keçirilməsində Seedstars-ın məqsədi inkişaf edən ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları diqqət mərkəzinə gətirməkdir. Bu məqsədlə Seedstars ən innovativ və yeni yaranan startapları müəyyən etmək üçün 65-dən çox ölkəyə səfər edir və onlara İsveçrədə keçirilən beynəlxalq Seedstars Sammitində 1 milyon ABŞ dollarına qədər investisiya vəsaiti əldə etmək, dünyanın müxtəlif ölkələrindən olan investorlar və mentorlarla əlaqələr qurmaq imkanı yaradır. Əvvəlki iştirakçılar toplam 92 milyon ABŞ dollarından artıq investisiya cəlb etmiş və bununla 2,100-dən çox iş yerinin yaranmasını təmin edmişdir.
Məlumat üçün bildirək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların müstəqil şirkətlər kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz:
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
Reklam hüququnda