AXC dövründə neft sənayesi ağır vəziyyətdən necə çıxarıldı?
Bu il Azərbaycanın tarixində əlamətdar hadisə - Azərbaycan Xalq Cümhuriyyətinin(AXC) yaradılmasının 100-cü ildönümü il yadda qalacaq. Bu tarix hər bir azərbaycanlı üçün qürur, şərəf tarixidir. Dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlılar 100 il əvvəl müsəlman Şərqində ilk Demokratik Respublikanın məhz Azərbaycanda qurulmasından böyük qürur hissi keçirirlər.
Prezident İlham Əliyev 2018-ci ilin yanvar ayında bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdiyi, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu bildirilir. Qeyd edilir ki, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və xaricdə silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Artıq həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda çoxsaylı yubiley tədbirlərinə başlanılıb.
AXC qısa müddət, cəmi 23 ay yaşasa da, müstəqil dövlət kimi böyük işlərə imza ata bildi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanındı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratdı, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağladı.
AXC-nin fəaliyyəti təkcə beynəlxalq əlaqələrin qurulmasını əhatə etmədi. Daxildə də mühüm islahatlara başlanıldı. Belə ki, 1919-cı ildə AXC-nin Silahlı Qüvvələri, Hərbi-Hava Qüvvələri təşkil edildi, müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirildi.
AXC-nin iqtisadi platforması da kifayət qədər maraqlı və mükəmməl idi. Bu platformada mülkiyyət plüralizmi-dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılması nəzərdə tutulurdu. Bolşevizmdən fərqli olaraq, Cümhuriyyət liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Əksinə, hesab edirdilər ki, "bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür.
Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar - “Bakı bonları” buraxıldı.
O vaxtadək “Nikolay” pulları və “Kerenski” pul vahidləri işlənirdi. Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması ilk vaxtlardan hökumətin iqtisadi siyasətinin əsas məsələsi oldu. Çünki milli valyuta inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı. AXC parlamentinin qəbul etdiyi 270 qanundan 23-ü iqtisadiyyatla bağlı olub.
Əlbəttə ki, Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi neft sənayesi ilə bağlı da Cümhuriyyət dövründə mühüm addımlar atıldı. Belə ki, neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı - Batum neft kəməri bərpa olundu. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə də neft sənayesi iqtisadiyyatın əsas sahəsi sayılırdı, çünki bu zaman neft dünyanın ən önəmli hərəkətverici qüvvəsi idi. Odur ki, parlament və hökumət neft hasilatı və emalının vəziyyətini vaxtaşırı təhlil edir, dünya neft bazarını öyrənirdi.
Xalq Cümhuriyyətinin iqtisadiyyatı bütünlüklə neftin ixracı ilə bağlı idi. Bakı Soveti süqut etdikdən sonra Bakıya köçən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 5 oktyabr 1918-ci ildə neft sənayesinin milliləşdirilməsi haqqında verdiyi xüsusi dekretlə bütünlüklə neft modemlərini, Xəzər ticarət donanmasını, gəmiləri, zavodları, emalatxanaları neft sahibkarlarına qaytardı, istehsal edilmiş neftin üçdə iki hissəsini onlara verdi, üçdə bir hissəsini özünün sərəncamında saxladı, neftin Rusiyaya daşınmasını qadağan etdi. 1919-cu ildə neft ehtiyatı üç dəfə artaraq, 1920-ci ilin əvvəlində 300 milyon puda çatdı. Yaranmış əlverişli vəziyyət Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qonşu dövlətlərə sərbəst neft satmağa imkan verdi. Azərbaycan neft sənayesinin sabitləşdirilməsi və inkişaf etdirilməsində hökumətin 1919-cu ildə elan etdiyi dekret xüsusi əhəmiyyət kəsb edirdi. Bu dekretə görə neft sənayesi üzərində dövlət nəzarəti qoyuldu, neftin və neft məhsullarının Batumiyə daşınmasına və satılmasına, mal mübadiləsinə icazə verildi. Dekretlə bağlı 1919-cu ilin mart ayında uzunluğu 500 kilometr, nəql gücü 3 milyon ton olan 1903-1907-ci illərdə tikilən və müharibə illərində sıradan çıxmış Bakı-Batumi neft kəməri bərpa edildi və ilk neft yola salındı.
Neft sənayesinin sürətlə inkişafını təmin etmək üçün yeni istehsal infrastrukturlarının yaradılması tələb olunurdu. Yeni istehsal sahələrinin yaradılması, təzə-quyuların qazılması, onların istifadəyə verilməsi, hasilatın artırılması neft sənayesinin ehtiyaclarının yerinə yetirilməsi tələblərindən irəli gəlirdi. Bütün bu işlər neftçıxarma və neft emalı sənayesinə xidmət edən maşınqayırma və təmir müəssisələrinin təşkilindən başlandı. Ən əvvəl maşınqayırma müəssisləri. qazanxanalar, polad və dəmir prokatlar, qaynaq emalatxanaları yaradılıb istifadəyə verildi. Bununla yanaşı, neftçıxarmada başlıca xidmət sahəsi olan enerji təsərrüfatı təşkil edildi. Həmin dövrdə elektrik stansiyalarının gücü 63,7 min kVt-a çatdırılmışdı. İstehsal olunmuş elektrik enerji sərfinin 95 faizə qədəri - neft rayonlarının payına düşürdü. Görülən tədbirlər nəticəsində artıq 1918-1920-ci illərdə Azərbaycanda sənaye kompleksinin və istehsal infrastrukturunun yaradılması prosesi başlandı. Həmin dövrdə neftçıxarma, neft emalı, neft avadanlıqlarının təmirinə və istehsalına xüsusi fikir verilirdi. Neft mərkəzi hesab edilən Bakı şəhərində əhalinin tələbatını ödəmək məqsədilə yüngül, yeyinti sənayesinin, yükdaşıma və şəhər nəqliyyatı təsərrüfatlarının inkişafı xeyli sürətləndirildi.
1918-ci ildə Bakıda mövcud olan 165 müstəqil neft firmasının özünəməxsus mədənləri, neft emal edən zavodları, boru kəmərləri və anbarlan var idi. Bu dövrdə Bakının neft təsərrüfatı özündə 19 iri təşkilatı birləşdirirdi. Onlardan 17-si neft mədənlərini, biri neft emalı zavodlarını, digəri isə boru kəməri şəbəkəsini əhatə edirdi.
Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq artmaqda olan idxal-ixrac əməliyyatları və ödənişləri tənzimləmək üçün 1919-cu ilin sentyabr ayının 30-da Bakıda təntənəli surətdə Azərbaycan Dövlət Bankı yaradıldı və kredit bankları açıldı.
О vaxt neft sənayesində yaranan ən mühüm problemlərdən biri neftin emal edilməsində yaranmış çətinliklərlə bağlı idi. Dağıntılar nəticəsində neft hasilatı ilə emalı arasında böyük uyğunsuzluq yarandı. Azərbaycanda mövcud olan çoxsaylı neft emalı müəssisələrinin ümumi gücü 0,5 mln. ton təşkil edirdi. 1918-ci ildə Azərbaycanda neft emalının həcmi təxminən 200 min tona endiyindən xaricə neft, əsasən, xammal şəklindən ixrac edilirdi. Bu dövrdə Bakının neft təsərrüfatında fəaliyyət göstərən şirkətlər aşağıdakı transmilli korporasiyalarda birləşdilər. Neft emalı, kimya və neftin ixracı ilə Nobel qardaşları məşğul olurdular. Neftin hasilatı, emalı və ixracını rus neft şirkəti həyata keçirirdi. Neft hasilatı, neftayırma sahələrinin avadanlıqlarla təchizatın ingilis-holland "Şell" tresti yerinə yetirildi. Maliyyə-neft korporasiyasında iştirak edən 10-dan artıq xarici ölkə şirkətləri neft və neft emalı sənayesinin inkişafını maliyyələşdirirdilər.
AXC hökuməti neft sənayesinin işinin tənzimlənməsi, inkişafının təmin edilməsi və bu sahə üzərində dövlət nəzarətinin möhkəmləndirilməsi məqsədilə 1919-cu ilin əvvəlində xüsusi qərar qəbul etdi. Həmin qərara əsasən ölkə neftinin yalnız Batumi boru xətti ilə daşınmasına, satılmasına və mübadiləsinə icazə verilirdi. Bu qərarla Azərbaycan neftinin dağıdılmasının, mənimsənilməsinin qarşısına ciddi sədd çəkildi. Beləliklə, təqribən 18 ay neft sənayesi Xalq Cümhuriyyətinin sərəncamında qaldı. 1919-cu ildə Bakıda istehsal olunan neftin 40,5 milyon pudu Batumi, Krasnovodsk, Pəhləvi limanları vasitəsi ilə xarici ölkələrə satıldı.
Blokada şəraitində və qərəzli mövqe nümayiş etdirən dövlətlərin əhatəsində yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin dünya ölkələri tərəfindən tanınması, müstəqilliyinin möhkəmləndirilməsi, sosial və iqtisadi inkişafının təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi təxirəsalınmaz strateji vəzifələr idi. Bu vəzifələrin qısa müddətdə həyata keçirilməsi üçün Azərbaycan Gürcüstan, Türkiyə, İtaliya və Amerika ilə iqtisadi-ticarət əlaqələri yaradır, nağd pul və barter üsulu ilə özünə lazım olan ərzaq məhsullarını. hərbi texnikanı, sənaye və aqrar bölmə üçün müasir avadanlıqları alıb ölkəyə gətirirdi. Fransa və İtaliya ilə aparılan danışıqlar nəticəsində neft məhsulları mübadiləsi yolu ilə ilk olaraq ölkəyə yüz parovoz, 2000 sistern, 500 vaqon, 1,5 milyon pud buğda və 1 milyon pud şəkər idxal edildi.
İstehsal olunan neftin ixracından əldə edilən vəsait hesabına büdcədən müdafiə xərcləri üçün 3,9 milyon manat vəsait ayrılmışdı. Bu vəsait hesabına ordunun tərkibində 2 artilleriya briqadası, 1 artilleriya diviziyası, 3 bronlu qatar, 5 təyyarə, 6 ağır bronlu avtomobil batalyonu yaradılmışdı, Xəzər Hərbi Donanmasının sərəncamına "Qars-Ərdəhan" gəmiləri, "Astrabad", "Araz" və "Nargin" adlı hərbi qayıqlar verilmişdi. Göründüyü kimi, neftdən gələn gəlirlər hesabına Xalq Cümhuriyyəti qısa müddət ərzində general-polkovnik Səmədbəy Mehmandarovun başçılığı altında orta güclü milli ordu yaratmışdı.
1920-ci ilin yazında Azərbaycanda hasil edilmiş neft ehtiyatları 300 milyon puda çatdırıldı. Beləliklə, neft ehtiyatları son dərəcədə azalan qonşu dövlətlə AXC arasında ziddiyyətlər son həddə çatdı və bu ziddiyyət Cümhuriyyətin süquta yetirilməsinin əsas səbəblərindən birinə çevrildi. Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələr onu süquta yetirmək üçün Bakı neftini əla keçirməyi ən vacib vəzifə hesab edirdilər. Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdəki neft sənayesinin vəziyyəti nəzərdən keçirilərkən Azərbaycanın 1990-1993-cü illərdəki təhlükəli durumu ilə böyük oxşarlıq aydın görünür.
Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşasa da, xalqımızın tarixinin ən parlaq və şərəfli səhifələrindən birinə çevrildi. Bu gün dünya xəritəsində AXC-nin varisi olan güclü bir Azərbaycan dövləti var və onun müstəqilliyinə heç bir qüvvə zərər gətirə bilməz.
P.Sultanova
Yazı “İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir