Britaniya rəsmisi: Cənub Qaz Dəhlizi Azərbaycanın böyük uğurudur
“Birləşmiş Krallıq və Şimalı İrlandiyanın xüsusilə neft-qaz sahəsində Azərbaycanda birbaşa investor olması ilə fəxr edirəm. Azərbaycanda bu sahədə daha çox iş görmək üçün imkanlar var”.
1news.az xəbər verir ki, bunu Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson 25-ci Xəzər Neft-Qaz Sərgisi və konfransı çərçivəsində keçirilən qəbulda çıxışı zamanı deyib.
O bildirib ki, hazırda 500-dən artıq Britaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir: “Neft və qaz yaxın gələcəkdə də Azərbaycan və dünya iqtisadiyyatı üçün əhəmiyyət kəsb etməkdə davam edəcək. Britaniya Azərbaycan hökumətinin istəyinə uyğun olaraq qeyri neft sektoru sahəsinə nəzər salmaq istəyindədir
Britaniya Azərbaycan hökumətinin öz iqtisadiyyatını diversifikasiya etmək istəyinə uyğun olaraq birgə əməkdaşlığı daha da inkişaf etdirə biləcəyimiz digər sahələrə də diqqət etməyi vacib sayır. Buraya təhsil, turizm, aqrosektor, pərakəndə satış və digərlərini aid etmək olar”.
Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsi geosiyasi kontekstdə Azərbaycanın böyük uğurudur:
“Bu gün Azərbaycanın möhtəşəm uğurunu qeyd edirik. Gördük ki, bir düymənin işə salınması ilə ilk qazın Cənub Qaz Dəhlizinə verilməsi mümkün oldu. Bu, 11 ölkənin və SOCAR-ın, eləcə də digər şirkətlərin uğurudur. Bu layihə çərçivəsində çox yaxşı siyasi və texniki bacarıqlar toplanıb və gələcək layihələrdə istifadə edilə bilər”.
P.Sultanova