Günter Ottinger: “Azərbaycan və Avropa İttifaqı 2030-cu il üçün yeni enerji proqramını hazırlamalıdırlar"
Mayın 31-də Bakıda Energetika Nazirliyinin təşkilatçılığı ilə Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyəti və Almaniya iş adamlarının iştirakı ilə birgə "dəyirmi masa" keçirilib.
Energetika naziri Pərviz Şahbazov Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində mövcud strateji əməkdaşlığı barədə məlumat verib.
Nazir bildirib ki, G.Ottingerin yüksək səviyyəli görüşlərlə zəngin səfər proqramı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə, bu məqsədlə yeni istiqamətlərin müəyyənləşdirilməsinə imkan yaradır.
Nazir Cənub Qaz Dəhlizinin açılışını Avropa İttifaqını enerji təhlükəsizliyi kimi strateji məqsədinə yaxınlaşdıran tarixi hadisə kimi qiymətləndirib.
Bildirib ki, Azərbaycan Avropanın enerji təchizatında şaxələnməni indiyə kimi öz nefti ilə təmin edib. Cənub Qaz Dəhlizi isə enerji diversifikasiyasını qaz resursu vasitəsilə mənbə və marşrutlar qismində tam şəkildə həyata keçirəcək. Cənub Qaz Dəhlizinin reallığa çevrilməsi, şübhəsiz ki, Avropa İttifaqı, Avropa Komissiyası ilə yüksək əməkdaşlığın, bu layihəyə verilən güclü dəstəyin töhfəsidir.
Nazir "dəyirmi masa"nın əhəmiyyətini artıran digər bir məqam kimi Almaniya iş adamlarının bu tədbirdə iştirakını qeyd edib, bildirib ki, Azərbaycanda 200-dən çox alman şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərir. Almaniya ilə enerji sahəsində "Uniper", "Siemens" və digər şirkətlərin timsalında uğurlu əməkdaşlıq əlaqələri qurulub. Hazırda həm bərpaolunan enerji mənbələri, həm də digər sahələrdə, xüsusilə qeyri-neft sektorunda iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensial var. Qida, nəqliyyat, turizm və sair sahələrdə çalışan Almaniya iş adamları ilə yanaşı, onların buradakı tərəfdaşlarının da bu tədbirdə iştirakı mövcud imkanların reallığa çevrilməsinə, ölkələrimizin əməkdaşlıq potensialının araşdırılması və konkret layihələrin müəyyənləşdirilməsinə böyük töhfə verəcək.
Cənub Qaz Dəhlizinin açılışını tarixi hadisə adlandıran Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger deyib: "2011-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması bir xülya olaraq görünürdü. Lakin bu gün biz Cənub Qaz Dəhlizinin reallığa çevrildiyini görürük".
“SOCAR-ın Avropanın Rumıniya, İsveçrə kimi ölkələrində yanacaqdoldurma məntəqələrinin açılması uğurlu addımdır. Həmçinin Yunanıstan, Albaniya və İtaliya 2020-ci ildə ilk olaraq Azərbaycan qazını ala biləcəklər”, - deyə avrokomissar qeyd edib.
G.Ottinger qeyd edib ki, Azərbaycan Avropa qaz bazarına çıxışı ilə qitənin enerji bazarına inteqrasiya olunacaq: "Azərbaycan neft-qazla yanaşı, alternativ enerji mənbələrinə böyük investisiya qoyur. Bu yaxşı göstəricidir. Azərbaycan günəş, külək və hidroenerji mənbələri üçün əlverişli ölkədir. Ancaq bütün hallarda ölkəniz tərəfindən enerji səmərəliyini Kioto protokolu və Paris sazişinin qaydalarına uyğun yerinə yetirilməsi çox vacibdir. Azərbaycan və Avropa İttifaqı artıq 2030-cu il üçün yeni enerji proqramını hazırlamalıdırlar".
AZƏRTAC