Azərbaycanda 27 obyektdə aksizsiz məhsulların satışı ilə bağlı cinayət işi başlanıb
Vergilər Nazirliyi ölkə ərazisində alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışının həyata keçirilməsinin qarşısının alınması məqsədilə aparılan nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən 1news.az-a verilən məlumata görə, son həftə ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 27 təsərrüfat subyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı 4605 qutu aksiz markasız tütün məmulatları və 163 ədəd aksiz markası olmayan alkoqollu içkilər aşkar olunaraq götürülüb.
Müəyyən edilmiş faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi başlanıb.
Bununla yanaşı, aparılan maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, bir sıra vergi ödəyiciləri tərəfindən satış üçün əldə edilmiş aksizsiz tütün məmulatlarının könüllü təhvil verilməsinə başlanıb. Belə ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində fəaliyyət göstərən vergi ödəyiciləri 12086 qutu aksizsiz tütün məmulatını könüllü olaraq dövlət vergi orqanı əməkdaşlarına təhvil veriblər.
“Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək”, - deyə məlumatda vurğulanıb.
1news.az