Ticarət nümayəndəsi: Azərbaycan "Kəmər və Yol"u dəstəkləyən ilk ölkələrdən olub
Hazırda Azərbaycanda Çinin 113 şirkəti fəaliyyət göstərir. Bunlar əsasən telekommunikasiya, neft, kənd təsərrüfatı və digər xidmətlər sahəsində çalışırlar.
1news.az xəbər verir ki, bunu Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu “Globaltimes.cn”ə müsahibəsində deyib.
O bildirib ki, son zamanlar yenilənən və alternativ enerji sektorunda əməkdaşlıq üçün imkanlar var və əmindir ki, bu, Çin şirkətlərinə çox cəlbedicidir.
2017-ci ildə Çin ilə Azərbaycan arasındakı ikitərəfli ticarətin 1,29 milyard dollar təşkil etdiyini vurğulayan ticarət nümayəndəsi deyib ki, bu əvvəlki ilə müqayisədə 43 faiz artımdır və ikitərəfli ticarətdə güclü dinamikanı göstərir:
“Biz hazırda Çindən ixrac etdiyimizdən daha çox mal alırıq. Ticarət dövriyyəsinin artımı üçün daha böyük potensial olduğunu görürük və Çinə ixracı artırmağı gözləyirik. Azərbaycan Çin şirkətləri üçün təkcə tranzit nöqtəsi deyil, həmçinin, maddi-texniki, istehsal və ticarət mərkəzi olmaq istəyir. Bu, bizim əsas məqsədimizdir".
Çinin “Kəmər və Yol” təşəbbüsünə də toxunan T.Nadiroğlu vurğulayıb ki, bu təşəbbüs qədim İpək Yolu ilə yanaşı, bütün ölkələr üçün çoxlu imkanlar yaradır. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdəndir:
"İnanıram ki, bu böyük təşəbbüs bir çox ölkələrin öz iqtisadiyyatlarının inkişafı üçün baxışlarını dəyişib. Bu, həmçinin, çinli investorlar üçün də yeni bazarlar açmağa kömək edir. Bu təşəbbüs Çinin yalnız bir iqtisadi gücünü deyil, öz təcrübəsini bölüşmək, sərmayə qoymaq və idxal üçün qapılarını daha da açmaq istəyən bir ölkə olduğunu göstərir. Həmçinin, Çin bazarına məhsulları təqdim etmək üçün yaxşı bir platforma təmin edir".
Ticarət nümayəndəsi əlavə edib ki, Birinci Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycandan 30-dan çox şirkət öz məhsullarını nümayiş etdirməyi planlaşdırır.
P.Sultanova