Dövlət Agentliyi ət satışı ilə məşğul olan sahibkarlara müraciət edib
Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verir.
Agentlikdən 1news.az-a verilən məlumata görə, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir.
“Ona görə də, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün ət kəsimi məntəqələrinin əhalinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik normalara uyğun formada fəaliyyətini həyata keçirməsi zərurəti meydana çıxır. Hazırkı şəraitdə bu sahədə intizamın yaradılması üçün sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var. Hesab edirik ki, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunmasında nəticə əldə etmək üçün bu istiqamətində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sahənin inkişafına öz töhfələrini verməsinin əsl vaxtıdır. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün lazım olan bütün köməkliklər həyata keçiriləcək.
Ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçiriləcək və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq”, - deyə agentliyin yaydığı məlumatda bildirilir.
Agentlik yeni ət kəsim məntəqələrinin yaradılması və həmin kəsim məntəqələrinin xidmətlərindən istifadə olunması sahəsində hər kəsi müasir, günün tələblərinə cavab verən sahibkarlıq fəaliyyətinə dəvət edir, bu istiqamətdə tövsiyə xarakterli yardımların göstərilməsinə hazır olduğunu bildirir.
1news.az