AZAL Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reyslər həyata keçirməyə başlayıb
“Azərbaycan Hava Yolları” QSC Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reyslər həyata keçirməyə başlayıb.
İlk təyyarə iyunun 8-də Moskvanın “Vnukovo” Beynəlxalq Aeroportundan yola düşüb.
1news.az-ın verdiyi xəbərə görə, Moskva-Lənkəran-Moskva marşrutunun açılması münasibətlə “Vnukovo” aeroportunda təntənəli tədbir keçirilib. Reysin təntənəli açılış mərasimində “Vnukovo” Beynəlxalq Aeroportunun satış üzrə direktoru Maksim Şişko, AZAL aviaşirkətinin Rusiya Federasiyasındakı baş nümayəndəsi Rahib İsayev çıxış ediblər.
Moskva-Lənkəran reysi ilə uçan təyyarənin ilk qeydiyyatdan keçən sərnişini Şölə İsmayılovaya AZAL şirkəti və “Vnukovo” hava limanı tərəfindən xüsusi hədiyyələr təqdim edilib.
Yeni reysin açılması ilə əlaqədar “Vnukovo” aeroportunda keçirilən mətbuat konfransında hava limanının baş direktoru Vasili Aleksandrov bildirib ki, aeroport AZAL aviaşirkəti ilə əməkdaşlığa xüsusi önəm verir. Onun sözlərinə görə, "Vnukovo”dan Azərbaycan istiqamətində reyslər ilbəil artır. Belə ki, Rusiyada böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda turizm sahəsinin inkişafı da sərnişin axınının artmasına səbəb olur.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Samir Şərifov Azərbaycan ilə Rusiya arasında münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını bildirib, əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, Azərbaycanda turizmin inkişafından danışaraq qədim ənənələr diyarı olan Lənkərana reysin açılmasını əlamətdar hadisə adlandırıb və rusiyalıları bu bölgəyə səfərə dəvət edib.
AZAL aviaşirkətinin icraçı direktorunun müavini Cəmil Mənizadə qeyd edib ki, bu gün ilk reysi həyata keçirən Moskva-Lənkəran marşrutu ilə uçan təyyarəyə bütün biletlər satılıb. Bu, yeni açılan marşruta tələbatın olduğunu göstərir. “Bu gün Azərbaycanda altı beynəlxalq aeroport fəaliyyət göstərir. Ümid edirik ki, gələn il “Vnukovo”dan Azərbaycanın bütün aeroportlarına uçuşlar həyata keçiriləcək. Əminəm ki, “Vnukovo” aeroportu ilə əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək", - deyə o bildirib.
“Vnukovo” Beynəlxalq Aeroportunun satış üzrə direktoru Maksim Şişkonun sözlərinə görə, “Vnukovo” hava limanı AZAL şirkəti ilə üç ildir ki əməkdaşlıq edir. İlk olaraq Moskva-Bakı reys açılıb. Sonrakı illər reyslərin sayı artırılıb, Gəncə və Qəbələyə uçuşlar həyata keçirilməyə başlayıb. O deyib: “AZAL aviaşirkəti “Vnukovo” aeroportuna gündə 5 reys yerinə yetirir. Gələcəkdə reyslərin sayı artırılacaq. AZAL aviaşirkəti çox münasib qiymətlər təklif edir. Biz də öz tərəfimizdən sərnişinlərə yüksək səviyyədə xidmət göstərməyə çalışacağıq”.
Qeyd edək ki, Moskva-Lənkəran-Moskva reysləri “Airbus A320” təyyarələri ilə hər həftənin cümə günləri yerinə yetiriləcək. “Vnukovo” Beynəlxalq Aeroportundan uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da həyata keçiriləcək. Lənkərandan isə yerli vaxtla saat 15:40-da qalxacaq təyyarə Moskvaya yerli vaxtla saat 17:50-də eniş edəcək. Aviabiletləri AZAL-ın saytında bronlaşdırmaq və şirkətin kassalarında, eləcə də rəsmi agentliklərində əldə etmək mümkündür. Yay cədvəli çərçivəsində Moskvaya Azərbaycanın digər bölgələrindən də - Gəncə (aprelin 13-dən) və Qəbələ (iyunun 4-dən) AZAL-ın reysləri yerinə yetirilir. Bu istiqamətlər üzrə reyslər Rusiyanın turizm şirkətləri ilə birgə tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilir. Bundan başqa, ilk milli loukoster “Buta Airways” Gəncədən Moskvaya birbaşa reyslər həyata keçirir.
S.Xankişiyeva