Azərbaycandakı NEZ-lərdə keçən il gündəlik 113 min barrel neft emal edilib
Ötən il Azərbaycandakı neft emalı zavodlarında (NEZ) sutkalıq 113 min barrel neft emal olunub.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.
Xəzəryanı ölkələrdən Rusiyadakı NEZ-lərdə keçən il gündəlik 5 milyon 588 min barrel, İranda 1 milyon 747 min barrel, Qazaxıstandakı zavodlarda isə 333 min barrel neft emal edilib.
NEZ-lərin gündəlik neft emal göstəricisinə görə dünyada ilk sırada 16 milyon 893 min barrellə ABŞ, ikinci yerdə 12 milyon 219 min barrel ilə Çin, üçüncü sırada Rusiya (5,5 milyon barrel), dördüncü yerdə 4 milyon 982 min barrellə Hindistan, beşinci sırada isə 3 milyon 385 min barrel ilə Yaponiya qərarlaşıb. Dünyada neft emalı zavodlarının sutkalıq emalı ən az olan ölkə 20 min barrellə Qabondur.
Keçən il dünyadakı NEZ-lərdə gündəlik 83 milyon 664 min barrel neft emal edilib. Bu həcmin 11,2 faizi, yəni sutkalıq 9 milyon 392 min barreli OPEC-ə üzv ölkələrdəki neft emalı zavodlarının payına düşür. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr üzrə NEZ-lərdə gündəlik 39 milyon 153 min barrel, keçmiş Sovet İttifaqına üzv ölkələrdə isə 6 milyon 867 min barrel neft emal olunub.
S.Xankişiyeva