Əli Əhmədov: Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir
“Digər sahələrdə olduğu kimi təhsil sahəsində də islahatlar dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir”.
1news.az-ın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov Təhsil Nazirliyinin 2017-ci ilin hesabat tədbirində çıxışı zamanı deyib.
Ə.Əhmədov iqtisadiyyatla, təhsillə bağlı hədəflərin tamamilə aydın olduğunu bildirərək qeyd edib ki, Azərbaycanda elm, təhsil məhsuldar qüvvənin tərkib hissəsi çevrilməlidir. Təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatın daha yuxarı pilləyə qalxmasına, dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır.
Baş nazirin müavini ölkədə özəl məktəblər şəbəkəsini artırmağın vacibliyini də vurğulayaraq əlavə edib ki, məhz bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar.
Onun sözlərinə görə, Azərbaycanda təhsil iqtisadiyyatın inkişafına, dövlətin iqtisadi gücünün artmasına kömək etməlidir:
“Təhsil universal sahədir. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək lazım deyil. Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir. Dövlətin təhsilə olan diqqət və qayğısının artmasına ehtiyac var. Dövlətin qarşısına qoyduğu əsas məsələ də təhsilin inkişaf etdirilməsidir”.
Baş nazirin müavini Azərbaycanda universitetlərə sərbəstliyin verilməsi sahəsində cəsarətli addımların atılmalı olduğunu da qeyd edib.
Babək Cahandarov