Elçin Mirzəbəyli: “İstək” liseyinin fəaliyyətini dayandırması sıradan bir hadisədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Elçin Mirzəbəyli: “İstək” liseyinin fəaliyyətini dayandırması sıradan bir hadisədir

16:51 - 09 / 07 / 2018
Elçin Mirzəbəyli: “İstək” liseyinin fəaliyyətini dayandırması sıradan bir hadisədir

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.

1news.az-ın məlumatına görə, müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə kömək göstərilməsi məsələləri əksini tapıb.

Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi tərəfindən “İstək” liseyinin şagirdlərinin və pedaqoji heyətin ölkəmizin təhsil müəssisələrində yerləşdirilməsi məqsədi ilə İşçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb.

Təhsil Nazirliyi “İstək” liseyində təhsil alan şagirdlərin və onların valideynlərinin diqqətinə çatdırıb ki, şagirdlərin seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin istəyindən asılı olaraq digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. 

Sözügedən məsələ cəmiyyətdə də əsas müzakirə mövzularından birində çevrildi. Bir çoxları bunu normal qarşılasa da, məsələyə fərqli don geyindirmək istəyənlər də oldu.

Yəqin razılaşarsınız ki, “İstək” liseyinin fəaliyyətini dayandırması onun təsisçisinin qərarı və müstəsna səlahiyyətidir.

İllər əvvəl ümumi təhsil sistemində yüksək keyfiyyəti, yeni tədris metodologiyalarının və innovasiyaların tətbiqi sahəsində öncül yerlərdən birini tutan bu məktəblərdə son dövrlərdə təhsilin səviyyəsi nisbətən zəifləyib.

Nəzərinizə çatdıraq ki, 2017/2018-ci tədris ilində Bakıda 4, bölgələrdə isə 8 “İstək” liseyi fəaliyyət göstərirdi. Lakin bu məktəblər artıq ölkəmizin ən qabaqcıl məktəbləri sırasında yer almırlar.

Əgər 3-4 il öncə beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar gətirən məktəblər sırasında “İstək” liseyi ön sıralarda yer alırdısa, bu gün bu tendensiya rəqabətli təhsil bazarında fəaliyyət göstərən digər məktəblərin xeyrinə dəyişib.

Son illərdə bu məktəblərə müraciət edənlərin sayında da azalma müşahidə edilməkdədir. Bu da artıq yuxarıda qeyd etdiyimiz kimi liseydə tədrisin keyfiyyətinin aşağı düşməsi ilə bağlıdır. Digər tərəfdən “İstək” liseyinin “Çağ Öyrətim” şəbəkəsi ilə bağlarının ictimai yaddaşda özünə möhkəm yer tutduğuna görə onlara ictimai inamsızlıq var.

Eyni zamanda yüksək hazırlıqlı peşəkar müəllimlərin bu məktəbləri tərk etməsi də öz sözünü deyir.

Qeyri-rəsmi mənbələrə görə, son illər “İstək” liseyi ciddi maliyyə sıxıntısı yaşamaqdadır. Bunun də səbəblərindən biri “Çağ Öyrətim” şəbəkəsinin fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş maliyyə mənbələrinin olmaması və daha az məktəbli və valideynin bu məktəblərə üz tutmasındadır. Buna görə də “İstək” liseyi artıq bazarda rəqabətə davam gətirə bilmir.

Qeyd edək ki, liseyin fəalyyətini dayandırması ilə bağlı Təhsil Nazirliyi tərəfindən  İşçi qrup yaradılıb və Bakı şəhərində yerləşən bəzi ümumi təhsil müəssisələrinin direktorları da həmin İşçi qrupa daxil edilib.

Təhsil Nazirliyi bəyan edib ki, “İstək” liseyinin şagirdlərinin onların valideynlərinin seçiminə uyğun olaraq istənilən dövlət məktəblərində yerləşdirməyə hazırdır.

“İstək” liseyində çalışan müəllimlər isə kifayət qədər hazırlıqlı olduqlarından öz fəaliyyətlərini dövlət və ya özəl ümumi təhsil müəssisələrində davam etdirə bilərlər.

Təhsil Nazirliyi tərəfindən iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulan müəllimlərin işə qəbulu imtahanı sözügedən müəllimlər üçün dövlət məktəblərində çalışmaq baxımdan əlverişli imkan ola bilər.

“İstək” liseyinin fəaliyyətini dayandırması ilə bağlı yaranmış məsələlərin həllinə Təhsil Nazirliyinin operativ reaksiyası Azərbaycanda dövlət tərəfindən təhsilə, şagird və müəllimlərin maraqları və mənafeyinə diqqətin və qayğının prioritet sahələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirmiş oldu.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış ictimai-siyasi xadim Elçin Mirzəbəyli məsələ ilə bağlı 1news.az-a açıqlamasında “İstək” liseyinin fəaliyyətini dayandırmasının sıradan bir hadisə olduğunu bildirib:

“Sözügedən lidey özəl müəssisə olub və özəl müəssisənin də rəhbərliyi fəaliyyətini davam etdirmək istəmir və yaxud biznesini fərqli istiqamətdə qurmaq istəyir. Buna görə də Təhsil Nazirliyinə müraciət edərək liseyin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsini istəyib. Bunu normal qəbul etmək lazımdır. Çünki Azərbaycanda az qala hər gün yeni müəssisələr yaradılır və yaxud iş adamları öz bizneslərini başqa istiqamətə yönəltmək, daha gəlirli sahə ilə məşğul olmaq istəyirlər. Bu baxımdan da onlar əvvəlki müəssisənin ləğvi ilə bağlı müvafiq icra strukturlarına müraciət edə bilərlər”.

Bəzi insanların bu məsələ ətrafında müzakirə açmasını anlamadığını deyən E.Mirzəbəyli son illər ölkəmizdə yüksək təhsil verən yeni liseylərin yaranmasına diqqət çəkib:

“Adi bir hadisə baş verib və iş adamı artıq bu sahədə fəaliyyət göstərmək istəmir. Bunun müxtəlif səbəbləri ola bilər. Səbəblər ictimai münasibətin dəyişməsində qaynaqlana bilər və yaxud yetəri qədər şagird cəlb olunmaya bilər. Son dövrlərdə Azərbaycanda yeni liseylər yaradılıb. Xüsusən dövlət liseylərində təhsilin keyfiyyəti kifayət qədər yüksəlib. Eyni zamanda yeni yaranan özəl liseylər fəaliyyətlərini daha da genişləndirərək daha aktiv şəkildə fəaliyyət göstərirlər və buna görə də daha yüksək nəticələr əldə edirlər. Bu insanlar da o nəticələri qiymətləndirərək ona uyğun şəkildə hərəkət edirlər”.

1news.az

Paylaş:
931

Son xəbərlər

Bütün xəbərlər