Parlaq zəkalı gənclər Cənubi Qafqazın gələcəyi üçün səfərbər ediliblər

İyul ayının əvvəllərində Azərbaycan və Gürcüstandan olan 50-yə yaxın gənc Cənubi Qafqaz regionunda miqrasiya siyasətinin gələcəyini formalaşdırmağa kömək etmək məqsədilə bilik və bacarıqlara yiyələnmək üçün beynəlxalq miqrasiya üzrə aparıcı mütəxəssislərin iştirak etdiyi intensiv təlim kursuna qatılıblar.
1news.az-ın verdiyi xəbərə görə, miqrasiyaya dair ikihəftəlik Beynəlxalq Yay Məktəbi Aİ tərəfindən maliyyələşdirilən və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın Həyata Keçirilməsinə Dəstək” (MOBILAZE) və “Gürcüstanda Miqrasiyanın Davamlı İdarə Edilməsi” (ENIGMMA 2) layihələri çərçivəsində baş tutub.
Yay məktəbində iştirak edən gənclər miqrasiya ilə bağlı müzakirələrində əsas prinsiplər üzrə təlim keçmiş Avropanın aparıcı universitetlərinin professorları, o cümlədən MSİBM-in nümayəndələri ilə görüşmək imkanı əldə ediblər. Müzakirələr media, insan haqları, hüquq, iqtisadiyyat, vətəndaşlıq məsələləri və beynəlxalq inkişaf məsələlərini əhatə edib.
Yay məktəbinin iştirakçıları əsasən 20-26 yaş arası tələbələr, jurnalistlər, QHT, dövlət orqanları və beynəlxalq təşkilatların əməkdaşları olub. Onlar miqrasiya, qaçqınlar və sığınacaq axtaranlar arasındakı ciddi fərqləri, o cümlədən miqrasiyanın iqtisadiyyata göstərdiyi təsirləri öyrəniblər.
S.Xankişiyeva