Əkin sahələrini yandıranlar cərimə ediləcəklər – XƏBƏRDARLIQ
Son zamanlar fermerlər tərəfindən taxıl biçinindən sonra əkin sahələrinin yandırılması halları intensiv xarakter alıb. Səbəb fermerlərin şüurunda formalaşan yanlış təsəvvürdür.
1news.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov deyib:
“Belə addım atanlar hesab edir ki, biçindən sonra kövşənliyin yandırılması torpaq üçün faydalıdır. Yanmış kül doğrudan da torpaq üçün faydalıdır, amma torpağı yandıranda deyil, torpağa səpiləndə. Biçindən sonra əkin sahələrini yandıranlar anlamalıdır ki, yanğın zamanı təkcə küləş yanaraq kül olmur, yanğın bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Fermer kövşənliyi yandırarsa, növbəti il həmin sahədən əvvəlki qədər məhsul götürə bilməyəcək. Çünki yanmış torpaqlar münbitliyini itirir, məhsuldarlıq avtomatik olaraq aşağı düşür”.
Əkinəyararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi məqsədilə hələ ötən il torpaq qanunvericiliyinə dəyişiklik edildiyini xatırladan A.Hüseynov, bu cür yanğınların törədilməsinin qadağan olunduğunu bildirib. Qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavəyə əsasən əkin yerlərini yandıran fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 5000-6000 manat cərimə ediləcəklər:
“Bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə işlərini davam etdirir. Rayon (şəhər) Kənd Təsərrüfatı İdarələrinə Dövlət Fitosanitar Xidməti, Aqrolizing, Dövlət Texniki Nəzarət Xidmətinin yerli qurumları ilə birlikdə məhsul yığımından sonra əkin sahələrinin yandırılmasının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün mütəmadi maarifləndirici tədbirlər keçirmək tapşırılıb.
Keçirilmiş maaairfləndirmə tədbirləri barədə məlumatlar fasiləsiz olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinə ötürülür və təhlil olunur. Media nümayəndələrini biçindən sonra əkin sahələrinin yandırılmasına yol verməmək kimi son dərəcə mühüm əhəmiyyət kəsb edən məsələni mövzu olaraq diqqətdə saxlamağı xahiş edirik”.
Babək Cahandarov