“Fitch Ratings”: Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq
Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək.
1news.az-ın məlumatına görə, bu proqnoz “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi tərəfindən təqdim edilib. “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu “BB+” səviyyəsində təsdiq edib.
Agentlik proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Agentliyin rəyinə görə bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq.
Agentlik analitiklərinin məlumatına görə, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi, Agentlik manatın sabit məzənnəsini qeyd edib.
Həmçinin bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı qeyd edilir. Depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə düşüb.
Daha sonra hesabatda qeyd edilir: “Neftin yüksək qiymətləri, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması və “Şah Dəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracatının artmasına təkan verəcək. Daxili balansın profisitinin artımı Dövlət Neft Fondunun aktivlərinin və beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək”.
Fitch-in proqnozlarına görə, 2018-ci ildə “Brent Crude” neftinin 1 barelinin qiyməti 70 dollar, 2019-cu ildə 65 dollar, 2020-ci ildə isə 57,5 dollar olacaq.
Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə…
Bu arada Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir.
Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.
“S&P”dən Azərbaycan iqtisadiyyatında 2021-ci ilə qədər 3 faiz artım proqnozu...
Ölkəmizlə bağlı daha bir müsbət proqnoz “Standard & Poor’s” reytinq agentliyinfən gəlib. Agentliyin hesabatına görə, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq.
“Standard & Poor’s” reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda “VV+/V” səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib.
Agentlik həmçinin hesabatında qeyd edib ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan “Şah Dəniz” qaz kondensat yatağının hazırlamasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da öncədən planlaşdırılmış qrafikə uyğun olub.
1news.az